derslik

Dərsliklərdəki problemlər həllini tapacaqmı?

Baxış sayı: 1. 369
İbtidai sinif dərsliklərindən şagirdlər üçün əhəmiyyətinə görə ikinci dərəcəli hesab olunan, eləcə də onlar üçün ağır sayılan terminlərin çıxarılacağı ilə bağlı xəbər dərsliklər ətrafında səslənən çoxsaylı narazılıqlara nəhayət diqqət yetirilməsi anlamına gəlib. Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov mətbuata açıqlamasında ibtidai siniflərin “Azərbaycan dili” dərsliklərinə məzmun baxımından səlis olmayan şeirlərin, “Musiqi” və “Təsviri incəsənət” dərsiklərinə isə ağır terminlərin daxil edilməsi ilə bağlı səslənən fikirləri təsdiq edib: “Şəkildə də, poetik və ya nəsr mətndə də belə hal ola bilər. Ümumiyyətlə, dünyada ideal dərslik yoxdur. Dərslik yazmaq və hamının tələbini ödəmək, hamını razı salmaq çox çətindir”.
 
Nazirlik rəsmisi Təhsil Nazirliyi tərəfindən 3-cü dəfə qəbul olunması məqsədilə hazırlanan “Ümumi təhsil pilləsinin yeni dövlət standartları” layihəsində belə halların tədricən aradan qaldırıldığını qeyd edib: “Yeni standartlarda onları çıxarmışıq. Çalışmışıq ki, standartları yüngülləşdirək. Proqramlar da yazılanda onlar hamısı nəzərə alınacaq. Ancaq belə başa düşmək lazım deyil ki, “Musiqi” dərsi mahnı oxumaq, “Təsviri incəsənət” şəkil çəkmək dərsidir. “Musiqi” və “Təsviri incəsənət” fənlərinin məqsədi şagirdlərin estetik tərbiyəsini formalaşdırmaq, eyni zamanda şagirdlərin Azərbaycan mədəniyyəti, incəsənəti, bu sahənin tanınmış şəxsiyyətləri haqqında məlumat dairəsini genişləndirilməkdir”.
Orta məktəb dərslikləri ətrafında təkcə valideynlərin və şagirdlərin deyil, eləcə də müəllimlərin və ayrı-ayrı mütəxəssislərin müəyyən narazılıqları olsa da, bu sferada vəziyyət dəyişməz olaraq qalır. Xüsusən ibtidai sinif dərslikləri ətrafında şikayətlər daha çox eşidilir. Belə ki, təhsil ekspertləri dərsliklərin peşəkarlar tərəfindən yazılmadığını, kifayət qədər mürəkkəb olduğunu qeyd edirlər. “Mən 50 ilin mütəxəssisiyəm, amma ibtidai sinif üçün dərslik yazmaram” deyən təhsil eksperti Əjdər Ağayev dərsliklərdən narazılıqları haqlı sayır. Professorun fikrincə, ibtidai sinif dərsliklərini yazmaq çox çətindir. Xüsusən aşağı siniflər üçün kurrikulumla hazırlanan dərsliklərin proqramı mürəkkəb olduğundan dərslikləri hazırlayanlar mütəxəssis olmalıdır: “Məktəb dərsliklər yenidən işlənməli, müasir dövrün tələblərinə uyğunlaşdırılmalı və yüksək keyfiyyətlə hazırlanması üçün yeni peşəkar müəlliflər cəlb olunmalıdır. Amma bu yazarların seçilməsi müsabiqə yolu ilə həyata keçirilməlidir”.
 
Dərslikləri hər dövrün ən vacib və aktual sahələrindən biri kimi dəyərləndirən əməkdar müəllim Almaz Həsrətin fikrincə, dərsliklər yalnız öyrənilməsi vacib olan, həyatda hər bir şagirdin, hər bir insanın qazanmalı olduğu bilik və bacarıqların artırılmasına istiqamət verən tədris resursu kimi olmalıdır: “Əgər mövcud dərslikləri oxuyub bitirdikdən sonra sadaladığım meyarlar özünü doğrulda bilmirsə, onda, o əsl dərslik sayılmamalıdır. İbtidai siniflər üçün hazırlanmış dərsliklərdə problemlərin olmasını qeyd edirlərsə, demək ki, həqiqətən də qüsurlar var və onları həmən həll etmək gərəkdir. Çünki əgər kiçikyaşlı ibtidai sinif şagirdi ilk olaraq dərsliyi sevərək əlinə almaq istəmirsə, 3-4 mövzu ilə tanışlıqdan sonra həmin dərsliyi kənara qoyub yalnız əylənmək üçün oyunlara, kompüter texnologiyalarına üz tutursa, demək ki, onun müəllif komandası həmin yaşda olan şagirdlərin anlama və oxuma səviyyələrinə uyğun dərslik tərtib etməyiblər. Bu hal təkcə ibtidai siniflərdə deyil, yuxarı siniflərdə də eynidir”.
 
A.Həsrət başqa bir səbəbi dərslik müəlliflərinin yaş səviyyəsini, məzmunu, şəkillərin seçimini, kurikuluma uyğunluğunu, metodiki yanaşmanı düzgün qura bilməməməsi və bunun əsasında dərslik hazırlaması ilə əlaqələndirir. Belə ki, bu zaman səhvi vaxtında görüb onun aradan qaldırılmasında iştirak edən dərsliklərin yoxlamasını aparan ekspertlərin üzərinə böyük məsuliyyət və cavabdehlik düşür: “Dərsliklər qüsürla kütləvi çapa verilibsə, demək ki, dərsliyi ekspertizadan keçirən ekspertlər dərsliklərin yoxlanması işində zəiflik göstəriblər. Həmin ekspertlər dərsliyi ya oxumurlar, ya oxuyurlarsa da, onu xüsusi diqqətlə nəzərdən keçirmirlər. Və yaxud da həmin fənnin ekspertlərinin bilikləri, dərslik müəlliflərinin biliklərindən aşağı səviyyədə olur. Yüksək olsaydı, dərsliklərdə olan qüsurları zamanında görüb, onları aradan qaldırardılar”.
 
Məktəb-Lisey Kompleksinin ibtidai sinif müəllimi Kəmalə Mehdiyevanın sözlərinə görə, birinci sinif dərsliklərinin yararsız olması ilə bağlı Təhsil Nazirliyinin də müəyyən qeydləri var: “Məsələn, “Azərbaycan dili” dərsliyində qrammatika yoxdur. Bundan əlavə, 2-3 cümlədən ibarət mövzular verilir. Ev tapşırığının olmamasını biz alqışlayırıq. Amma ev tapşırığı nə qədər olmasa da, uşaq bu gün işləməlidir. Yazı vərdişinin inkişafı üçünsə onun əlinin altında daim material olmalıdır. Dərslikdə qrammatika çox olsa, uşağın yazı qabiliyyəti də inkişaf edər. Ona görə bu gün yazının ləğvi ilə bağlı söhbətlər gəzir ki, dərsliklərdə qrammatika yoxdur. “Azərbaycan dili” dərsliklərində yazıya ehtiyac görülmür”.
 
“Dərsliklər təkmilləşsə, daha effektli olar”- deyən Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin müəllimi Təranə Vəzirova Ana dili dərsliklərinin səviyyəsindən razı olmadığını bildirir: “Dərsliklərdə cavablar bir az dolaşıqdır. Yersiz ifadələr çox işlədilir. Bəzən şagirdlərin yaşına uyğun olmayan, ümumiyyətlə dərsliyə aid olmayan ifadələr işlədilir. Kifayət qədər orfoqrafik və heca səhvləri var. Fikri yerində düzgün işlətmirlər. Fikrimcə, dərsliklər təkmilləşsə, daha effektli olar».
Təəssüf doğuran hal budur ki, dərsliklər ətrafında səslənən çoxsaylı tənqidi fikirləri əlaqədar qurumlar təsdiqləsə də, səhvlərin aradan qaldırılması istiqamətində lazımi addımlar atılmır. Nəticədə müəllimlər də, şagirdlər də, valideynlər də şikayətlənir. Zərər çəkən isə düzgün olmayan məlumatlarla böyüyən, səhv və ya lazımsız bilgilərə yiyələnən nəsil olur. (Kaspi.az)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir