Azırbaycanın tanınmış müğənnisi Elariz Məmmədoğlu “Ailem.az”-a müsahibısində ailəsindən bıhs edib. “Gencaile.az” həmin müsahibəni oxucularına təqdim edir:
– Elariz bəy, Azərbaycan səhnəsində olan insanlar arasında nümunəvi ailəsi olanlar azdır. Onların arasında siz də varsınız. Sənət adamının gözəl ailəsi olmağının bir sirri varmı?
– Bu tərbiyə atamdan keçib. Atamın bir kəlamı vardı, deyirdi, “əvvəlcə ailə, sonra hər şey”. Bu söz hər zaman atamın səsinin tembri ilə qulaqlarımda cingildəyir. Əgər cibimdə 10 manat pulum varsa, birinci evə zəng edirəm ki, nəsə lazımdır? Deyirlər filan şey. Görürəm, 10 manatın hamısı getdi ora. Əgər artıq qalırsa, yaradıcılığıma həsr edirəm. Qalmadısa da, hamısını ailəmə xərcləyirəm. Övladlarımın tərbiyəsi, onların təhsilinə qoyulan vəsait mənim üçün hər şeydən önəmlidir. Bəzən mənə deyirlər ki, klip çəkdirmirsən, layihələrin yoxdur. Day deyə bilmirəm ki, övladlarım üçün müəllimlər tutmuşam, qazandığım pulların hamısını onlara sərf edirəm. Övladlarım müasir, ziyalı, ali savadlıdırlar. Orta məktəbi bitirən kimi ali məktəbə daxil olublar. Çünki onlara müəllimlər tutmuşdum, bilik qazanmışdılar. Baxmayaraq ki, müasirdirlər, eyni zamanda dinimizdən məlumatlıdırlar, haramın, halalın nə olduğunu bilirlər. Bunu bilən hər bir oğlan, kişi, qız, qadın həyatın bütün çirkinliklərindən uzaqlaşır. Qızlarım, oğlum bilirlər ki, tərbiyə, namus birincidir. Bu əhval-ruhiyyə ilə də ailəmdə firavanlıq var. Qızlarım ailə qurub, oğlum hələ subaydır, universitetdə oxuyur. Artıq kim nə işlə məşğuldur deyib, onları güdmürəm. Çünki vaxtında tərbiyə alıblar, indi həyatlarını yaşayırlar, mən də buna görə rahatam. Ailə mövzusunda məndən məsləhət almaq istəyənlərə deyə bilərəm ki, uşaqlıqdan qızı qız, oğlanı oğlan kimi tərbiyə etmək lazımdır. Ailənin nümunəvi olmasında genetikanın da rolu var. Atadan-babadan qalma ənənələr, ailə institutu var. Elə insanlar var ki, müəyyən səbəblərdən atası, anası olmur, ailə necə olur bilmir, sonradan həyat onun üçün çətin olur. Belə insanları qınamaq yox, yol göstərmək lazımdır. Amma kiminsə atası, anası, nənəsi, babası varsa, onlar düzgün həyat yaşamalıdırlar. Hansı sahədə çalışırsan çalış, müğənni, aktyor, mühəndis, janqlyor, kəndirbaz ol, sən artıq ailə tərəfdən arxayınsan, alnı açıq, üzü ağsan.
– Həyat yoldaşınızın yaradıcılıqla əlaqəsi varmı?
– Həyat yoldaşımla Mədəniyyət və İncəsənət Universitetində bir oxumuşuq. 17 yaşında tanış olduq, eyni fakültədə oxuyurduq. Tələbə yoldaşı olmuşuq. Tələbə olarkən iki il əsgərliyə gedib gəldim, o, həmin iki ildə məndən ön kursa keçdi. Sonra mən qayıdıb təhsilimi davam etdirdim. Universiteti bitirdikdən sonra evləndik. O, heç bir yerdə çalışmadı, amma mən öz işimi davam etdirdim.
– Gənc yaşda evləndiniz. Bilirdiniz ki, yaradıcılıqda olacaqsınız. Adətən bu sahənin insanları tez ailə qurmur.
– 23 yaş 15 günüm var idi ki, toyumuz oldu (gülür). 23 yaşda evlənmək nə gecdir, nə tezdir, elə əsl vaxtıdır. Əsl vaxtında evləndiyimə görə də Allah mənə övlad həsrəti yaşatmadı, evlənəndə bir il sonra ata oldum, bir-birinin ardınca üç övladım dünyaya gəldi. Ona görə də bu gün mən babayam, həm də gənc baba (gülür).
– Gənc yaşda insanlar daha çox romantik olur. Maraqlıdır, həyat yoldaşınıza necə evlilik təklif etdiniz?
– Düzünü deyim ki, burada böyük sevgidən söhbət gedə bilməz. Leyli-Məcnun, Romeo-Culyetta, Əsli-Kərəm məhəbbəti yaşamadıq. Onlar heç biri öz sevgilərinə qovuşmayıblar. Məndə nə Leyli-Məcnun, nə Rome-Culyetta, nə də Əsli-Kərəm sevgisi olmayıb. Baxıb gördüm ki, yaxşı qızdır, tərbiyəlidir. Sonra öyrəndim ki, ailələri də tərbiyəlidir, əsl müsəlman, türk ailəsidir, bacılarını tanıdım, gördüm onlar da tərbiyəlidirlər. Sadəcə olaraq tərbiyəli qız olduğuna görə fikirləşdim ki, mən incəsənətdə oxuyuram, gözümün qarşısında belə tərbiyəli qız var, gedib başqa universitetdən qız axtarsam, nə bilim orada nə var, nə yox, nə baş verir. Oradan qız alaramsa, səhv edərəm, yanılaram. Hazır qarşıma tərbiyəli qız çıxıb, onunla evlənim. Tərbiyəsinə görə onunla evləndim. Bu gün də peşman deyiləm. Sevgi sonradan da yarana bilər. Ortada anlayış, namusuna hörmət varsa, sevgi də yaranacaq.
– Siz belə deyəndə həyat yoldaşınızın xətrinə dəymir?
– Xeyr, əksinə, fəxr edir ki, onunla tərbiyəsinə görə ailə qurublar. Özü də dindar xanımdır, uzun illərdir gündə beş dəfə namaz qılır. Bəzən zəng edirəm telefonu götürmür, sonradan deyir ki, namaz qılırdım. Elə vaxt olur, evə gəlirəm qapının zəngini basıram, açmır, döyürəm açmır. Bir yaşıl paltarı var, namaz qılanda geyinir, bir də görürəm o paltarda qapını açır ki, namaz qılırdım. O qapını açmayanda əsəbləşirəm, amma sonra peşman oluram.
– Sizcə, sevgi elə budur?
– Əlbəttə, elə bu sevgidir. Övladlarım məndən çox analarını sevirlər. Bütün günü onun boynuna sarmaşırlar. Bu, özü ən böyük sevgidir. Belə bir mühiti ailədə yaratmaqda bir hünərdir. Mənə elə gəlir ki, həyatda elə buna nail olmaq lazımdır. Atalar deyib ki, tez alışan, tez sönər. Bəzən görürsən bir-birini dəli kimi sevirlər, sonra sözləri çəp gəlir, nəsə alınmır. Ondansa ağılla ailə qurmaq lazımdır. Sən fikirləşməlisən ki, özünə həyat yoldaşı alırsan, o da sənin evinin xanımı olmalıdır, namuslu olmalıdır, sən evə gələndə qarşına yemək qoymalıdır, geyimlərin ütülü olmalıdır. Bəzən belə danışanda deyirlər ki, onda sən özünə qul alırsan? Amma elə deyil. Bizim mentalitetdə xanımların öz işi, vəzifəsi var. Düzdür, işləyən xanımlarımız var, ailəsinə, həyat yoldaşına kömək olmaq üçün namusla, qeyrətlə çalışıb məvacib alırlar. Belə xanımlara gözəl yanaşıram, halal olsun. Sadəcə olaraq ailədə qadının və kişinin öz funksiyaları var. Hər zaman düzgün insanları sevirəm, hörmət edirəm. Hansı sənətdə olur-olsun, mənim o adamlara hörmətim var.
– Sizin ailənizdə ən çox kim kimə güzəştə gedir?
– Bu, bir az çətin məsələdir. Son söz hər zaman mənim olur. Amma etiraf edim ki, bəzən əsəbi oluram, məsləhətə qulaq asmıram. Ancaq çox vaxt məsləhətə qulaq asıram. Hər bir halda nəticədə hamı gözləyir ki, mən nə deyəcəm, o olsun. Mən də güzəştə gedirəm, mənə də çox güzəşt edirlər. Hərdən elə olur ki, uşaqlar mənə deyir, ata, gəl bu işi belə edək. Mən “yox” demişəm. Lakin illər keçəndən sonra görmüşəm ki, gərək onlar deyən kimi edərdim. Deyirlər ki, ata, bax, biz dedik, sən razı olmadın, biz də etmədik, amma ziyana getdik. Belə şeylər də olur. Mənim bir az ötkəmliyim hərdən ziyana gətirib çıxarır. Amma nə etmək olar, mən də gözümü açıb atamdan, babamdan belə görmüşəm.
– Evdə tələbkarsınız?
– Məni evdə görənlər deyir ki, evdə məndən qorxurlar. Bunu böyük təəccüblə bildirirlər. Efirdə oxuyuram, şən görünürəm, yeri gələndə rəqs edirəm, rollar oynamışam. Amma bu o demək deyil ki, ailədə də belə olmalıyam. Evdə atam-babam necə olubsa eləyəm.
– Sənət adamının həyat yoldaşı olmaq asan deyil. Siz çox zaman evə səhərə yaxın gələ, günlərlə evdə olmaya bilərsiniz. Heç olubmu ki, həyat yoldaşınız buna etiraz etsin?
– Evliliyimizin ilk illərində çox qısqanc idi. Efirdə məni hansısa aparıcı, jurnalist, müğənni xanımla deyib-gülən görəndə mən artıq evə gələndə onu əsəbi görməyə hazır idim, mübahisə edirdik. Sonra illər keçdi, bir-birimizi daha yaxşı tanıdıq. İndi bir o qədər də qısqanclıq yoxdur. Bir də ki, başı qarışıb ibadətə, namaza, nəvələrinə, ona görə də məndən əl çəkib (gülür).
– Bəs siz xanımınızı qısqanmırsınız?
– Mən onu hər zaman ibadətdə görmüşəm. Onun boş vaxtı olmur ki, mən onu qısqanım. Gündə 5 dəfə namaz qılan adamdı.
– Qızlarınızın ailə həyatı qurmasına nə dərəcədə müdaxilə etdiniz?
– Biz tələbə, əsgərlik, məktəb yoldaşlarımız, qonşularımız, qohumlarımızla hər zaman ünsiyyətdə olmuşuq. Bizim uşaqlarımız da bizə baxıb dostluq ediblər. Sonradan internet, sosial şəbəkələr çıxdı, orada da dost oldular, danışdılar. Böyük qızım qapı qonşumun oğlu ilə ailə qurub. Qonşu qonşunu yaxşı tanıyır. Kiminsə qız ilə maraqlananda birinci qonşudan soruşurlar. Çünki qonşunun gözünün qarşısında olur. Qızlarım evdən çıxıb, oturub maşına, maşını sürən də həyat yoldaşımın dayısıdır, onları aparıb universitetə, gətirib. Vaxtında gedib, vaxtında gəliblər. Qonşum özü yaxınlaşdı ki, sənin qızını oğluma almaq istəyirəm. Biz də qızın fikrini soruşduq, razı oldu. Onlar da uşaqlıqdan onsuz da bir-birini tanıyıblar. Oğlum da həyətdə oynayır, kiminlə dostluq etdiyini, tərbiyəsini görürlər. Yəni qonşular bir-birini yaxşı tanıyır. İkinci qızım 30 illik dostum və tələbə yoldaşım, bir parta arxasında oturduğum xanımın oğlu ilə ailə qurub. Ən yaxın dostum bu gün qudamdır. Onlar da uşaqlıdan bir yerdə böyümüşdülər, ailəvi birlikdə bağa, qonaqlığa gedirdik. Qızlarımın biri Xəzər, digəri Xarici Dillər Universitetinin ingilis dili fakültəsini bitirib. Oğlum kiminlə evlənəcək bilmirəm. Hazırda başı qarışıb təhsilə. Ən çətin fakültələrdən birində, hüquq fakültəsində təhsil alır. Diplomun alsın, onun da evliliyi barəsində düşünmək vaxtı çatar.
– Onun ailə qurmasına müdaxilə edəcəksiniz?
– Oğlum artıq tərbiyəsini alıb, bilir ki, mənim ailəmə, nəslimə necə ailədən çıxan xanım layiq ola bilər. O da yəqin ki, buna uyğun hərəkət edəcək.
– Baba kimi necəsiniz?
– 3 nəvəm var, ikisi oğlan, biri qızdır, 6, 4, 2 yaşlarındadırlar. Şəkillərə baxıram heç babaya bənzəmirəm, gənc görünürəm (gülür). Biz babanı saqqallı, ağ saçlı, yaşlı, əlində təsbeh görmüşük. Uşaq olanda televizorda “Piri babanın nağılları”na baxırdıq. Bizim baba obrazımız Piri baba idi. Həqiqətdə də bizim babalarımız o cür idi. Amma indi mənim kimi babalar cins şalvarda, beysbolka başında, idman ayaqqabısı ayağındadır. Uşaqlar mənə “Elariz baba” deyəndə hərdən diksinirəm. Sonra öz-özümə deyirəm ki, əşi, babayam da (gülür). Çox ciddi insanlar var ki, nəvələrinin qarşısında uşaq kimi olurlar. Mən də eləyəm. Övladlarıma qarşı çox ciddi olmuşam. Amma nəvələrimlə elə deyiləm. Mən onlarla oynayanda onlardan da uşaq oluram, minirlər boynuma gəzdirirəm. Hərdən onları uşaq əyləncə mərkəzlərinə aparıram, görürəm qıraqdan insanlar mənə baxılar, pıçıldaşırlar. Məni tək görəndə həmişə yaxınlaşıb avtoqraf alırlar, toya dəvət etmək üçün vizit kartımı alırlar. Amma məni uşaqla görəndə hamı qəribə baxır. Fikirləşirlər ki, görəsən, bu, odur, yoxsa o, deyil? Bəli, özüdür ki var(gülür)