ABŞ-ın Texas ştatının məşhur Baylor Universitetinin alimləri hələ bir neçə il bundan əvvəl smartfonları ailələri dağıdan “yenilik” kimi qiymətləndirəndə, araşdırmaları cəmiyyətdə təəccüblə qarşılandı. Baxmayaraq ki, aparılan sorğularda respondentlərin 70 faizi problemin artıq cəmiyyətdə mövcudluğunu təsdiqləmişdi. “Başlanğıcda insanların komfortu, ünsiyyət vasitəsi kimi yaranan mobil telefonlar sonradan dağıdıcı funksiyası ilə də məşhurlaşdı. Texnoloji yeniliklər özü ilə fəlakətlər də gətirir” – deyə alimlər qeyd edirdilər. İndi isə alimlər baş sındıraraq bu faydalı alətlərin “zərəri”ndən qaçmağın yollarını düşünürlər.
Elə bu günlərdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsi ilə bağlı narahatlığını da problemin bizim cəmiyyətə sirayət etməsinin təzahürü kimi dəyərləndirmək olar. Belə ki, Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov “internetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir” – deyə qeyd edib.
Cəmiyyətdə baş verən ailə dramları, xüsusən qadınların zorakılığa məruz qalması faktlarının kökündə çox vaxt əsaslı olub-olmasa da, təsdiqini tapıb-tapmasa da, sosial şəbəkələr vasitəsilə xəyanət məsələsi durur. Məhz əsası olan və olmayan bu şübhələr sonradan qadınlara qarşı zorakılığın artmasına, onların bəzi hallarda rüsvayçılığa məruz qalmasına səbəb olur. Əlbəttə, cinayətə heç kəs haqq qazandırmasa da, texnoloji alətlərdən faydalı istifadənin hamı tərəfdarıdır.
Virtual xəyanət
“Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəyanətə sürüklənirlər”. Sosioloq Əhməd Qəşəmoğlu sosial şəbəkələrin bu gün ailələrin dağılmasında böyük rol oynadığını təəssüflə qeyd edir: «Artıq hüquqda “virtual xəyanət” adlı termin yaranır. Yəni əvvəllər xəyanətdə fiziki olaraq istifadə olunur və ona görə cəzalar verilirdisə, bu gün artıq virtual xəyanət ciddi müzakirə obyekti olub. Hətta təkliflər səslənir ki, bununla bağlı qanunvericilikdə müəyyən maddələr nəzərdə tutulsun”.
İnternet inkişaf etdikcə, sosial şəbəkələrin günümüzün ayrılmaz hissəsinə çevrildiyini deyən sosioloq bizim bu inkişafdan geri qala biləcəyimizi düşünmür: “Əgər ölkəyə qrip yayılıbsa, buna qarşı immuniteti gücləndirmək lazımdır. İnsanların immuniteti güclü olanda, xəstəliyə qarşı müqavimət də güclü olur. Biz gənclərdə mənəvi immuniteti gücləndirmək istiqamətində çalışmalıyıq. Mən həmişə deyirəm: sosial şəbəkələr ilan zəhəri kimidir – düzgün istifadə edəndə dərman, aşırı olanda öldürücüdür. Ona görə biz orta məktəblərdə məzmunlu, elmi üsullarla hazırlanmış tədris vasitələrindən istifadə etməliyik. Ciddi elmi əsaslarla fəaliyyət proqramı hazırlanmalı, ölkədə güclü maarifləndirmə işləri həyata keçirilməlidir”. Qadınların sosial şəbəkələrə aludəliyinə və bu üsullarla ailəyə xəyanətinə gəlincə, sosioloq bildirir ki, bizim qadınların bəzilərinin təhsil səviyyəsi aşağı olduğundan, həm də evdə işsizlikdən darıxdığından başlarını ya kompyuter, ya da mobil telefonla qatırlar: “Belə vəziyyətdə onlar kənar əlaqələr yaradırlar. Xüsusən, əgər ailə münasibətlərində gərginlik varsa, qadın həyat yoldaşından eşitmədiyi xoş sözləri təsadüfən ona dostluq göndərən kənar adamdan eşidirsə, bu, onu daha çox cəlb edir. Real həyatda bəzən 5-6 aya aradan götürülə bilməyən pərdə sosial şəbəkədə iki-üç saata və ya bir-iki danışıqdan sonra aradan qalxır. Necə deyərlər, üz görmür, göz utanmır. Açıq-saçıq mətnlər yaranır. Hansı ki, Azərbaycan qadını buna vərdiş etməyib və bunlara qarşı immuniteti yoxdur. Digər tərəfdən, ər sarıdan arzuolunan nəvaziş də çatışmır. Buna görə tez bir zamanda arzuolunmaz münasibətlər yaranır. Bu da ailənin dağılmasına və ailə münaqişələrinə, bəzən də faciələrə gətirib çıxarır. Ancaq bəzi ailələr də olur ki, onlar biabırçılığın baş verməməsindən ötrü səslərini çıxarmırlar. Bu cür hadisələr ailədə mühitin pozulmasına, uşaqların tərbiyəsinə və mənəviyyatlarına mənfi təsir edir. Ailənin gələcək taleyi də pozulur. Hesab edirəm ki, təcili şəkildə ciddi fəaliyyət proqramı hazırlanmalıdır».
Keçmişdəkiləri axtarmağın psixoloji problemi
Psixoloq Zeynəb Əyyubova boşanma iddialarının təkcə kişilər tərəfindən irəli sürülməsi fikri ilə razı deyil. Belə ki, boşanma statistikalarına baxanda, iddia ərizəsi hər iki tərəfdən yazılır: “Sosial şəbəkələr həyatımıza işıq sürəti ilə daxil olandan sonra təkcə qadınlar deyil, kişilər tərəfindən də xəyanətlər baş verdi. Sadəcə, Azərbaycan mentalitetində kişilərin belə hərəkətləri qabardılmır. Qadınların isə bu cür səhvlərə yol vermələri qabardılır və cəmiyyətdə bağışlanılmaz kimi qəbul olunur”.
Psixoloqun fikrincə, qadın qayğısızlıqdan və diqqətsizlikdən dolayı ən zəif vaxtlarında keçmiş sinif yoldaşını, sevgilisini, keçmiş nişanlısını sosial şəbəkə vasitəsilə axtarıb tapır və ya o olmasa belə, yeni bir insanla yazışmaqla ilkin mərhələdə onunla dərdləşmək, başa düşülmək istəyir. Digər mərhələdə isə aldatmaq məqamına gəlib çıxır. Qadınların keçmişdəkiləri axtarmağında psixoloji problem var. Çünki onlar keçmişi xatırlayarkən o həyatlarında olan insanlarla bağlı pis heç nəyi yada salmırlar. Axtardıqları yalnız yaxşını xatırlamaqdır”. Psixoloq həyata keçirdikləri seanslar, terapiyalar zamanı bu cür hadisələrlə tez-tez qarşılaşdığını deyir: «Bu günlərdə mənə şikayət edən bir kişi dörd dəfə xəyanətin qurbanı olduğunu dedi. Bağışlamasına rəğmən uğur əldə edə bilməyib. Demək, ailədə nəsə düz deyil. Bunun da nəticəsində ailələrdə bu cür problemlər baş verir».
Z.Əyyubova sosial şəbəkələrə aludə olan və bu üzdən ailəsində qalmaqal və ya xəyanət yaranan qadınlara haqq qazandırmağın tərəfdarı deyil: “Azərbaycan qadınına, mənəviyyatı xalqımızın milli mentalitetinə xas olan bir xanıma xəyanət etmək, aldatmaq kimi ucuz işlər yaraşmaz. Əgər doğrudan yolunda getməyən nəsə varsa, ailə böyükləri ilə, himayədarları ilə məsləhətləşib problemi yoluna qoymağa çalışın. Aldatmaq qədər iyrənc varianta əl atmayın». Psixoloqun fikrincə, toy mərasimlərinin dəbdəbəli keçməsinə xərclənən vəsaitlər maariflənməyə sərf olunsa, daha yaxşı nəticə verər: «Biz bir cütlükük, hansısa məqamda uyuşmamaq mümkünmü?» kimi məqamlarla bağlı psixoloqlara müraciət olunsa yaxşı olar. Əvvəllər toy kasetlərinə baxanda, görürdük ki, ata qızını gəlin köçürəndə «sən bu evdən gəlinliklə çıxırsan, yalnız ağ kəfənlə qayıda bilərsən» – deyirdi. İndi isə atalar çox vaxt: «sən çağır, atan hazır» – deyirlər. Mən demirəm ki, Azərbaycan valideyni öz övladının arxasında durmasın, amma şüuraltı qızının gedəcəyi evdə fundamenti zəif qazmasın».
İnsan səhv addım atırsa
Vəkillər Kollegiyasının üzvü Ruslan VəliyevKomitənin səsləndirdiyi fikirləri inkar etmir: “Görünür, Komitənin problemlə bağlı statistik məlumatları və faktları var. Ancaq öz təcrübəmdən və məşğul olduğum işlərdən çıxış edərək deyə bilərəm ki, ailələrin boşanmasının əsas səbəbi heç də təkcə qeyd olunan məsələlər deyil. Yəni boşanmaların müxtəlif səbəbləri ola bilər. Təbii ki, Komitənin qeyd etdiyi nüans da boşanmanın səbəblərindən biri ola bilər. Həmçinin informasiya texnologiyaları inkişaf etdikcə, insanların sosial şəbəkələrdə çox vaxt keçirməsi də ailələrdə münaqişələrə səbəb ola bilən amillərdəndir”.
Hüquqşünas hesab edir ki, insanların pis əməlləri, xəyanətləri əvvəllər dillə çatdırılırdı və bu yenə də ailələrin dağılmasına və digər faciələrə səbəb olurdu: “İndi isə belə informasiyaların çatdırılması üçün daha operativ vasitələr var. Bu da mobil telefondur. Telefon adi vaxtda informasiyanın çatdırılması üçün bir vasitədir, ancaq bəzən fərqli məqsədlər üçün də gərək olur. Hesab edirəm ki, insanlar çıxış yolu kimi daha vicdanlı davranmalı, ailə münasibətlərində daha düzgün addım atmalıdırlar. Bu cür məsələlərdə yanlışlığa yol verənlərin aqibəti təbii ki, kədərli olacaq. Ümumiyyətlə, insan səhv addım atırsa, bunun mənfi nəticələri olmalıdır».
Mütəxəssislər bildirir ki, smartfonlar həyatımızda nə qədər mühüm yer tutsa da, bəzən həyatımıza faciələr də gətirirlər. Bəzən bunu müşahidə etmirik, amma telefonlar, planşetlər tədricən münasibətləri soyudur. Əgər hər şey belə davam edərsə, insanlar ümumiyyətlə canlı ünsiyyətin nə demək olduğunu unudacaqlar. Ailədən başlayan bu cür münasibətlər bütün cəmiyyətə sirayət edəcək. Digər tərəfdən, alimlər yeni nəsil texnologiyaların yaradılması üzərində düşünürlər. İnsan münasibətləri və texnologiya arasında vurnuxmaların sonunun necə olacağı isə hələ məlum deyil…
Təranə Məhərrəmova