kitab

İngilis dili dərsliklərindəki problemkəri necə aradan qaldırmalı?

Baxış sayı: 1. 964
“Ölkədə ilk dəfə olaraq xarici dil dərsliklərinin hazırlanmasında yerli mütəxəssislərlə yanaşı, xarici ölkələrin mütəxəssisləri tərəfindən xarici universitetlərdə hazırlanan və universal şəkildə bir çox ölkələrdə istifadə olunan dərsliklərdən istifadə olunacaq”. Təhsil Naziri Mikayıl Cabbarovun 2016-cı ilin illik hesabatına həsr olunan tədbirdə səsləndirdiyi bu fikirlər fənni tədris edən müəllimlərin və ekspertlərin dərsliklərlə bağlı iradları ilə üst-üstə düşür. Təhsilin məzmunu, xüsusilə informatika və xarici dillərin tədrisi üzrə artıq bir sıra layihələrə başlandığını deyən nazir bu sahədə ingilis dili dərslikləri sahəsində baş verəcək dəyişikliklərin öndə durduğunu qeyd edib.
Orta ümumtəhsil məktəbləri üçün yazılan ingilis dili dərslikləri ilə bağlı narazılıqların yeni olmadığını və tez-tez eşidildiyini nəzərə alsaq, nazirin fikirləri problemin həlli istiqamətində atılan ilk addım kimi dəyərləndirilir. O mənada ki, artıq söhbət  ingilis dili dərsliklərinin yeni və dəyişikliklərdən ibarət nəşrindən gedir. Əgər bu dərsliklərdəki problemlərdən söhbət açsaq, məsələn nümunə kimi, Azərbaycan dili bölməsində rus bölməsi üçün nəzərdə tutulan ingilis dili dərsliyindən istifadəni qeyd etmək olar. Bundan əlavə, dərsliklərdə mövzu ağırlığı, informasiya bolluğu və s. problemlər yer alıb. Təəssüf ki, qloballaşan dünyada dil bilgilərini mənimsəmək, əmək bazarının tələbi və beynəlxalq təhsil standartlarına uyğun dil öyrənmək üçün tədris olunan mövcud dərsliklər dilə olan tələbatla səsləşmir.
7 saylı tam orta məktəbin ingilis dili müəllimi Məlahət Rəhimova ingilis dili dərsliklərində çox sayda problemlərin mövcud olduğunu deyir: “Dərsliklərdə həddindən artıq çox material yer alıb. Ola bilsin ki, bu, uşaqlara bir az çətinlik törədir. Dil baxımından çətinlik var, həmçinin innovasiya, kurikulum kimi sözlər çox işlənir. Kitablarda elə sözlər var ki, uşaqlar onu az işlədirlər və ya həyatlarında az rast gəlirlər. Yəni bir qədər mövzunun əhatəsi geniş olmaqla bərabər, material da çoxdur”. S.İbrahimova çətin dərsliyi keçməkdə müəllimlərdə həvəsin az olduğunu da bildirir. Belə ki, müəllimlər daha asan dillə yazılan kitablara üz tuturlar: “O da ola bilər ki, bu gün uşağın marağında olmayan mövzulara daha çox toxunulur”.
Təhsil üzrə ekspert Rəsul Ağayevin fikirləri də fənn müəllimlərinin iradları ilə səsləşir. Belə ki,  müxtəlif hazırlıq kurslarında keçirilən ingilis dili dərsləri zamanı istifadə olunan dərsliklər orta məktəbdə keçilən dərsliklərdən fərqlidir: “Bizim dərsliklərin şagirdlərə ingilis dilini öyrətmə səviyyəsi o qədər də normal deyil. Başlanğıc səviyyədə 3-cü və ya 5-ci sinfin, həmçinin 10-cu sinfin öyrədəcəyi materialların bir-biri ilə kifayət qədər  əlaqəsi yoxdur. Dərsliklər biliyin üstünə bilik gətirmir. Dərsliklər şagirdlərin dil qabiliyyətinin inkişafına o qədər də kömək etmir. Həmçinin, ünsiyyəti inkişaf etdirmək üçün də mükəmməl deyil”. Ekspertin fikrincə,   “Headway”, “Cutting edge”, “Unlimited” və s. dərslikləri uşaqların dil öyrənmə qabiliyyətinə birbaşa kömək edə bilir: “Bizim dərsliklərdə isə informasiya və oxu materialı çoxdur. Test daha çox işlənir. Dil öyrətmək baxımından dərsliklər o qədər yararlı deyil. Bu gün biz, Təhsil Nazirliyi, Dövlət İmtahan Komissiyası dil öyrənməklə bağlı ardıcıllığı qorumaq üçün düşünürük. Bu, bizim özümüzə də çətin gəlir. Bu baxımdan dərsliklər mütləq dəyişilməlidir. Məsələn, 8-ci sinfə başlayan uşaq əvvəlki siniflərdəki materialı bilməsə həmin sinifdə davam edə bilməz. Ancaq səviyyələr üzrə kitablar var ki, orada yenə də əvvəlki illərin müəyyən təkrarı yer alıb. Amma bizim dərsliklərdə əvvəlki siniflərlə əlaqə yoxdur. Yəni uşağın bünövrəsi yoxdursa, oxuduğu sinfi davam etdirə bilməz”.
R.Ağayevin sözlərinə görə, kurikulum qaydası ilə yazılan yeni dərsliklərin hər birində bu çatışmazlıq hiss olunur: “Yaxşı olar ki, dərsliklər səviyyələr üzrə bölünsün. Yəni bizim dərsliklər 5-ci sinidən başlayaraq digər siniflər üzrə hər bir  bir səviyyəyə uyğun gəlsin. Bilinsin ki, 5-ci sinfi bitirən şagird dilin hansı hissəsinə yiyələnib. Ancaq bizdə həmin yiyələnmə hissəsi yoxdur. Bu sistemsizlik uşaqların ingilis dilini ardıcıl öyrənmələrinə mane olur”. Ekspert bildirir ki, dərsliklərdə standartın olmamağı şagirdlərin oxuduğu səviyyə üzrə imtahan verməsinə mane olur: “Məsələn, 11-ci sinfi qurtaran şagird o standart üzrə gedib imtahan verə bilmir. Ona görə dərslikləri elə bir vəziyyətə gətirmək lazımdır ki, 11-ci sinfi qurtaran şagird harda istəsə beynəlxalq standartla imtahan verə bilsin. Bu problem bütün siniflər üzrə var. 11-ci sinfi bitirən uşaq ən azı İELTS səviyyəsində nəsə bilməlidir. İnanıram ki, yeni dərsliklər də bu tələblərə uyğun hazırlanacaq”. Kurikulum təlim metodunun meyarlarından danışan ekspert şagirdin oxuduğunu, eşitdiyini anlamaq və yaza bilmək, fikrini ifadə edə bilmək bacarığının qarşılığında dərsliklərdə bu məqamların gözlənilmədiyini qeyd edir: “Heç bunun yoxlama metodu da yoxdur. Məsələn, İELTS imtahanı üzrə ayrıca yoxlama mərhələləri mövcuddur. Uşaq oxuduğunu nəql etməli və bunun yoxlama metodları olmalıdır. Bizim kitablar bu tələblərə cavab verə bilmir”.
Təbii ki, əgər şagirdlərin dili mükəmməl öyrənmələri qarşıya məqsəd qoyulubsa ilk növbədə dərsliklərdən başlamaq lazımdır. Bu, heç də köhnə bazara təzə nırx qoymaq deyil, elə köhnə, amma rəsmi səviyyədə yeni qabardılan problemdir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir