Bəzən çox gözəl, zərif, baxımlı qadın görür, onun görünüşündən zövq alırıq. Amma biləndə ki, artıq bəlli yaşda olan bu qadın təkdir, ailəsi yoxdur, bu, insanı təəccübləndirir. Dərhal sual yaranır ki, belə gözəl, baxımlı qadın niyə tək olsun? Əlbəttə tale, qəzavü-qədərin də barmağını heçə saymaq olmaz. Amma danılmaz faktdır ki, qadın öz xoşbəxtliyini özü qurur, şəxsiyyətini özü təsdiqləyir. Yəni dünyaya dişi olaraq gəlmək hələ qadın olmaq demək deyil.
Bəs əsl qadın necə olmalıdır?
“Gencaile.az” “Publika.az”-a istinadən xəbər verir ki, bilicilər əsl qadınlığa gedən yolu 4 qovşağa bölüblər. Əgər bu qovşaqlar bir yolun başında birləşsə, onda mükəmməl qadın anlayışı sadəcə kitablarda qalmaz, gerçəkləşər. Amma bəri başdan deyim ki, qeyd etdiyim bilicilər də kişilərdir: onlar qadından hər şeyin yüzdə yüz olmasını istəyər, lakin özləri bunun 50 faizini etsələr, möcüzə baş vermiş olar. İstənilən halda tövsiyələrində həqiqət payı var. Ən azından, yaxşılığa doğru dəyişiklik hansı qadına ziyan edər ki? Elə isə bilicilərin “qadınlıq bölgüsü”nə nəzər salaq.
1. Qadın olmağın ilk yolu fiziki mərhələdir. Yəni əvvəla əsl qadın kimi görünməlisən ki, daxilini də ona görə tənzimləyəsən. Ən əsası geyim, davranış, münasibət, danışıq, yeriş bu fiziki mərhələnin təməl daşıdır. Nahaq deməyiblər ki, geyim insanın daxilinin aynasıdır. İnsan həyat tərzinə, tərbiyəsinə əsasən geyinir. Təbii ki vulqar geyimli qadından yüksək qadınlıq mücəssiməsi gözləmək olmaz. O, artıq qadınlığı geyimi ilə təhqir edib.
Müasir, dəbli, yaraşan, qadınlığı bəlirləyən geyim mütləqdir. Əsl qadın dərisinə, saçlarına, təmizliyinə mütləq diqqət yetirməlidir. Dəb deyərkən, ondan asılı vəziyyətə də düşməməlidir. Məsələn, hazırda dəb idman üslubuna, xüsusən də ayaqqabılarına üstünlük verir. Ancaq bu, o demək deyil ki, operaya, teatra da krasovkada və əsgər botunda gedəsən. Qadın hara nə geyəcəyini özü təyin etməlidir, dəb yox. Bundan başqa, oturub-durması, yerişi, səsi, danışığı geyimlə tənzimlənməlidir. Həqiqətən də gözəl geyimli, xoş görünüşlü qadının söyüşlə, xırıltıyla danışığını görsək, yerli-yersiz şit qəhqəhəsini eşitsək, o, dərhal gözümüzdən düşər. Daha bir vacib fakt – bədən çəkisini diqqətdə saxlamalıdır. Qadının ən gözəl yeri sinəsi və ya uzun ayaqları deyil, onun belidir. İncə bel qadının özünə və yeməyinə diqqətinin göstəricisidir.
2. Emosional mərhələ – ilk növbədə əsl qadın əsəblərini qorumağı bacarmalıdır. Bunu bacarmasa, soyuqqanlı ola bilməsə bütün gözəl keyfiyyətləri zibil qutusuna atmalı olacaq. Elə səs tonu və davranış seçməlidir ki, nə özü başqasını qıcıqlandırsın, nə də başqasına hörmət səddini keçməyə izn versin. Qətiyyən aqressiv adamla söhbət etməsin. Belələri qadını özündən çıxarıb xoşagəlməz görüntüyə səbəb olar. Əsl qadın qarışqanı şişirdib fil eləməz, amma azdan çox yaradar. Bir təbəssümü belə ruha qida verər. Lakin hər şeydən öncə özünü anlamalı və tanımalıdır. Bu həyatdan nə istədiyini, kimi istədiyini bilməlidir. Özünə hörmət edən qadın həyatdan istədiyini almağı bacarmalıdır, yalnız özünə, hislərinə bələd olduğu halda həyatında və ətrafında kimi görmək istədiyini ayırd edə bilər. Əks təqdirdə nə həyatdan zövq ala bilər, nə də münasibəti onu xoşbəxt edər. Münasibətin getdikcə dərinləşməsi də qadından asılıdır. Boşuna deməyiblər ki “Yuvanı dişi quş qurar”. Dinləməyi, hörmət etməyi, yeri gələndə itaət etməyi, özünü və qarşısındakını bağışlamağı, sevgisini dilə gətirməyi, göstərməyi bacarmalıdır. Bu, ilk növbədə özünə xeyirdir. Çünki səhv addımlardan asılıb qalmaq, keçmişin ətəyindən yapışmaq onu zehni, mənəvi olaraq çökürdər. İnsanı olduğu kimi qəbul etmək, yanlışlarını dərhal deyil, tədricən düzəltmək bacarığı da hər qadına xas deyil. İlk növbədə səbir, iradə və əlbəttə ki, sevgi vacibdir. “Olmalıdır”, “Etməlisən” əmrini kənara qoyun, sevgi zərurətdir, ancaq məcburiyyət deyil. Təkcə sevgiliyə qarşı deyil, bütün yaxınlarına və yadlara qarşı da belədir. Valideynlərə küskünlük saxlamaqla onlardan qisas alınmaz. Əvvəla heç bir valideyn övladının pisliyini istəməz, ola bilsin ki, vəziyyət mənfiliyə yol açıb. Bağışlaya bilmək həyat yoldaşı, qız övladı, bacı – hansı rolda olursa-olsun qadını ilahiləşdirər.
3. İntelektual mərhələ – kimliyi bəlli olmayan “dahi” deyib ki, qadının ağlı iki toyuğun ağlına bərabərdir. Yaxud belə də deyirlər ki, heç bir kişi ağıllı qadını sevməz, onlara boş bədən və gözəllik lazımdır. Təbii ki, qadın kişini qabağına qoyub dəqiqəbaşı ona müəllimlik eləsə, sevməz. Ağıl təkcə nəyisə öyrətmək deyil. Əsl qadın müdrik olar, “baş”ı idarə edən “boyun” olar. Ümumiyyətlə, nitq qabiliyyəti insanın ağlını, məntiqini, təhsilini göstərir. Cümlələri seçib danışmaq lazımdır, jestlər vacibdir, lakin barmaqları qarşındakının gözünə soxmadan… Əsl qadın biliyini təyinatı üzrə istifadə edər, hara gəldi səpələməz. İnsanları düz yola gətirmək, dini-elmi mübahisələr, siyasi təhlillər – qoy bunu başqaları etsinlər. Siz insanların düşüncəsinə, seçiminə, ideologiyasına tolerant yanaşın. Birinin fikri ilə razılaşmamaq onun yanlış olduğu anlamına gəlməz. Lakin məntiqi itiləmək, gözəl danışmaq üçün kitablar qadının ən yaxşı dostu olmalıdır. Savadlı qadın – savadlı nəsildir. Əsl qadın həyat qanunlarını öyrənər, zamanın axınına qarşı üzməz, amma selə də düşməz.
4. Mənəvi mərhələ – qadın fanatikliyə varmadan Tanrıya və onun yaratdıqlarına hörmətlə yanaşmalıdır. Burada bütün canlılardan söhbət gedir. Lap elə cansızlardan da – daşı da yaradan Uca Tanrıdır. Ona təpik vurmaq asandır, amma kiminsə atdığı daşın ağrısına dözmək də hər qadının işi deyil. Əsl qadın dili dualı olar, qarğışlardan, fitnə-fəsaddan uzaq gəzər. Nə də təkcə öz gücünə arxalanmaz. Əlbəttə xoşbətliyə gedən yolu təyin etmək, yolun üstündəki maneələri qaldırmaq qadının öz bacarığıdır. Ancaq Tanrı o yolu yarıda qoyarsa, heç bir qadın davamını gətirə bilməz. Uğurlu nikah, yaxşı karyera, sağlam övlad, sabit qazanc – bütün bunlar qadının öz iradəsi sayəsində başa gəlibsə, o iradəni də ona verən Allahdır. Bir bütövü iki edən, qovuşdurub tale yazan Yaradana şükr etməyi bacarmaq mütləqdir. Özü, yaxınları, əzizləri üçün dua etməyi unutmamalıdır. Ən əsası bunu göstəriş xatirinə deyil, qəlbən etməlidir. Ən inadkar səy, ən bəhrəli zəhmət Allaha sığınaraq başa gəlir. Uca Yaradan da yuxarıda sadalanan cəhətləri özündə cəmləyən qadınları sevindirər.
Nəhayət, unutmaq olmaz ki, əsl qadın olmaq üçün məktəb, institut fəaliyyət göstərmir. Bu məktəbi qadın özü yaradır – ağlı, davranışı, səliqəsi, xarakteri, zəhməti ilə!