olum

İntihar edənlərə görə ən ağrısız yollar… – Dəhşətli addımın SİRLƏRİ

Baxış sayı: 2. 520

İnformasiya texnologiyaları əsrinin təsirlərindəndir ki, bu gün hamı harasa tələsir. Kimisi işə, kimisiə evə, kimisi tətilə, kimisə də ölümə…

Təəssüflə qeyd etmək istərdik ki, ölümə tələsənlərin sayı durmadan artır. Kimisi özünü yandırmaqla, kimisi hündürmərtəbəli binadan özünü atmaqla, kimisi damarını kəsərək, kimisi də iki körpə balasını sinəsinə basaraq intihar yolunu seçir. Lap iyulun 26-da Şəmkirdə iki azyaşlı körpəsini də götürüb ölümün ağuşuna atılan Pərvanə Mahmudova kimi… İntihar çıxış yolu deyil. Amma başqa çarə  tapmayanların ən çox üz tutduğu yol məhz intihardır. Özü də fərqli üsullarla. Bəs nədir insanı şirin canından bezdirən səbəblər? Onları intiharın müxtəlif formalarını seçməyə nə vadar edir? Ölüm ya olum?…

 

Depressiyaya meylli olanlar…

 

Mövzuyla bağlı fikirlərini bölüşən psixoloq Elnur Rüstəmov qeyd edir ki, uzun müddət xəstəlikdən əziyyət çəkən, tənha, zərərli vərdişlərdən asılı olan insanlar risk qrupuna daxildir:

“Onlar intihara meylli insanlar kimi qəbul olunur və risk qrupuna daxil edilirlər. Amma bu gün intihar edənlər arasında bu kriteriyalara cavab verməyən adamlar da var. Bu da intiharın sosial-psixoloji faktorlardan baş verdiyinin göstəricisidir. İntihar edən insanların böyük əksəriyyəti depressiya vəziyyətində olur. Əhvalları aşağı olur, ruh düşkünlüyü yaşayırlar. Onlar birdən-birə intihara cəhd etmirlər. Sadəcə o haqda fikirləşirlər. Eyni zamanda, bunların bir qismi intihar edən zaman affekt vəziyyətində olurlar. Situasiyanı kontrol edə bilmir və ani qərarlar verirlər. Ona görə də tövsiyə olunur ki, depressiyada olan insanlara psixoloji dəstək göstərilsin”.

 

İntihar “dəb”i…

 

E.Rüstəmov deyir ki, fərd özü depressiyada olanda intiharı hansı formada həyata keçirəcəyi barədə düşünür:

“Bu minvalla da araşdırmalara başlayır. Araşdırma zamanı yaxın vaxtda və hansı şəkildə intihar edənlər barədə yazılanları oxuyur. Başlayır onun üzərində fikirləşməyə. Ona görə də intiharlar az qala “dəb”lə gedir. Müəyyən müddətdə özünü yandırmaq, hündürlükdən atılmaq, sirkə içmək və s. ən çox müraciət edilən intihar formaları idi. Buna da birbaşa bizim informasiya və internet əsrində yaşamağımız təsir edir. Əvvəllər klassik formalar vardı: asmaq, kəsici-deşici alətlə özünə qəsd etmək, dərman pereparatlarından istifadə. Amma bu gün intiharın ağla gələn və gəlməyən çox sayda formaları təzahür edir”.

 

Canından bezən insan belə, son anda canının daha az ağrımasını istəyir

 

Psixoloq bildirir ki, insanlar intiharı seçərkən əsasən daha ağrısız varianta üstünlük verirlər:

 

“Əslində intiharın çox sayda kütlə tərəfindən bilinməyən növləri var. Bu növləri mətbuata açıqlamağı doğru saymıram. Çünki bu halda olan insanları yönləndirmiş və onlara mənfi təsir etmiş olarıq. Dünyanın inkişaf etmiş bəzi ölkələri intihara görə birinci yeri tuturlar. Bura İsveç, Norveç, Şimali Avropa ölkələrini daxil edə bilərik.

Azərbaycanda da intihar hallarının artdığını müşahidə edirik. Bunun da bir çox səbəbləri var. Aparıcı səbəb kimi psixoloji faktor, ailədaxili konfliktlər, münaqişələr, fərdin ailə və ərafla münasibətlərinin gərginliyi, zərərli vərdişlərdən asılılıq və s.ni göstərmək olar.

Qeyd edim ki, intihara cəhd intihar halı kimi dəyərləndirilmir. Məsələn, yüksək dozada alkoqolun, həblərin, uyuşdurucu maddələrin qəbulu şüuraltı intihardır. Sadəcə, statistikada bunlar intihar kimi qeydə alınmır. Hətta sovetlər dönəmində də statistika bu cür gedirdi.

İntihar affekt vəziyyətində verilən qərar ola bilər. Bu yaxınlarda Şəmkirdə ana və iki azyaşlı uşağının intiharı nadir rast gəlinən hadisədir. Hər zaman belə hallar baş vermir. Məsələnin dəhşətli tərəfi ananın məhz uşaqları ilə birgə intihar etməsidir. Həyatı boyu körpəsini qoruyan, ona zərər verilməsinin qarşısını alan biri onları özü ilə ölümə aparır. Dəhşət bundadır. İnsan intihar haqqında düşünəndə belə, hər zaman kiməsə görə bu fikirdən vaz keçir. Kimi atasına, kimi anasına, kimi sevdiyinə, kimi də balasına görə. Ancaq ümumən götürəndə normal insanda belə,  intihar düşüncəsi ola bilər. Ancaq bu o demək deyil ki, o intiharı reallaşdırır. Reallaşdırmaq məqamı kəskin psixoz, affekt hallarında ola bilər. Fərd kəskin stress vəziyyətində qərarları kontrol edə bilmir. Bu da an məsələsidir. Ən azı 10 saniyə müddətində bundan vaz keçə bilər. Həmin müddəti atlada bilən insan peşmanlıq hissi duyur. Ən bariz nümunə toksikologiyadır. Gedib baxsanız, görərsiniz ki, insanların müəyyən bir qismi konfliktlər üzündən intihar məqsədilə özünü zəhərləyir. Onlar sonradan etdikləri əmələ görə peşman olduqlarını etiraf edirlər”.

 

“İntihar etmək istəyirsinizsə, bunu sabaha qədər təxirə salın”

 

Mütəxəssis bildirir ki, intihar edən insan o an belə, canının daha az ağrımasını istəyir:

“Bu həyatda problemsiz insan yoxdur. Dərd varsa, dərman da var. Ancaq fərd depressiya halında dərdinin dərmanını tapa bilmir. Nəticədə özünə qapanır və intihara əl atır.

Fərd kəskin psixoz, yaxud affekt halında nə edəcəyini bilmir. Şəxsin hansı intihar üsulunu seçməsi həmin an olduğu yerdən çox asılıdır. İntiharın böyük bir qismi ani verilən qərarla olur. Doğrudur, fərd uzun müddət bu barədə düşünür. Amma addımı anidən atır. Bəzən intiharı konkret olaraq harada reallaşdırcağı barədə qərar vermir. Versə belə, son qərar olmur. İnsan intiharı seçəndə belə daha ağrısız yolu seçməyə çalışır. Bütün hallarda intihar edən insanların peşman olduğunu görürük. Müəyyən olunub ki, özünü suya atan, yaxud ipdən asan adamların boyunlarında qançır izləri aşkarlanır. Bu isə onların son anda qurtulmaq istədiyinə işarədir. O an qərarı verir, amma peşman olanda geri dönüşü olmur.

İntihar çıxış yolu deyil. Kəskin stress halında olan insan diqqətini başqa bir şeyə yönəltsə, yaxud “sabah edərəm” deyib təxirə salsa, vəziyyətdən çıxmış olar. Mən əminəm ki, insan sabah intihar düşüncəsində olmayacaq. İntihar dinimizdə də qəbul olunmur.

Sırf intihar hadisəsilə bağlı böyük tədqiqat əsəri yazan fransız sosisoloq və filosofu Emil Dürkaym olub. O, intiharın bütün müstəvilərdə sosial-psixoloji tərəflərini əsərində geniş təhlil edib. Digər mütəfəkkir, intiharın kriminalistika tərəfini araşdıran isə italyan kriminalist və psixiatoru Çezare Lambrozzodur.

İnsan problemi olduğunda müraciət edəcəyi bir yerin varlığını duymalıdır. Ən azı  yaxınlarından, doğmalardan dəstək almalıdır. Etiraf etmək lazımdır ki, indi qohumlar əvvəlki qədər yaxın deyillər. Çünki hər kəsin öz qayğıları var”. (Modern.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir