Distant tehsil

Əyani metoda qayıtmaq istəyi

Baxış sayı: 1. 276

Hələ keçən il yaz aylarında məktəb və universitetlərdə onlayn təhsilə keçiləndə, texnoloji inqilabın gələcəkdə bütün təhsil kommunikasiyasını rəqəmsala çevirmək, bununla da “proqressiv gələcək” yaratmaq vədinə reaksiyalar bir çox ölkələrdə təbii ki, birmənalı qarşılanmadı. Çoxları “Gələcək nəhayət ki, gəldi” – deyə sevindi və onlayn təhsil nəzərlərdə, bir növ normaya çevrildi. Virtual təhsilə keçiddən bir müddət sonra isə şagird, tələbə, valideyn və müəllimlər “ənənəvi metoda həmişəlik qayıtmaq lazımdır, onlayn təhsil pandemiya zamanı özünün bütün məhdudiyyətlərini və zəif tərəflərini göstərdi” deyərək, narazılıqlarını bildirdilər. Proses yeni sistemin necə işləməsi, üstünlükləri ilə bərabər, əsasən texniki problemlərdən ibarət olan zəif tərəflərini də üzə çıxardı.

Ənənəvi təhsilin özünütəcrid rejimi bu və ya digər formada hazırkı tədris ilində də davam etdiyindən, təhsil sistemi yenidən qismən və ya bütövlükdə distant formata keçmək məcburiyyəti ilə üzləşdi. Mövcud qüsurları aradan qaldırmaq üçün 2020/2021-ci tədris ilinin başlanğıcında təhsil müəssisələri onlayn xidmətlərini yaxşılaşdırmağa çalışdılar. Vəziyyətin mürəkkəbliyini, pandemiyanın dünyada yayılma dinamikasını nəzərə alaraq müxtəlif ölkələr təhsil müəssisələrinin açılması ilə bağlı operativ qərarlar qəbul etdilər. Bunun üçün ictimai sağlamlıq, ənənəvi təhsilin üstün və riskli faktorları kimi məsələlərə xüsusi diqqət yetirildi.

Qarışıq model

Hazırda dünyada koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün əksər təhsil müəssisələri distant (məsafədən) təhsil formatında çalışır. Keçən tədris ilində, məsələn, Çində birincilər təhsili evdə başa vurdular. Tədrisi iyunda başlayan Filippin kimi bəzi ada dövlətləri dərsləri avqust-sentyabr ayına keçirdilər.

Ölkəmizdə pandemiyanın yaratdığı vəziyyətə uyğun olaraq Təhsil Nazirliyi məktəblilər üçün “Virtual məktəb” və “Teledərs” layihələri ilə vəziyyəti normallaşdırmağa çalışır. Təhsil ekspertləri, valideynlər, təhsilalanlar tərəfindən tam razılıqla qarşılanmasa belə, tədrisdəki boşluğu doldurmaq baxımından bu layihələrə, real vəziyyətdə alternativ variantlar tapmaq çətindir. Digər tərəfdən, Azərbaycan-Ermənistan müharibəsinin mövcud çətinlikləri də ölkənin təhsil prosesinə mənfi təsirini göstərdi.

Ümumtəhsil məktəblərinin yenidən açılması prosesi hazırda  davam edir. Tədris ilinin başlanğıcında on minlərlə təhsilalan ənənəvi təhsildən uzaqlaşaraq özündə klassik və yeni texnologiyaları birləşdirən “Hibrid” (qarışıq) təhsil metodundan yararlanmalı oldu. Mövcud vəziyyət üçün bu, ən optimal üsul hesab edilirdi: şagirdlər həftənin iki günü məktəbdə ənənəvi, üç günü evdə onlayn dərs keçirdilər. Ancaq təhsil müəssisələrində COVİD-19-dan müdafiə olunmaq üçün bütün qabaqlayıcı tədbirlər həyata keçirilsə belə (binaların dezinfeksiya edilməsi, sinif otaqlarının quruluşunda sosial məsafənin gözlənilməsi, maska taxmağa riayət olunması, müəllim və şagirdlərin hərarətinin gündəlik ölçülməsi, maarifləndirici təlimatların yayılması), göründüyü kimi, virusun yayılması ilə bağlı təhlükəsizliyi qorumaqdan ötrü maneə ola bilmədi. Təhsil müəssisələri yenidən qapandı… Təhsil Nazirliyi və təhsil müəssisələrinin özləri real dəyişikliyə uyğunlaşmaq baxımından və innovasiyalardan istifadə etməkdən başqa yol olmadığından, onlayn dərslər üçün pis-yaxşı, ümumi baza yaratmağa nail oldular.

Ölkəmizdə Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması məqsədilə “Distant təhsil” modelinin formalaşdırılması illər öncə tövsiyə olunsa da, pandemiyaya qədər bu formatı reallaşdırmaq üçün baza qurulmayıb. Bu istiqamətdə infrastruktur yeni-yeni yaranmağa başlayır. Distant təhsilin dünyadakı üstünlükləri isə bu metoddan daha sürətlə və yaxından yaralanmağı təşviq edir. Belə ki, rəqəmsal keçid, o cümlədən təhsilin rəqəmsallaşdırılması böyük üstünlüklər vəd edir. Təhsil ekspertləri distant öyrənmənin təhsili geniş auditoriyaya əlçatan etdiyini bildirsələr də, mənfi tərəflərini də qeyd edirlər.

 

“Kaspi” Liseyinin riyaziyyat və informatika müəllimi Nəcməddin Mehtiyevin fikirləri belədir: “Ümumilikdə yanaşdıqda, distant təhsil əyani təhsili tamamilə əvəz edə bilmədi. Çünki  burada təkcə bilik verməkdən, mövzular öyrənməkdən söhbət getmir. Əyani təhsildə ünsiyyət, sosiallaşma var, şagirdlə müəllim arasında bir bağ yaranır. Müəllim öz sevgisini və istəyini yəqin ki, distant təhsildə göstərə bilməz. Əyani təhsildə bədən dilindən, üz ifadəsi, mimikasından istifadə olunur. Bütün bunlar distant təhsildə verilə bilməz. Biz distant təhsilin əlavə bir vasitə kimi istifadəsini göz önünə qoyuruq. Distant təhsilin mümkünlüyü “belə bir təhsil formasından da istifadə etmək olar” deyə  valideynlər tərəfindən qəbul edildi. Xaricə getmədən  bir universitetə bərabər olan müəyyən kurslar var ki, onları distant şəkildə almaq olar. Distant təhsil bütün bunların mümkünlüyünü bir növ bizə inandırmış oldu”.

 

Pandemiyanın əsas mənfi təsiri

Hazırda ölkəmizdə əyani təhsilə qismən keçid baş tutub.

İbtidai siniflər, məktəbəqədər hazırlıq, abituriyent hazırlıqları, repetitor xidmətləri artıq əyani təhsilə keçid alıblar. Hibrid modeli əsasında onlayn təhsil də həftədə iki dəfə öz qüvvəsində qalır. Azərbaycan universitetləri isə hələlik təhsil prosesini texnologiyalardan istifadə edərək, məsafədən həyata keçirirlər. Bu sahədə də İT strategiyasının tam formalaşmadığı özünü göstərir. Əvvəllər təhsil müəssisələri və müəllimlər bəyəndikləri hər platformadan – “Google”, “Teams”, “Moodle” kimi məsafədən təhsil sistemlərindən istifadə edə bilirdilər. Distant təhsilə ümumi keçiddən sonra bu seçim müxtəlifliyini mərkəzləşdirmək və vahid bir platforma yaratmağa ehtiyac yarandı. Azərbaycan ali məktəblərinin və kolleclərinin tələbə və müəllimləri hazırda “Zoom”, “Google Meet” proqramları və ya “Skype” vasitəsilə dərslərə qoşulurlar. Onlayn təhsil sisteminin tam tətbiqi isə inzibati blokun tamamilə rəqəmsallaşdırılması ilə təhsil müəssisələri üçün yeni bir iş modelini tələb edir. Xüsusən “İnternet-təhsil daha geniş informasiya əldə etməyə, hər şeyi çevik yerinə yetirməyə kömək edir. Bu o deməkdir ki, COVİD-19 səbəbi ilə tətbiq olunan sahədəki dəyişikliklər epidemiya bitdikdə də davam edəcək” deyən Dünya İqtisadi Forumunun ekspertlərinin hələ keçən ilin aprel ayında açıqladığı qənaətləri yeni dövrün reallıqları ilə uzlaşmanı tələb edir. Hərçənd texnologiyalar sahəsində inkişafın yüksəlməsindən, internet istifadəçilərinin sayının günü-gündən artmasından, bu istiqamətdə xidmətin təkmilləşməsindən danışılsa da, problemlər yenə də mövcuddur.

Kembric Universitetinin professoru Qərib Mürşüdovla söhbətimiz zamanı bu fikri təsdiqlədi: “Pandemiyadan əvvəl də əsas biliklərin bütün dünyaya yayılması üçün müxtəlif onlayn vəsaitlərin inkişafı prosesi gedirdi. Əsas məqsəd biliklərin insanların harada olmasından asılı olmayaraq, onlara çatdırılması idi. İndi bu proses daha da sürətlə inkişaf edir. Çünki ayrı yol yoxdur. Çox güman ki, pandemiya nəticəsində texniki üsullar daha da inkişaf edəcək və texniki biliklərin daha geniş yayılmasını müşahidə edəcəyik. Bu texniki üsullardan maksimum istifadə üçün ingilis dilinin və ya tərcümə üsullarının inkişafı daha da vacib olacaq. Texniki biliklərin verilməsi, yəni şagirdlərin və ya tələbələrin bir yerdə özləri arasında şəbəkələrin yaradılması vacibdir. Bu, bir toplum kimi ümumi birgə inkişafı təmin edir. Belə biliklərin verilməsi üçün onlayn dərslər daha məqsədəuyğundur. Çünki hər bir tələbə və ya şagird öz qabiliyyətinə və öyrənmə sürətinə uyğun olaraq biliklərini möhkəmlədə bilər. Amma bunun üçün yeni növlü təhsil sistemləri qurulmalıdır. Hal-hazırda nə müəllimlər, nə də tələbələr buna hazır deyillər”. Alim,  tələbələrin bir yerdə yaşaması və əyləncələrdə olmasının onların inkişafı üçün vacib olduğunu vurğulayır: “Məhz bu məsələyə görə universitetlər bir-birindən fərqlənirlər. Çox güman ki, pandemiyanın əsas mənfi təsiri bu istiqamətdə olacaq”.

Təhsil ekspertləri ümumi mənzərəyə nəzərən hesab edirlər ki, mənfi və müsbət təsirlərindən asılı olmayaraq, pandemiyadan sonra onlayn və offlayn təhsil dünyası əvvəlki prinsiplərinə qayıtmayacaq, dəyişəcək. Belə ki, platformaların müəllimlərin və şagirdlərin həyatını çətinləşdirməməsi üçün yalnız təhlil etməməli, eyni zamanda düzgün mexanizmlər də seçilməlidir.   Bunun üçün distant təhsilin pandemiya mərhələsi müzakirə edilməli və beynəlxalq təcrübəyə uyğun qaydalar hazırlanmalıdır.

Distant təhsilə vərdiş etməyə, bu metodun üstünlüklərindən yararlanmağa çalışan auditoriya ilə bərabər, cəmiyyətin böyük bir kəsimi üçün “ölkəmizdə bütün pillələr üzrə təhsil müəssisələri nə zaman açılacaq?”- sualı ilə yanaşı, “təhsilalanların təhsil müəssisələrinə qayıtması nə qədər təhlükəsizdir?” sualı da aktual olaraq qalır.

Təbii ki, COVİD-19-dan qurtulmağın çarəsi çözülənə qədər bu suallara cavab axtarılacaq…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir