turist

Bizim turistlər xaricdə, yoxsa əcnəbilər bizdə daha çox pul xərcləyir?

Baxış sayı: 1. 666

Ötən il Azərbaycana turist səfərinə gələn əcnəbilər adambaşına orta hesabla 690 manat, xaricə turist səfərinə gedən ölkə vətəndaşlarımız isə 570 manat pul xərcləyib. Ümumilikdə əcnəbilər burada 1,411 milyard manat, Azərbaycan vətəndaşları xaricdə 1,97 milyard manat xərcə düşüblər.

Xarici ölkələrə gedən Azərbaycan vətəndaşları, ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər arasında Dövlət Statistika Komitəsi (DSK) tərəfindən aparılan sorğunun nəticələrinə əsasən ölkəmizə 2,2487 milyon əcnəbi gəlib. Onlardan 90,9 faizi, yəni 2,044 milyon nəfəri turizm məqsədilə gələn əcnəbilər olub.
Əcnəbi turistlərin xərclədiyi pulun 45,1 faizi nəqliyyata, 28,9 faizi yerləşməyə, 20,9 faizi qidalanmaya və 5,1 faizi digər xərclərə gedib.

Əcnəbi turistlər arasında qonşu ölkələrdən gələnlər daha çoxdur. Cəmi turistlərin 32,8 faizi Rusiyadan, 21,5 faizi Gürcüstandan, 14,1 faizi Türkiyədən, 11,4 faizi İrandan gələnlər təşkil edir.

Turizm məqsədilə ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər səfər zamanı daha çox hava nəqliyyatından istifadə edib. Bu nəqliyyat növündən istifadə edənlərin ümumi yekunda xüsusi çəkisi 51,8 faiz, quru yol nəqliyyatından istifadə edənlər 47,5 faiz, su nəqliyyatından istifadə edənlər isə 0,7 faiz olub.
Əcnəbi turistlərdən 36-45 yaş qrupunda olanlar üstünlük təşkil edib. Onların sayı 462 min olub və cəmi turistlərin 22,6 faizi qədərindədir.

Ölkəmizə gələn xarici turistlər əsasən istirahət və əyləncə (697 min nəfər), biznes və işgüzar (691,66 min nəfər), qohumların və dostların ziyarəti (562 min nəfər) məqsədilə gəlirlər.

Bu göstərici ölkələr üzrə fərqlənir. Gürcüstandan və Rusiyadan gələnlər əsasən qohumların və dostların ziyarətinə, həmçinin biznes və işgüzar məqsədlə gələnlərdirsə, İrandan və Türkiyədən olanlar əsasən istirahət və əyləncə məqsədilə gəlirlər.

Turist səfərinin məqsədi çəkilən xərclərə birbaşa təsir edib. İstirahət, biznes məqsədilə ölkəmizə gələnlər adambaşına daha çox vəsait sərf edib. Eyni zamanda, daha imkanlı ölkədən gələn turistlərin xərclərinin də yüksək olduğu müşahidə olunur.

Azərbaycana turistlər əsasən Gürcüstan, Rusiya, Türkiyə və İrandan gəlirlər. Gürcüstan və Rusiyadan gələnlər daha çox qohumlarının və dostlarının yanına gələnlərdir. Buna görə də həmin şəxslərin turist xərcləri minimum olur. 2016-cı ildə Gürcüstandan gələnlər adambaşına 248 manat, Rusiyadan gələnlər 438 manat xərcləyib.
İran və Türkiyədən gələnlər isə əsasən istirahət və işgüzar məqsədlə ölkəmizi seçir. Buna görə də onların xərci Gürcüstan və Rusiya turustləri ilə müqayisədə çoxdur. Statistikaya əsasən, İrandan gələnlər adambaşına 716 manat, Türkiyədən gələnlər 763 manat xərcləyib.

Turist xərclərinin miqdarına ölkələrin iqtisadi vəziyyəti də birbaşa təsir edib. Əcnəbi turistlərdən adambaşına daha çox pulu ABŞ-dan olanlar (2795 manat), İtaliyadan gələnlər (2000 manat), Birləşmiş Ərəb Əmirliyindən olanlar (1985 manat), Almaniyadan gələnlər (1732 manat), İsraildən olanlar (1700 manat), Böyük Britaniyadan gələnlər (1700 manat) xərcləyib.

Ötən il ölkəmizə gələn ekskursiyaçıların (ölkədə 24 saatdan çox olmayan müddətdə olan və gecələməyən səyahətçilər) sayı isə 65,4 min nəfər olub. Onlar əsasən Rusiya, Gürcüstan, İran və Türkiyə vətəndaşlarıdır.
Əcnəbi turistlər ümumilikdə 9,979 milyon gecə keçiriblər. Onlar daha çox Bakı şəhərində (52,2 faiz) gecələləyiblər.
Azərbaycandan xaricə 4,281 milyon nəfər səfər edib. Bunun 3,592 milyonu turizm məqsədilə olan səfərlərdir.

Həmvətənlərimiz turizm məqsədilə daha çox İrana (728,5 min), Rusiyaya (681,7 min), Gürcüstana (595,2 min), Türkiyəyə (542 min) gedib. Ümumilikdə xaricə turist səfərlərinin 71 faizi bu ölkələrə olub.

Xaricə gedən vətəndaşlarımız 50,8 faizi hava, 48,7 faizi quru yol, 0,5 faizi su nəqliyyatından istifadə edib. Ölkə vətəndaşlarının 38,2 faizi işgüzar, 30,5 faizi istirahət və əyləncə, 17,1 faizi qohumları ziyarət etmək məqsədilə səfər ediblər.

Azərbaycandan xaricə gedənlər əsasən biznes və işgüzar məqsədilə səfər edənlərdir. Bu məqsədlə səfər edənlərin sayı 1,371 milyon nəfər olub və cəmi turistlərin 38,1 faizini təşkil edib.

Azərbaycan vətəndaşları daha çox pulu Türkiyədə (330,3 min manat), İranda (240,7 min manat), Rusiyada (203 min manat), Birləşmiş Ərəb Əmirliyində (140,26 min manat), Gürcüstanda (104 min manat) xərcləyib.

Azərbaycandan xaricə ekskursiya edənlərin sayı isə 68,37 min nəfər olub. Ekskursiya edənlərin 33,4 min nəfəri Rusiyaya, 25,6 min nəfəri Gürcüstana gedib.
Ekskursiya edən Azərbaycan vətəndaşları 4,545 milyon manat pul xərcləyib.

Vasif Cəfərov