nigah muqavilesi

Nikah müqaviləsi bizdə niyə hələ də əhəmiyyətsiz sayılır?

Baxış sayı: 2. 070

Son zamanlar boşanmaların artmasıyla, tərəflər arasında mülk, aliment davası, uzunsürən məhkəmə çəkişmələri də aktual problemə çevrilib. Azərbaycan Respublikasının Ailə Məcəlləsində nikaha daxil olmaq istəyənlərə nikah müqaviləsinin bağlanılması tövsiyə olunsa da, bu haqda çox az adam bilir, ondan da az adam bu müqaviləni imzalayır. Halbuki bu, boşanma zamanı tərəflər arasındakı narazılıqları minimuma endirər.

Nikah müqaviləsi ailə quran tərəflər arasında əmlak münasibətlərini tənzimləyir. Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Bu müqavilənin bağlanması məcburi deyil, tərəflərin iradəsindən və qarşılıqlı razılığından asılıdır.

Hüquqşünas Aynur Musayevanın bildirdiyinə görə, nikah müqaviləsi nikah dövründə və nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir: “Belə ki, ər-arvad arasında müqavilə yoxdursa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Nikah müqaviləsi ilə ər-arvadın birgə mülkiyyətindəki paylarının həcmi onların istəyinə bərabər olmayan şəkildə də qeyd oluna bilər. Bu müqavilə ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər”.

Musayeva qeyd edib ki, ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər: “Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Bu müqavilə yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur”.

Hüquqşünas vurğulayıb ki, ər-arvadın razılığı ilə nikah müqaviləsi istənilən vaxt dəyişdirilə və ya pozula bilər: “Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər”.

Psixoloq Mehriban Mütəllimova deyir ki, son zamanlar məhkəmələrin çoxu ailə-məişət problemləri, mülki məsələlər, boşanmalar ilə əlaqədardır: “Konfliktlərin səbəbini araşdırdıqda əsasında xırda məsələlərin dayandığını görürük. Nikah müqaviləsi sadəcə bu kimi məhkəmə münaqişələrinin qarşının alınması üçün bir vasitədir”.

Mütəllimova qeyd edib ki, cəmiyyətimizdə nikah müqaviləsi bağlamaq yaxşı qarşılanmır: “Amma nəzərə almaq lazımdır ki, evlənmək özü də bir müqavilədir. Evlənmək bir müqavilə olmasaydı, boşanmaq üçün məhkəmələrə gedilməzdi. Lakin indiki gənclərin əksəriyyəti və valideynləri nikah müqaviləsi haqqında məlumatsızdır. Çünki çox sevdiyini hiss etdiyi adamla bu duyğunu həyatı boyunca yaşamaq məqsədilə evlənirlər. Nikah müqaviləsi heç yadlarına da düşmür. Bunu təklif etdikdə isə qarşı tərəfin reaksiyasından qorxurlar. Eləcə də, ailələr bir-birini tanıdığı, bir-birinə güvəndiyi üçün övladlarının nikaha daxil olmasını məsləhət bilirlər.

Ya da tanıdıqları adamın məsləhəti ilə hansısa ailədən qız almağı qərara alırlar. Bu zaman tərəflərdən biri nikah müqaviləsinin bağlanılmasının zəruriliyini xatırlatmağa çəkinir. Nikaha daxil olmaq istəyən tərəflər hər bir sahədə razılığa gəlir, cehizin necə olacağını, harada yaşayacaqlarını, hansı zinət əşyalarının alınacağını müzakirə edir, müəyyən tələblərini irəli sürürlər. Hələ nikaha girməzdən öncə bu məsələlərlə bağlı mübahisələri düşənlər də olur. Bir-birindən nəsə almağı tələb etməyə çəkinmirlər, amma nikah müqaviləsinin bağlanılmasını ayıb sayırlar. Ailə qurmaq istəyən tərəflər, eləcə də, onların qohumlarının nikah müqaviləsi heç ağıllarına da gəlmir.

Nikah müqaviləsinin zəruriliyi haqqında televiziyada nəyəsə baxsalar, bu haqda digər mətbuat vasitələrində nəsə oxusalar da, bunu təklif etməyə çəkinirlər. Ər-arvad, qohum olmaq istəyən tərəflər onları sığortaya ala bilən nikah müqaviləsini bir-birinə inamsızlıq kimi qiymətləndirir. Çox az adam olur ki, nikahdan öncə öz hüquqlarını qoruyacaq bir müqavilənin bağlanılması barədə düşünür. Daha da az adam nikah müqaviləsinə imza atmağı qərarlaşdırır. Hətta qız evi nikah müqaviləsinin bağlanılmasını təklif etsə də, oğlan evi ya buna razılaşmır, ya da ətrafdakıların qınağından çəkinib bunu gizli saxlayırlar. Çox vaxt nikaha daxil olmaq istəyənlər deyir ki, “Biz boşanmaq üçün evlənmirik”, “Nikah müqaviləsinin bağlanılması mentalitetimizə uyğun deyil”. Amma boşanmaların sayının artması da göz önündədir. Nikah müqaviləsi isə boşanma prosesində tərəflər arasında yaşanan bir sıra narazılıqları əvvəlcədən həll edərdi”.

Onun dediyinə görə, nikah müqaviləsi çox vaxt tərəflər arasında inamsızlıq yaradır və yeni qurulacaq ailə üzərinə kölgə salır: “Çünki qarşı tərəfdə “biz ayrılsaq, səninlə malımı bölüşməyəcəm”, “mənimlə pulum üçün evlənirsən” kimi fikirlərin formalaşmasına səbəb olur. Tərəflər arasında səmimiyyətsizlik kimi görünür”.

Həmsöhbətimiz bildirir ki, tərəflər çox vaxt nikah müqaviləsi bağlamaqdan imtina edir: “Səbəb kimi də göstərirlər ki, nikahın təməlində güvən və sevgi dayanır. Qarşı tərəfə güvən olmalıdır ki, nikah möhkəm, dayanıqlı olaraq davam etsin. Nikah müqaviləsinin bağlanılması təklif edildikdə şəxs düşünür ki, bunu ondan tələb edən qarşı tərəf, deməli, ona inanmır. Qarşı tərəfdə isə “Sevgi və güvən üçün evlənsəydi, nikah müqaviləsinə qarşı çıxmazdı” fikri formalaşır. Tərəflərin bir-birini başa düşməsi, bir-birinə güzəştə getməsi bu problemi aradan qaldıracaq”,-deyən psixoloq əlavə edib ki, nikaha girənlərdən tibbi arayışın təqdim olunması kimi nikah müqaviləsinin bağlanılması məcburi qanun olaraq təsdiq olunmuş olsaydı, onda bu mövzuya dair fikirlər də, münasibət də tamamilə dəyişmiş olacaq”.

Aynurə Məmmədova




2 şərh “Nikah müqaviləsi bizdə niyə hələ də əhəmiyyətsiz sayılır?

  1. mamed

    tam raziyam.pisxoloq da duz deyir.eger sen menimle bosanasi deyilsense niye nigah muqavilesi baglamirsan?demeli yaxin gelecek nese olsa bosanmaq fikrin var.mesel ucun yazdim.

    Cavabla
  2. Aksin

    Ancaq eyniseyi deyir hami butun psixopatlar deyir yaxsi qarsilamir a sene ne var sen cox bilensen bunu izah etde xeyri nedi ziyani nedi ele butun yazilarda deyirler cemiyet pis qarsiliyr muqavileni

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir