Toy mərasimi ailə quran gənclərin sevinc dolu bir gün kimi hər zaman xatırlayacaqları məqamdır. Bu günün unudulmaması, yadda qalması üçün müxtəlif toy adət-ənənələri mövcuddur. Ölkəmizdə də toy mərasimləri qədim ənənələrə söykənib. Lakin son illər ölkədəki toy mərasimləri həmin ənənələrdən kənara çıxaraq başqa bir istiqamət alıb.
Bugünkü toylar sanki insanların şənlik mərasimi əvəzinə, bir yarış meydanına çevrilib. Belə demək mümkünsə, artıq toylarımız şounu xatırladır. Bəzən evlənən cütlüklər sadə bir mərasim istəsələr də, valideynlərin “qonşudan geri qalmamaq” fikri qalib gəlir. Elçiliklə başlayıb toya qədər davam edən mərasimlər böyük məbləğdə vəsaitlərə başa gəlir. Nəticədə isə bir qrup məhz bu mərasimlər hesabına qazancını artırır. Belə ki, toy mərasimləri hazırda qazanc gətirən bir sahə olduğuna görə, ölkədə şadlıq evlərinin də sayı getdikcə artır. Şadlıq evləri son vaxtlar müştəriləri cəlb etmək üçün daha bahalı, görünüşlü avtomobil, yaxud toyun sonunda fişəng atışı kimi fərqli təkliflər irəli sürürlər. Bu gün toy fotoqrafçılığı da böyük bir sektora çevrilib. Bu toylardan yaxşı gəlir əldə edən tərəflərdən biri də gəlin paltarlarının satışı ilə məşğul olan dükanlardır. Digər tərəf isə gözəllik salonlarıdır ki, yalnız bir saç düzümü üçün böyük bir məbləğ tələb edirlər.
Bugünkü toylarla bağlı cəmiyyətin müxtəlif təbəqələrinin münasibəti də birmənalı deyil. Millət vəkili Əli Məsimli də təsdiq edir ki, bu gün toyların vəziyyəti o qədər də ürəkaçan deyil. Belə ki, imkanı olmayan adamlar da şadlıq evlərində gərəksiz yerə israfçılığa yol verirlər. Sonra da toydan əldə etdiklərilə şadlıq evinin borcunu ödəyirlər. Millət vəkilinin fikrincə, bütün bunlara ehtiyac yoxdur: “Mənim övladım elə toyu bəyənmir və nümunə göstərmək istəyir, mən də onu dəstəkləyirəm. Dünyada ən asan iş məsləhət vermək, ən çətin iş isə verdiyin məsləhətə ilk növbədə özünün əməl edə bilməyindir”.
Toyun şou məkanı olmadığını unutmamalıyıq
“Aktual” elmi-sosioloji araşdırmalar mərkəzinin rəhbəri, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı isə bildirdi ki, artıq uzun illərdir ki, toylarımız və orada yol verilən israfçılıq və digər milli, dini adət-ənənələrimizə uyğun olmayan elementlərin sayının gündən-günə artması cəmiyyətin əsas, aktual məsələlərindən biri kimi müzakirə, qınaq obyektinə çevrilib:
“Lakin bütün müzakirələrə və tənqidlərə baxmayaraq israfçılıq və digər mənfi elementlər nəinki azalır, əksinə, daha çox artır. Baxırsan ki, bu polemikanı aparan və bu cür elementləri tənqid edən insanlar da öz övladlarının və yaxınlarının toy mərasimlərində artıq get-gedə “ənənəviləşən” bu cür standart toylar keçirir və əksəriyyətin iradəsinə qarşı çıxa bilmirlər. Nəticədə toylar həm maddi, həm də mənəvi baxımdan insanlara sıxıntı verir.
Çox maraqlıdır ki, daha əvvəl sadə toy mərasimləri ilə müsbət nümunə kimi fərqlənən Türkiyə kimi əsasən israfçılığa mənfi münasibətin hökm sürdüyü ölkədə də son illər toylarda israfçılıq halları özünü büruzə verməyə başlayıb. Bu ölkədə də bu problem həm sadə vətəndaşları, həm ziyalıları, həm də din alimlərini narahat edir. Bununla bağlı vaxtaşırı olaraq mətbuatda tənqidi yazılar çap olunur, televiziya verilişləri hazırlanır, sosial şəbəkələrdə ciddi polemikalar aparılır. Demək, bu məsələ adicə lokal səciyyə daşımır və problemin eyni zamanda qlobal tərəflərinə də diqqət yetirmək lazımdır”.
Sosioloq deyir ki, məsələyə qlobal müstəvidən yanaşdıqda ölkəmizdə və eləcə də oxşar milli və mədəni dəyərlərə malik ölkələrdə gündən-günə artan toylardakı israfçı davranışın səbəbləri arasında materialist aclığın gündəlik həyatımızı daha çox təhdid etməsi, XXI əsrdə insanların xoşbəxtlik axtarışlarının istehlak cəmiyyətinin çarxlarından asılı vəziyyətdə olması, fərdi qərarların və seçimlərin əksəriyyət tərəfindən bəyənilmə arzu və istəklərinin kölgəsində qalması faktını göstərmək olar:
“Xüsusilə məşhur insanların təmtəraqlı toy mərasimlərinin geniş təbliğ olunması da sadə vətəndaşlarda bu cür toylara qarşı marağı artırır və onlar da təqlid yolu ilə bu cür toy mərasimlərini keçirməyə çalışırlar. Nəticədə həm gələn qonaqlar maddi və mənəvi cəhətdən sıxıntı çəkirlər, həm də toy sahiblərinin özləri stress yaşayırlar. Onlar nəinki toydan maddi cəhətdən gözləntilərini qarşılayırlar, əksinə, yorğanlarını ayaqlarına görə uzatmadıqları üçün toydan zərərlə ayrılırlar.
Müasir həyat tərzinin fərdlərə aşıladığı azla qane olmamaq girdabından qurtulmaq, əldəki imkanlarla məhdudlaşmaq və şükr etmək vəziyyətdən çıxış yolu üçün veriləcək ən doğru qərardır. Bu qərar üçün də insanları daha çox maarifləndirmək və təbliğat aparmaq lazımdır. Sadə toy mərasimlərinin üstünlüklərini təbliğ etmək lazımdır. Toyun şou məkanı olmadığını, iki gəncin ailə qurma səadətini və sevincini bölüşdüyü simvolik mərasim olduğunu unutmamaq lazımdır”.
Toy biznesi ilə məşğul olan insanların həmrəyliyinə son qoyulmalıdır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, bu gün toylar məntiqsiz bir şəkil alıb: “Burada böyük məbləğdə vəsait toplanır, toya qohumlardan başqa, bütün qonaqlar könülsüz gəlirlər. Yığılan vəsait şadlıq evlərinin sahiblərinə verilir. Yəni yeni evlənənlərə heç bir xeyir, yardım olunmur. Hətta bəzən zərərə düşürlər. Bəs bu toyun mənası nə idi? Burada toplanan vəsaitlə yeni ailə quranlara dəstək olmalıdırlar. Mənasız toylar məhz toy biznesinin arxasında duran insanların birgə əlaqəli fəaliyyəti, müxtəlif vasitələrlə insanları cəlb eməklə əmələ gəlir. AİB-in toyla bağlı dəfələrlə məhkəmə iddiaları olub. Çox təəssüf ki, biz qalib gələ bilməmişik”.
E.Hüseynovun sözlərinə görə, vətəndaşlarla müqavilə olmadığına görə, yeməyin, binanın təhlükəsizliyinə heç bir zəmanət yoxdur: “İnsanlar zəhərlənərlərsə belə, heç kim cavabdehlik daşımır. Musiqiçilər musiqini yüksək səslə verirlər ki, toy iştirakçıları tez durub getsinlər. Yaxud yayda kondisionerləri söndürürlər ki, əhali tez durub getsin və yeməklər qalsın. Şadlıq evlərində verilən salatlar var ki, yararlılıq müddəti cəmi 1-2 saatdır. Bir neçə gün qalmış salatları da insanlara təklif edirlər. Toy sahibinin ixtiyarı yoxdur ki, mətbəxdə gedən işlərdən xəbər tutsun. Ən mühüm amillərdən biri külli miqdarda verilən vəsait üçün rəsmi heç bir sənədin verilməməsidir. Burada böyük vergidən yayınma məsələləri də yer alır. Fotoqrafların soyğunçuluqla məşğul olması da bir faktdır”.
AİB sədri deyir ki, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin hazırladığı standartlar bu məsələlərin bir hissəsini həll edə bilər: “Dövlətin istehlakçıların hüquqlarını qoruması üçün bir sıra qanun-qaydaları var. Lakin buna əsasən əməl olunmur. Mən istehlakçıları müasirləşdirilmiş “palatka” toylarına çağırıram. Ucuz və keyfiyyətli toylara ki, orada toplanan vəsait yeni ailə quran şəxslərə getsin. Eyni zamanda müasir üsul kimi hansısa bir ticarət mərkəzi elan edə bilər ki, toy üçün hədiyyələr almaq olar. Başqa ölkələrdə belədir və çox sivil bir toy olur. Bizdə toylarda yeməyin 40 faizi atılır, yaxud sabahkı toylara saxlanır. Saxta içkilər, suların reallaşdığı bir yerdir toyxanalar. Həmçinin müğənnilərə gərəksiz yerə böyük məbləğdə pullar verilir. Toy biznesi ilə məşğul olan insanların həmrəyliyinə son qoyulmalıdır”.
İnsanlar bu yeməkləri yeməklə gündəlik kalorinin yarısını bir toyda almış olurlar
Qastroenteroloq Səbinə Səfərova isə bildirdi ki, xüsusilə isti havalarda toyların artması zamanı qidalanma ilə bağlı problemlər özünü göstərir: “Belə ki, isti havalarda yeyilən yeməklər daha yüngül yeməklər olmalıdır. Toylarda ətli yeməklər, ətli plovlardan geniş istifadə edilir ki, bu da orqanizm üçün təhlükəlidir. Toy mərasimlərində bir-birinin ardınca yeməklər təqdim edilir. Bir toyda ardıcıl olaraq bir insan bu yeməkləri yeməsi ilə gündəlik kalorinin yarısını bir toyda almış olur. Belə ki, bir nəfər burada 1200 kalori alırsa, gündəlik ehiyacı olan 2000-2500-dir. Bu isə hədsiz kilo almaq baxımından böyük risk yaradır. Bir insanın gündəlik alması vacib olan xolesterol miqdarı 200 mq-dır ki, burada bir dəfəyə 125 mq alınır və bu da xüsusilə ürək, qan təzyiqi, xolesterol riskli xəstələr üçün böyük təhlükə yaradır”.
Qastroenteroloqun fikrincə, belə insanlar toylarda çox az miqdarda yeməlidirlər. Xüsusilə də ətin yağlı hissələrindən, şəkər xəstələri şirniyyatdan uzaq durmalıdırlar. O da vurğulandı ki, isti havalarda yeyilən ağır yeməklər infarkta yol açır və yaşı 45-dən yuxarı olanların axşam saat 6-dan sonra ağır yeməklər yeməməsi lazımdır. Üstəlik, şadlıq evlərindəki yeməklərin də saxlanma müddəti, keyfiyyəti təminatlı deyil.