xestexana

Özümüz insultdan necə qoruya bilərik?

Baxış sayı: 1. 597
Bu günlərdə Səhiyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, Azərbaycanda il ərzində 100 min əhali arasında 200-300-ə yaxın insultla xəstələnmə qeydə alınır. Trend-in məlumatına görə, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nevrologiya kafedrasının assistenti Rahim Əliyev bildirib. Onun sözlərinə görə, insult keçirən xəstələrin 30 faizi ilk ay ərzində dünyasını dəyişir, digər 30 faiz əlil olur, başqasının yardımına ehtiyacı olur. Qalan xəstələr əmək fəaliyyətini bərpa edə bilir. R.Əliyev deyib ki, gənclər arasında insultla xəstələnmə göstəricisi aşağıdır: “Rusiyada aparılan sorğuya əsasən, gənclər arasında insultla xəstələnmə göstəricisi hər 100 min nəfər arasında 30 nəfər təşkil edir. Proqnozlara görə, 20 il ərzində dünyada insult riski 30-35 faiz azalacaq. Amma eyni zamanda, əhalinin yaşlanması ilə insultla xəstələnmə riski 11 faiz artacaq”.
R.Əliyev qeyd edib ki, ürək əməliyyatları edən insanlar arasında da insulta rast gəlinmə faizi çox olur: “Eyni zamanda, əhali yaşlaşdıqca, insanların ömrü uzandıqca da insult riski çoxalır. Müxtəlif yaş qruplarında insultun risk faktorları müxtəlif olur. Anadangəlmə ürək qüsurları, bədxassəli, irsi arteraial hipertensiya, təzyiqin cavan yaşda yüksək olması, qan xəstəlikləri, narkotiklərdən istifadə cavan yaşda insulta səbəb olur. Yaşlılarda isə şəkərli diabet, arteraial hipertensiya və s. insulta səbəb olur. Qadınlarda rast gəlinən insultun isə özünəməxsus xüsusiyyətləri var. Hamiləlik, abort, zahılıq dövrü, kontraseptivlərdən, narkotiklərdən istifadə, zərərli vərdişlər, o cümlədən siqaretdən istifadə qadınlarda insult riskini artırır”.
R.Əliyevin sözlərinə görə, insult daha çox kişilər arasında rast gəlinir: “İnsult keçirən qadın və kişilərdən hansının insultdan sonra daha çox yaşaya biləcəyi isə onlarda risk amillərinin çox, yaxud az olmasından asılıdır. Kişilərdə risk amillərinin çox olması, zərərli vərdişlər, gərgin iş insultdan sonra onların reabilitasiyasına mənfi təsir göstərir. Beyin infarktı keçirən xəstələrin beyin qansızması olan, yəni insult keçirən xəstələrə nisbətən yaşama riski yüksəkdir. Amma beyin infarktı keçirən xəstə ilə müqayisədə, qansızma keçirən və bundan sonra sağ qalan xəstədə əlillik daha az olur”.
Bəs görəsən xəstəliyin geniş arealda yayılmasının əsas səbəbi nədir? Özümüzü insultdan necə qoruya bilərik?
 
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, statistik rəqəmlər tam olaraq reallığı əks etdirmir: “Təəssüflər olsun ki, bu gün bir çox insult xəstələri evdə, yaxud özəl xəstəxanalarda müalicə aldığına görə açıqlanan rəqəm tam reallığı əks etdirmir. Xeyli sayda qeydiyyata düşməyən xəstələr var ki, onlar statistikada göstərilmir. Xəstəliyin geniş arealda yayılması ilk növbədə müasir həyat tərzi ilə bilavasitə bağlıdır. Həddən artıq qida qəbulu və ziyanlı qidalardan çox istifadəyə olan meyllilik  nəticəsində orqanizmə daxil olan kalorinin yanma prosesi demək olar ki, getmir. Bu, kalori orqanizmdə depolanır və  xolestrinin yanma məhsulları damarları kirəcləşdirərək onların tutulmasına səbəb olur. Damarlarda kirəcləşmə ürək və beynə gedən qan təchizatını pozur və insanın erkən yaşda əmək qabiliyyətini aşağı salır. Belə ki, zədələnmiş damarların elastikliyi itir və arterial təzyiq əmələ gəlir. Arterial təzyiq isə ürəyə və beynə əlavə yük olur. Bəzən elastikliyini itirən damarlar qopur və bu zaman beynə qan sızır, yaxud tromblaşaraq tromboz yaradır. Ona görə də insanın həyat tərzi burada mühüm rol oynayır. Bizdə insanlarımız kütləvi idmana meyilli deyil və az hərəkətdə olurlar. Oturaq həyat tərzi, artıq çəki şəkərli diabet və insult kimi xəstəliklərin gəncləşməsinə gətirib çıxarır. Xəstəliyin xüsusi çəkisinin azalması üçün aktiv həyat tərzi mühüm əhəmiyyət daşıyır. Sağlam qidaya, piyada gəzməyə üstünlük vermək, davamlı hərəkətdə olmaq lazımdır. Bundan başqa siqaret çəkmə, həddən artıq alkoqolun qəbulu insultu yaradan səbəblərdəndir. Siqaret beyin damarlarını daraldır, spirt isə yağlı qidaların qana sovrulmasını tezləşdirir. Ümumiyyətlə, spirt orqanları tez zədələyib sıradan çıxarır və funksional pozuntulara səbəb olur. Təəssüflər olsun ki, son dövrlərdə qadınlar arasında siqaret çəkənlərin sayı həddən artıq çoxalıb. Bu, özünü qadınlar arasında insultun artmasında büruzə verir. Qadınların işləməməsi, bütün günü oturaq vəziyyətdə qalması, həddən artıq qida qəbulu erkən vaxtda qan təzyiqinə və insulta gətirib çıxara bilir. İnsultdan sonrakı bərpa mərhələsi onun beyin damarlarının hansı hissəsini zədələnməsindən asılıdır. Beyin resurslarının nə qədər qalması, tromboz sayının nə qədər olması insultdan sonrakı mərhələ üçün çox önəmlidir. Bundan başqa, insultun lokalizasiyası və genişliyi, həmçinin xəstənin yaşı sonrakı dövr üçün əhəmiyyətli hesab edilir”.
 
Nevropatoloq Rima İbadova bildirdi ki, son dövrlərdə insult sıx müşahidə olunan və gəncləşən xəstəliklər siyahısındadır: “Qeyri-sağlam həyat tərzi, sağlam olmayan qidalanma, yəni süni, konservant tərkibli, yağlı, xolestrinli qida qəbulu, fast-fudlara üstünlük verilməsi orqanizmdə xolestrinin artmasına və artıq çəkiyə səbəb olur. Nəticədə bu faktorlar insultun tezləşməsinə gətirib çıxarır. Düzgün olmayan həyat şəraiti, oturaq iş rejimi, siqaret, spirtli, energetik içkilərdən çox istifadə, gərgin iş rejimi əsas səbəblər sırasındadır. Gərginlik, depressiya arterial təzyiqin, şəkər riskinin artması deməkdir ki, insultun əsas səbəbləri sırasında da təzyiq və şəkər dayanır. Havanın çirkli olması, geo-maqnnit dalğalarının normadan çox olması arterial təzyiqin davamlı yüksəlməsinə səbəb olur ki, bu da insult riski faktını yüksək saxlayır. Ümumilikdə, insult beynin müəyyən bir hissəsində qanamanın yaranması və beynin qansız qalması ilə əlaqədar yaranan xəstəlikdir. Ona görə də ilk olaraq risk faktorlarının qarşısı alınmalıdır. Təzyiqimizi normal saxlamalı, aktiv həyat tərzi sürməliyik. Məsləhətdir ki,  müəyyən yaşdan sonra qandurulducu dərmanlardan istifadə edilsin. Dünyada 40-45 yaşlarından sonra profilaktik olaraq aspirin və bu tərkibli qandurulducu dərmanlardan istifadə edilir. Çünki qanın laxtalanmasının normaya düşməsi insult riskini azaldır. İnsultun işemik formasında beyin qansız qalır, hemorraqik insult isə əksinə, beynin müəyyən hissəsində qanama nəticəsində yaranır. Qeyd edim ki, hemorraqik insult insultun daha ağır formasıdır. İnsultdan sonra bərpa erkən müdaxilədən və xəstəliyin formasından asılıdır. Əgər insanda güclü başağrısı, keyimə, ürəkgetmə, qıcolma, nitqdə tutulmalar, üzdə hər hansı əyilmələr, bulanıq görmə, qəfil və ildırımvurma şiddətində baş ağrıları hiss olunursa, bu, insultun əlamətləridir. Bu əlamətləri hiss edirsinizsə, dərhal həkimə müraciət etmək lazımdır. Çünki insultda belə bir deyim var ki, vaxt beyindir. Nə qədər erkən müdaxilə olunarsa, beyin hüceyrələrini o qədər qorumuş olursunuz. Bu, həm də sonrakı fəsadların da minimuma endirilməsində mühüm rol oynayır”.
Şəbnəm Mehdizadə



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir