EFFEKT

EFFEKTİN qızları…

Baxış sayı: 379

Dövrümüzə müasir texnologiyanın verdiyi “töhfələrdən” biri də tanınmaz vəziyyətə salınan fotolardır. Yəni telefon və kompüterdəki proqramlar vasitəsilə istənilən fotonu effekt vasitəsilə dəyişmək mümkündür. Bu proqramlar gözü böyüdür, burnu kiçildir, üzdəki sızanaqları yox edir, saçın, gözün, dərinin rəngini dəyişir, dodaqları dolğunlaşdırır, üzü hamarlaşdırır. Bir sözlə, bu fotoların həyatdakı mən, sən, o ilə əlaqəsi belə qalmır. Hazırda hər kəsin, xüsusilə də gənc qızların ən çox istifadə etdiyi bu proqramlarla fotolara o qədər effekt verilir ki, real həyatla heç bir əlaqəsi qalmır. Və bu da əsla doğru olmayan bir məsələdir və artıq bu sarıdan problemlər də yaşanır.

Dövrümüzdə telefon vasitəsilə foto çəkdirməyin və bu fotolarda hər kəsin nədənsə gözəl, gənc görünməsinin dəb olduğunu nəzərə alaraq, gəlin, bu barədə danışaq.

 

Güzgüdəki, yoxsa həyatdakı mən?

Söz yox ki, hər bir qadın, xüsusilə də gənc qızlarımız hər gün güzgü qarşısında bəzənib-düzənmədən, makyaj etmədən bayıra çıxmırlar, bu da təbiidir, çünki qadın baxımlı olmalıdır. Kimi universitetə, kimi işə, kimi toy-düyünə, kimi gəzməyə yollanır. Nəzərə alsaq ki, dövrümüzün dəblərindən biri də şəkil çəkdirməkdir, gün ərzində evdən çıxan qadınların əksəriyyətinin heç olmasa, bir necə şəkil çəkdirməməsi mümkün deyil.

Müxtəlif pozlarla çəkdirilən bu şəkillər isə hökmən sosial şəbəkələrdən birində nümayiş edilməlidir. Çünki dövrümüzdə özünü nümayiş, reklam etdirmə, tələbə, iş yoldaşlarına, qohumlara göstərmək kimi də bir dəb var. Elə ki, fotolar çəkildi, həmin dəqiqə paylaşıla bilməz. Gərəkdir ki, bu fotolar müxtəlif proqramlar vasitəsilə arzu olunan formaya salınsın, daha sonra paylaşılsın.

Sağ olsunlar, yeni texnologiyanın imkanlarını hər gün bir qədər də artıranlar. Son vaxtlar elə proqramlar var ki, onu əvvəldən seçməklə effektli şəkil çəkdirmək olur. Lakin bəla oradadır ki, bəzi qızlar həmin fotoların da üzərində bir qədər işləməli olurlar: ya burun kiçildir, ya dodaq böyüdür, ya da sızanaqlarını bir qədər də gizlədir, daha sonra paylaşırlar.

Həmin şəkillərə baxdıqca lap yaxından tanıdığın birinin axı əslində o olmaması adama çox qəribə gəlir. Belə bir sual çıxır meydana ki, biz kimi aldadırıq? Axı əslində bu fotodakı sən deyilsən. Effektdən son həddə qədər istifadə edib özünü dəyişdirməklə deyil, sən, bu, deyilsən. Sən səhər güzgüdə gördüyün sənsən, sosial şəbəkələrdə paylaşdığın sən deyilsən.

 

Effektli fotoların sabahı var…

Onsuz da kimin harada hansı fotosunu paylaşmasından asılı olmayaraq bir çərçivəsi var və həmin çərçivədəki hər kəs onu yaxşı tanıyır. Qaldı, kənardakı tanımayan insanlar, onlar da nə vaxtsa qarşılaşa və əslində necə olduğunu görə bilirlər. Elə söhbətin bu yerində sosial şəbəkələrdən birində tanış olduğum qadın yadıma düşdü. Hər gün onu həmin sosial şəbəkədə görürdüm. Qadın o qədər gənc, gözəl görünürdü ki, adam baxdıqca baxmaq istəyirdi.

Günlərin birində bir tədbirdə həmin qadınla rastlaşmalı oldum. Salamlaşdıq, görüşdük, həyatda da tanış olduq. Lakin gördüm ki, o, heç də mənim indiyədək tanıdığım qadın deyil. Düzdür, çirkin qadın yoxdur, o da gözəldir. Lakin mənin hər gün gördüyüm gənc qadın deyildi. Nə üz dərisi gördüyüm kimi təravətli idi, nə gözlərinin altı parlaq və qırışsız. Gözlərinin altı həm qara ləkəli, həm də qırışlı idi. Üzü mən gördüyüm şəffaflıqda deyildi. O saat anladım ki, müasir dövrün fotolarla aldatdıqlarından biriyəm.

Sosioloq Lalə Mehralı qadınların, xüsusilə də gənc qızların fotolarını proqramla özlərinə bənzəməyən şəkildə dəyişmələrinin əlieyhinədir. O, ifrat dərəcədə olan halın əsla düzgün olmadığını bildirdi və bununla bağlı qarşılaşdığı bir hadisəni də bizə danışdı: xarici ölkələrdən birində yaşayan həmyerlimiz azərbaycanlı qızla evlənmək istəyir. Sosial şəbəkələrdən birində zövqünü oxşayan bir qızla tanış olur. Onlar bir-birilərini sevməyə başlayır. Lakin qız oğlanın görüntü ilə danışmaq təklifini də hər dəfə rədd edir. Əsas isə onu gətirir ki, mən bu cür danışmağı sevmirəm. Oğlan da onun fikrinə sayğı ilə yanaşır. Aradan xeyli vaxt ötür. Artıq oğlan bu tanışlığı rəsmiləşdirmək, yəni ailə qurmaq qərarına gəlir.

Anası ilə birlikdə Azərbaycana gəlib, qızın yaşadığı rayona gedirlər. Oğlan qızla vədələşir, görüşürlər. Və həyatdakı bu ilk görüşləri onların son görüşü olur. Çünki oğlan qarşısında tamamilə ayrı bir qızı görür. Öncə gözlərinə inanmır, lakin qızın səsi onun həmin qız olduğunu təsdiqləyir. Oğlan fotodakı sarışın qız əvəzinə, qaraşın qız görür qarşısında. Lakin əslində könlünün diktəsi əsasında sarışın qız seçmişdi və belə bir qızla evlənmək istəmişdi.

Lalə xanım vurğulayır ki, beləliklə, oğlan qəti şəkildə etirazını bildirir və aldandığı üçün özünü də məzəmmət edir.

Yüzlərlə belə hadisələr baş verir. Qızlar fotoları ilə oğlanları aldadırlar. Nəticə isə yuxarıdakı fikirdə olduğu kimi, heç də uğurlu olmur. Bəs belə isə, bu qızlar əslində kimi aldadırlar: özlərini, yoxsa qarşısındakı insanları?..

 

Bir vaxt var idi…

Elə bu söhbətin fonunda ötən-arxada qalan illər adamı səsləyir. O gözəl fotolar, illərlə öz təravətini itirməyən, hətta bu günə qalan fotolar bir kino lenti kimi keçir gözlər önündən. O fotolarda əbədiləşən insanlar, həm də tamamilə təbii halı ilə bu gün gördüyümüz fotolardakılardan tamamilə fərqlidir. O fotolarda insan həyatda necədirsə, elədir. O fotolar bizim xanım-xatın nənələrimizin, analarımızın, bibi-xalalarımızın fotolarıdır. Bugünkü saxta gözəllikdən çox kənarda olan fotolar… Həm də bugünkü fotolardan qat-qat keyfiyyətli olan fotolar…

Heç indi foto çəkdirən kimdir ki? Nə evlərdə bir ailə fotosu var, nə kiminsə tək fotosu. Əslində minlərlə foto çəkilir, lakin telefon vasitəsilə, elə telefonun da yaddaşında qalır. Bəzən telefonda yaranan bir problem səbəbindən hamısı silinib gedir. Sabaha heç biri də qalmır. Qalanlar isə effektlərlə o qədər dəyişdirilir ki, məxsus olduğu xanıma əsla bənzəmir.

İndi foto az-çox ancaq toy mərasimlərində fotoqraflar tərəfindən çəkilir. Bu fotoları çəkdirənlər isə əsla gənc nəslin nümayəndələri deyil, onların valideynləri, özlərindən yaşda böyük olanlardır. Həmin fotolar da o qədər keyfiyyətsiz olur ki, aradan 5-6 ay, uzağı bir il ötəndən sonra həmin fotolardan heç nə anlaşılmır. Çox keçməz ki, tək toy mərasimlərində qalan fotolar da tarixə qovuşar. Onsuz da hər kəsin əlində bir telefon var, telefonla da çəkir. Axı əksər müasir gəncimiz effektli fotolara üstünlük verir. Onların nəyinə lazımdır fotoqrafın çəkdiyi foto ki, orada hər kəs yalnız özüdür. Onlara özlərindən daha gözəl görünən, kilolarını ört-basdır edən, burunlarını incəldən, sızanaqlı üzlərini qüsursuz edən effektli fotolar lazımdır…

 

Bəs özümüzü nə vaxtadək aldadacağıq?..

Görünür, bu proses hələ uzun çəkəcək. İndi ki, gənc qızlar bu fotolara belə meyllidirlər, bir dəfə də olsun biz onların şəkillərini effektsiz görə bilmirik, yəni göstərmirlər belə, bu, nəticəsiz olaraq qalacaqdır. Lakin biz orta nəslin nümayəndələri dayanıb-durmadan bu cür fotoların tam mənasız olduğunu onlara aşılamalıyıq. Yeri gələndə aşılayırıq da. İnanıram ki, hər bir ana qızına bunu tövsiyə edər ki, ay bala, özünü bu qədər aldatma. Axı sərgilədiyin fotodakı sən deyilsən, bir güzgü qarşısına keç, bax, kimi görürsənsə, sən osan.

Maraqlıdır ki, cəmiyyətimizdə hər kəs belə fotoları paylaşdığından qarşı tərəfdə bir-birini məzəmmət edən də yoxdur. Sanki elə belə olmalı imiş kimi…

O da maraqlıdır ki, qızların nişanlısı, sevgilisi, qadınların həyat yoldaşı da bunları məzəmmət etmir? Heç bu qadınlara sual verən yoxdur ki, axı fotodakı sən həyatdakı sən deyilsən, nəyinə lazımdır sən olmayan fotolar? Onları kiminsə görməsi nəyə lazımdır? Axı həyatında olan əsas insanlar-ata-ana, bacı-qardaş, həyat yoldaşı, yaxınlı-uzaqlı qohumlar səni görüblər, necə olduğunu da yaxşı bilirlər. Bəs bu fotolara bu qədər effekt tətbiq etməyə ehtiyac varmı?

Həqiqətən də məntiqlə fikirləşəndə, bəzi insanların psixoloji bir sindromla üz-üzə qaldığından başqa fikir gəlmir ağıla. Bizim psixologiyamız nə üçün bu qədər dəyişib? Onun dəyişməsində kimdir səbəbkar, kimdir günahkar? Biz bir-birimizin gözünün içinə baxa-baxa nə üçün aldadırıq? Gənc qız günorta nişanlısı ilə görüşür, bir necə saat sonra fotolar paylaşır. Heç nişanlısından da utanmır ki, axı bu fotodakı bayaqkı mən deyiləm… Bunun kimi onlarla misal çəkmək olar. Hamısının da sonunda “bu, bir neçə saat öncəki sənsən”,- sualı var.

Ər arvadı, qardaş bacını, qohum qohumu fotolardan tanımadığı bir dövrdə yaşayırıq. Bu dövr bizdən ən gözəl mənəvi dəyərləri alır, bunun fərqinə varmalıyıq. Əlimizdən fotoları alır-biz olan fotoları, yaşayan, yaşadılan fotoları. Əlimizə yeni fotolar verir-biz olmayan, yaşamayan, sabaha qalmayan fotoları. Nə qədər ki, gec deyil, gəlin, seçək, bizim üçün hansı sərfəli ola bilər? Ona görə hərəkət edək. Nə özümüzü, nə də qarşımızdakıları aldadaq. Axı aldada-aldada haraya qədər getmək olar? Bir də bizim qızlarımız qoy olduqları kimi fotolardan görünsünlər. Axı onlar milli-mənəvi dəyərləri ilə digər xalqlara örnək olan bizim qızlarımızdır. Onlara nə üçün effektin qızları deyilməlidir ki?..

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir