Kubra Meherremova

Əmioğluna ərə getməkdənsə, ingilisə ərə gedərəm – Kubra Məhərrəmova yazır

Baxış sayı: 1. 839

XXI əsr olsa da, statistikaya görə ölkəmizdə qohum nikahları artmaqdadır. Əsas arqument isə odur ki, küçədən keçənə qız verəsi deyilik. Ya da küçədən keçəni oğlumuza ala bilmərik. Yenə də övlad “əşyaya” çevrilir. Alıb-vermək. Sanki alver gedir, lap orta əsrlərdəki kimi. Əsas maraq isə var-dövlətin kənara çıxmaması, “xalxın oğlu”nun, ya da qızının “mənim” var-dövlətimə sahib olmamasıdır.

Qurulacaq ailənin xoşbəxt və ya bədbəxt olacağı ən son yerdə durur. Ən böyük bədbəxtlik isə yaxın qohumlar arasında qurulan ailələrdə doğulan uşaqların əksəriyyətinin xəstə olmasıdır. Düzdür, buna çoxu əhəmiyyət vermir. Və zənn edirlər ki, təbiəti aldatmaq mümkündür, bu problem onlardan yan keçəcək.

Statistika deyir ki, qeydə alınan nikahların 56 faizindən çoxu qohumlar arasında olur. Bu ailələrdə doğulan uşaqların 50 faizdən çoxu qüsurlu dünyaya gəlir. Amma biz statistika-filan nəzərə almırıq. Dədə-baba qaydası ilə qızı verdik dayıoğluna, Allah xeyir versin.

Dayıoğluna gedən qızların işi elə asan olmur. Dayısı olur qayınata, dostusu olur qayınana, “qardaş” dediyi də ər. Və ya əmi variantı. Eyni söhbət. Çox zaman belə ailələrdə problemlər yaşansa da, gəlinin söz deməyə haqqı olmur. Həm ata-anası, həm də yeni ailəsi tərəfindən təzyiqlərə məruz qalır. “Səsini çıxarma, doğmaca dayıngili yola ver” tövsiyəsi.

Övlad dünyaya gətirdisə, vəziyyət lap çətinləşir. Uşağına görə döz, otur. Ailə institutu isə çevrilir zindana, həbsxanaya. “Öləndə meyitin çıxacaq o evdən” misalı olur ömürlük verilən qərar. Kimisi dözür, kimisi qaçır, kimisi ölür. Onsuz da hamı öləcək, vecinizə almayın.

Bu vurhavurda cəmiyyətdə ikinci tərəf də var ki, həyatlarını əcnəbi vətəndaşlarla bağlayırlar. Qızlarımızın daha çox beynəlxalq nikahlara üstünlük verdikləri nəzərə çarpır. Səbəblər müxtəlif olur. Əcnəbilər daha rahatdırlar, sıxmırlar, boğmurlar.

Geyim onlar üçün problem deyil. Amma əmioğlunun xasiyyəti ağırdır. Uzun yubka geyinməlisən: toya da, vaya da. Əcnəbiləri nəsil-kök, cer-cehiz narahat etmir. “İndiyə kimi neçə adamla telefonla danışmısan” kimi məlumatlar da onun üçün vacib deyil. Amma əcnəbi məcburdur ki, qızın qohumlarına xatir bizim bütün toy ənənəsini yaşasın. Özü bunu tam anlamasa belə.

Bu məsələdə üçüncü tərəf də var ki, sadaladığım hər iki dəstədən kənardır. Onlar üçün ailə qurmaq əməlli biznes-plandır. Tutaq ki, qızını daha yaxşı, daha imkanlı ailəyə ərə vermək Şərq təbiətində hər zaman qəbulolunan olub. Ər qazanıb gətirər, ailəsini saxlayar, daşdan pul çıxarar və s. İndi isə “camaatın gəlini 1500 manat maaş alır, ailəsinə də baxır, qayınatasına da” kimi fikir formalaşıb.

Oğlanların bəziləri (bu isə artan tendensiya ilə gedir) “qızın evi olsun, maşını olsun, atası da bir “obyekt” versin, işlədim” fikri ilə özünə evlənməyə qız axtarır. Hə, bir də, vidi-fasonu yaxşı olsun. Və burada sual yaranır ki, a qardaş, bu cür qız səni neyləyir? Səndən yaxşısına niyə ərə getməsin ki? Belə də ki, hələ atomu parçalayıb, elmə bir töhfən olmayıb axı. Desinlər ki, adam özünü elmə fəda edib, biz də bu zəkaya maddi dəstək olaq.

Bu yaxınlarda isə ən fenomenal evlilik planı haqqında eşitdim. Deməli, cütlük neçə illərdir görüşür, “eşq” yaşayırlar. Oğlandan soruşublar ki, bəxtin gətirib, qız yaxşı qızdır, niyə evlənmirsən? Oğlan da deyə ki, 20.000 manat versin, evlənim. Belə nəyimə lazımdır ki? Heç nə, qadası, sadəcə, maraqlıdır ki, 20.000 manatı nağd alacaqsan, ya köçürmə ilə? Açığı, o pulu sənə verən olsa, deməli, elə eyni ağıldasınız.

Məncə, bütün bu problemlərin səbəbi cəmiyyətimizin evlilik məsələsinə həddən çox əhəmiyyət verməsidir. Yəni mütləq hamı evlənməli, ərə getməlidir. Olmasa, olmaz yəni. Əgər kimsə ərə getməyibsə, deməli, problemi var. Ona görə də bəzən insanlar mənasız ictimai qınaqdan, dedi-qodudan can qurtarmaq üçün hər üsula əl atır. Sosial şəbəkədə “evli, mutlu, çocuklu” statusu yazmaq üçün.

Nə deyim, həyat evlilikdən ibarət deyil. Və bütün həyatı toy mərasimi üçün qurban vermək lazım deyil. Xoşbəxt olmaq üçün xeyli səbəblər var. Təbii ki, əgər başınız toydan çıxsa.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir