Dəstəgül, Şura, Düymə, Xətkeş, Dalaverdi, Komabayn, Trxator və ən nahəyət, Peysər. Bu sözləri təsadüfən böyük hərflərlə yazmadıq. Bunlar insan adlarıdır, bəli, bəli insan adları!
Təəssüf ki, zaman-zaman övladlarımıza yaraşmayan adlar qoyub əslində, onların gələcəyi üçün problemlər yaratmışıq. Hazırda bu tendensiya qabarıq olmasa da, bu gün də babasının, nənəsinin köhnəlmiş adını övladına qoyan valideynlər, nənələr, babalar var. Bəzən valideyn bu missiyanı öz valideyninə, yəni yeni doğulmuş körpənin baba-nənəsinə həvalə edir, onlar da… arxaizmə baş vururlar…
Bəs maraqlıdır, uşağa ad seçmək daha çox kimin haqqıdır? Uşağa adı kim qoysa, daha yaxşıdır?
Bu mövzuda kiçik bir sorğu aparmışıq. Respondentlərimizin maraqlı fikirləri var, buyurun tanış olun:
Aytən Səfərova, teleaparıcı:
– Fərqi yoxdur, kim qoymalıdır. Məsələn, mənim adımı rəhmətlik bibim qoyub – Aytən. Variantlar çox olub – Səkinəxanım, Leyla, Samirə, Səbinə, Dürdanə, Hökumə, Ökbə, Minə. Axırda bibim deyib ki, ZAQS kağızın verin özüm “metrika” alacam. Heç kimə də demədən adımı Aytən qoyub. Əsas valideynin razılığıdır, həm də ad elə qoyulmalıdır ki, uşağın gələcəkdə problemi olmasın. Məsələn, bir ağbircək tanıyıram, adı Qızməmədir. Indiyədək əziyyət çəkir adına görə. Ya da Traktor, Kommunist və s.
Günay Malikqızı, jurnalist, Bakı Park Bulvar AVM-nin PR-meneceri:
– Məncə, bu məsələdə prinsipiallıq olmamalıdır. Bütün variantları nəzərdən keçirilməli və ən uğurlusu seçilməlidir. Bizim qızımızın Zeynəbin adını atası qoyub.
Günay Arda, jurnalist:
– Dədə Qorqud (gülür). Mən və atası seçmişik övladlarımızın adlarını. Oğlumun adını mən qoymuşam, qızımın adını isə atası. Valideynlər qoymalıdır. Uşağın valideynləri bir nəsil yox, iki adamdır. Mənim adımı isə xalam qoyub.
Elmin Həsənli, jurnalist:
– Uşağa adı valideynlər qoymalıdır. Bizim uşaqlar əkizdir. Birinin adını mən qoymuşam, digərinin adını isə həyat yoldaşım.
Aida Eyvazlı, jurnalist:
– Qədım adət-ənənələrimizə görə, uşağa adı evin böyükləri qoyardılar. Mənım qızıma ad qoyanda məsləhət etdik, rəhmətlik atam bir ad dedi, qızımın atası başqa bir ad dedi, sonda mən deyən oldu. Qızımın adını mən verdim, taleyini tanrı yazdı.
Cavid Zeynallı, yazıçı-jurnalist:
– Hər halda, bu haqda ilk növbədə valideynlər sahibdirlər. Yəni ata və ana bəzən illərlə xəyallarında yaşatdığı adı övladına vermək istəyir. Bəzən ata və ana arasında uşağın adına görə fikir ayrılığı olur. Bunu başa düşmək olar. Amma nənə və babanın uşağın adının qoyulmasına müdaxilə etməsini qəbul etmək mümkün deyil. Fərz edək, ana istəyir, oğlunun adını Emin qoysun, baba deyir yox, mənim atamın adı nəsildə yaşamalıdır, ona görə nəvəmin adı Əşrəfəli olmalıdır. Və bəzən uşaq nənənin, babanın verdiyi addan ömrü boyu xəcalət çəkir. O ki qaldı, mənim övladımın adına, onu mən vermişəm.
Ramil Zeynallı, jurnalist:
– Sevimli peyğəmbərimiz Məhəmməd (s.ə.s) buyurmuşdu ki, uşaqlarınıza gözəl adlar qoyun. Düşünürəm, adı uşağın valideynləri qoymalıdır. Övladımın adını isə həyat yoldaşımla məsləhətləşib qoymuşuq.
Arif Mikayılov, şair:
– Övladımın adını yoldaşımla məslətləşərək qoyduq.
Vüqar Orucov, mühasib:
– Mənim fikrimcə, bu, ailə üzvləri arasında birlikdə həll edilə bilər. Bizdə birinci qızımın adını mən, ikincini anam, oğlumu isə birlikdə razılığa gələrək qoymuşuq.
Eyvaz Qocayev, “sumqayitxeber” saytının baş redaktoru
– Uşağın adını yaxşı olar ki, valideynlər özləri qarşılıqlı müzakirə nəticəsində qoysunlar. Hər iki valideyn, ata da, ana da birgə qərar verməlidir. Övladımın adını birgə qərar qəbul edərək qoymuşuq
Emil Maqalov, ARDNŞ-nin əməkdaşı:
– Məncə, uşağın adını ata-anası qoymalıdır. Bizim övladımızın adını anam bizimlə razılaşdıraraq qoyub.
Elçin Mahmud, müəllim:
– Uşağa adı ata və ana birlikdə qoymalıdırlar. Övladımın adını mən təklif etdim, yoldaşım bəyəndi
Ülviyyə Əzizova, tibb işçisi:
– Uşağın adını qaynatamgil qoyublar. Elə ad seçdik ki, dünyada tanınsın. Rafaello şokoladı da ən sevdiyim şokoladdır.
Suqra Məhərrəmova, pensiyaçı:
Məncə, uşağın adının kimin qoymasının o qədər də fərqi yoxdur. Nənə-babalar istərlər ki, nəvələrinə ad qoysunlar, ya da nəvələrə onların adı qoyulsun ki, xatirələrdə, adlarda yaşadıqlarını hiss etsinlər. Bir nəvəmin adını mən qoymuşam, birinə isə mənim adımı qoyublar.
Hazırladı: Səbinə
Yoldaşım təklif verdi, bir necə variantları, Fəridə adını hər ikimiz bəyəndik…:)))))))