usaq

“Emosional xanımların qızı olur” iddiası doğrudurmu? – ARAŞDIRMA

Baxış sayı: 1. 454

Onlar ailədə yeddi bacı olub. Hazırda özü də ailəlidir. Ailə quranda qohum-qonşu, tanış-biliş deyib ki, birdən sənin də yeddi qızın olsa, nə edərsən?

Aygün xanım nə birinci, nə də ikinci hamiləliyi zamanı ultrasəs müayinəsinə gedərkən övladının cinsi ilə maraqlanmayıb. Deyir ki, övlad sevincdir, arzudur, əsas odur ki, sağlam və xeyirli övlad olsun: “Birinci hamiləliyimdə də maraqlanmamışam. Təsəvvür edin, hamı üçün çox maraqlı idi. Mən ailədə altı bacımla birgə böyümüşəm. Ona görə də heç fərq etmirdi. Nə həyat yoldaşım elə bir şey düşünüb, nə də mən”.

İngilis alimlər və genetiklər hesab edir ki, oğlan anası olmaq istəyən qadınların əsəbləri normada olmalıdır. Oksford Universiteti alimlərinin apardıqları araşdırmanın nəticələri belədir. Mütəxəssislər ana olmaq istəyən 300 qadını müşahidə ediblər. Məlum olub ki, döllənmə zamanı xroniki stress vəziyyətində olan qadınların qız anası olmaq şansları daha çoxdur.

Eksperimentə cəlb edilmiş qadınların orqanizmlərində böyrəküstü vəzin ifraz etdiyi və xroniki stressin göstəricisi olan kartizol və beta-amilaz fermenti kimi hormonların göstəriciləri ölçülüb. Beta-amilazın artması insan orqanizmində adrenalinin çoxalmasına dəlalət edir ki, bu da emosional durumlarda baş verir. Eksperimentə cəlb olunan qadınlar 58 oğlan və 78 qız dünyaya gətiriblər. Orqanizmlərində kartizolun səviyyəsi yüksək olan qadınlarda qızlar daha çox doğulub. Ümumiyyətlə, belə qadınların qız anası olma şansları 75 faiz çoxdur.

Digər müsahibimiz Aybəniz xanım deyir ki, xaraktercə sakit olsa da, onun iki övladı oğlan, sonuncu övladı isə qızdır: “Hə, çox maraqlı araşdırmadır. Mən bir az fərqli eşitmişəm. Böyüklərdən eşitmişdim ki, guya sakit qadınların uşaqları daha rahat olur, əsəbi insanların isə uşaqları nadinc olur. Qız övladım olmasına oğlandan çox sevinmişəm. Əməliyyatdan sonra həkimə sual da verdim ki, doğrudan qızdır? Bu qədər səbirsizliklə gözləmişəm qızımın yolunu. Yoldaşımgilin nəslində, ümumiyyətlə, qız uşağı azdır”.

Respublika Müalicə Diaqnostika Mərkəzinin genetik-mütəxəssisi, biologiya elmləri doktoru, tibbi genetika sahəsində uzun müddət tədqiqatlar aparmış Elxan Rəsulov məsələyə belə aydınlıq gətirib: “Bunun elmi əsası olacağına inanmıram. Amma ola bilər ki, mütəxəssislər, yəni nevropatoloqlar, psixoloqlar müxtəlif xarakterli qadınlar arasında araşdırma aparıblar. Bu, onların qənaəti ola bilər. Hesab edirəm ki, bu araşdırma mif xarakterlidir. Bilirsiz, belə genetik xüsusiyyətlər olur ki, nəsildə daha çox oğlan və yaxud qız uşaqları doğulur. Uşağın cinsini isə “X” və “Y” xromosomlar müəyyən edir. Anada iki “X”-dir. Amma istənilən halda o, iki “X”-dən birini verir. Ata da isə həm “X”-dir, həm də “Y”-dir. Ata “X” verəndə bu, ana bətnində qadının “X” ilə birləşib qız uşağı, “Y” verəndə isə oğlan uşağı doğulur. Hər hansı bir ailədə qız uşaqları doğulursa, bunun səbəbi anada yox, atanın genetikasındadır” .

Qadın xəstəlikləri üzrə mütəxəssis, doğum həkimi Məhəmməd Qəmbərov da deyir ki, bu araşdırmaların heç bir tibbi əsası yoxdur: “Sadəcə, fərqli-fərqli yanaşmalar var. Mentalitetə görə, bəzi dövlətlərdə də müxtəlif inanclar var. Məsələn, Azərbaycanda bəzi xəstələr bizə müraciət edəndə soruşurlar ki, doktor, eşitmişik sağ tərəf yumurtalığından ovulyasiya, yumurtlama olduğu vaxtda qız olur, sol tərəf yumurtalığından ovulyasiya yumurtlaması zamanı oğlan. Bax, belə yanaşma tərzləri olur. Amma bunların heç birinin tibbi əsası yoxdur. Dünya statistikasında qız-oğlan nisbəti Azərbaycan da daxil olmaqla təqribən 51-52 faizini oğlan, 47-48 faizini isə qız uşaqları təşkil edir”.

Cinsindən asılı olmayaraq, övladımızı sevək, sevgi ilə böyüdək, cəmiyyətə və ailəsinə xeyirli vətəndaş kimi təqdim olunması üçün məsuliyyətimizi dərk edək.

Bütün ailələrə bu sevinci yaşamaq arzusu ilə… (APA TV)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir