qadininxercenglemubarizesi

Əsrin bəlası: necə tanımalı, müdafiə olunmalı və qalib gəlməli?

Baxış sayı: 903
Son aylar Azərbaycanda onkoloji xəstələrin sayı sürətlə artır. Ötən əsrin sonlarında xərçəng xəstəliyi təsadüfi, adətən də yaşlı adamlarda qeydə alınırdısa, artıq 30, 40, 50 yaşlı inanlar da bu xəstəliyin qurbanına çevrilir.Ən dəhşətli məqam isə bu xəstələrdə xəstəlik tarixçəsinin olmaması, təsadüfi müayinə nəticəsində problemin aşkarlanması ilə bağlıdır. Təsəvvür edin, kiçik bir problemdən dolayı müayinədən keçirsən və bədxassəli şiş olduğu aşkarlanır…Bu xəstəliyin artmasına səbəb nədir? Keyfiyyətsiz qidalar, ekologiya, stress, yoxsa irsi faktorlar?

Türkiyənin “Medistanbul” xəstəxanasının direktoru Murad Dəstə  deyir ki, xərçəng xəstəliyi ilkin dövrdə heç bir əlamət göstərmir: “Bu xəstəliyin ən dəhşətli tərəfi də elə bundadır. İlkin mərhələdə aşkarlandığı təqdirdə xəstəliyin müalicəsi mümkündür və yaşamaq proqnozu yüksəkdir. Adətən üçüncü mərhələdə bundan xəbər tutulur ki, bu zaman cərrahi əməliyyat, şüa və kimya terapiyasından istifadə olunur. Sağlam hüceyrələr bölünmə, ölü hüceyrələri əvəz etmə və toxuma zədələnməsini bərpa etmə qabiliyyəti ilə yenilənir. Bu bölünmə və çoxalma DNT tərəfindən idarə olunur və müəyyən bir nizama malikdir. Ancaq DNT-nin bir qədər zədələnməsi nəticəsində bəzi hüceyrələr idarə olunmadan bölünür və xaotik şəkildə çoxalır”.

“Bu şəkildə idarə olunmadan bölünən və çoxalan hüceyrələrə xərçəng hüceyrələri deyilir. Bu hüceyrələr birləşərək şişlər əmələ gətirir. Bədənimizin müxtəlif toxuma və orqanlarında yarana bilən şişlər xoşxassəli və bədxassəli formalara bölünür. Bədxassəli şişlər böyüdükcə normal toxumaları zədələyir və xərçəng dediyimiz xəstəliklər yaranır. Bəzən xərçəng hüceyrələri qan və limfa dövranı ilə əmələ gəldiyi toxumadan başqa toxumalara çataraq xəstəliyin bədənin digər hissələrinə keçməsinə səbəb olur”, – deyə mütəxəssis bildirir.

Onun sözlərinə görə, xərçəngin yüzlərlə növü var: “Demək olar ki, hər bir orqanda bu xəstəliyə rast gəlmək mümkündür. Xəstəliyin yaranmasına gəldikdə isə, burada yalnız müəyyən mülahizələr irəli sürmək mümkündür. Məsələn, bəzi poliplərin sonradan xərçəngə çevrilməsi həkimlər tərəfindən qəbul edilir. Lakin burada da birmənalı fikir söyləmək mümkün deyil. Xəstəliyin simptomları xərçəngin növündən asılı olaraq dəyişir. Bədxassəli şiş xərçəngin inkişaf etdiyi nahiyənin yaxınlığındakı strukturları işğal edə bilər, onların funksiyasına təsir edə və ya sinirləri sıxa bilər”.

“Bir çox toxuma və orqanlarda meydana gələ bilən xərçəng fərqli əlamətlərlə özünü göstərə bilir. Xərçəng tez-tez yorğunluq, çəki itkisi və ümumi narahatlıq hissi kimi ümumi simptomlarla metabolik dəyişikliklərə səbəb olur. Xəstəlikdən qorunmağın yeganə yolu vaxtaşırı müayinə olunmaqdır. Xüsusən risk qrupuna aid insanlar heç olmasa üç ildə bir dəfə müvafiq müayinələrdən keçməlidirlər. Buraya mədə və bağırsağın endoskopik yoxlanışı, instrumental və laborator müayinələr daxildir. Belə olduqda xəstəlik varsa da, ilkin dövrdə aşkarlamaq və qarşısını almaq mümkündür”, – deyə Dəstə vurğulayıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla da AYNA-ya şərhində xərçəng xəstəliyinin müxtəlif səbəblərdən meydana çıxdığını söyləyib: “Əsas problem ekoloji amillərdir. Ərzaq və dərman təhlükəsizliyi, içməli su problemi də xəstəliyin inkişafına rəvac verir. Bütün dünyada buna qarşı mübarizəyə xüsusi önəm verilir. Çünki sürətlə yayılır və bəzi hallarda tamamilə sağlam adamları da öz qurbanına çevirir. Gənc və orta yaşlı insanlarda yaranması isə daha ciddi mübarizəni qaçılmaz edir”.

“Ölkəmizə daxil olan ərzaq məhsullarının böyük əksəriyyəti genetik modifikasiya olunub. Yerli istehsal səviyyəsi çox aşağıdır. Belə məhsulların böyük əksəriyyəti isə aşağı keyfiyyət parametrləri ilə xarakterizə olunur. Keyfiyyətsiz məhsulların istifadəsi sonra ciddi fəlakətlərə gətirib çıxarır”, – deyə həkim diqqətə çatdırır.

Professor hesab edir ki, Azərbaycanda ərzaq, dərman və içməli su təhlükəsizliyi ilə bağlı konsepsiyalar hazırlanmalıdır: “Bütün bunlar Milli Təhlükəsizlik Konsepsiyasının tərkib hissəsi olmalı və əhali arasında xəstəliklə bağlı geniş maarifəndirmə işləri aparılmalıdır”.

Qeybulla xərçəngdən qorunmağın yolları barədə təkliflərini də səsləndirib: “Bu xəstəliyin yaranması, inkişafı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Lakin qəti yanaşma mövcud deyil. Bu baxımdan qorunmağın yolları barədə də birmənalı fikir yürütmək mümkün deyil. Lakin müəyyən protokollar var ki, onlara əməl etməklə bu amansız xəstəlikdən yayınmaq olar. İdmanla məşğul olmaq, çəkini formada saxlamaq, metobolik sindromların qarşısını almaq, keyfiyyətli qidalardan istifadə etmək, bol maye qəbul etmək və ən əsası da vaxtaşırı müayinələrdən keçməklə xəstəliyin yaranması riskini minimuma endirmək olar”.

 

Azər Niftiyev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir