2019-cu il mayın 30-da saat 3-4 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində beşmərtəbəli binanın həyətində ər arvadının başını kəsib. Belə ki, hadisədən bir müddət öncə Vüsal Məmmədov həyat yoldaşı Fəridə Məmmədova ilə mübahisə edib. Mübahisədən sonra xanım həyat yoldaşından şikayət edib. Bundan sonra qisas almaq istəyən ər arvadına hücum edib və yaşadıqları binanın qarşısında onun boğazını kəsərək qətlə yetirib. Özü isə ərazidən uzaqlaşıb.
Qətlə yetirilən F.Məmmədova evdar qadın olub və iki oğlunun tərbiyəsi ilə məşğul imiş. Amma ailədə iki ildir münaqişə olub. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və istintaq davam etdirilir.
Bu fakt son illərdə mediada hər gün oxuduğumuz acı talelərdən biridir. Statistik məlumatlar və mətbuatda yayılan faktlar göstərir ki, respublikamızda məişət zorakılığının qurbanı olan Fəridələrin sayı yüzlərlədir.
Məişət zorakılığına məruz qalanlardan 39 nəfəri həyatını itirib
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2018-ci ildə Azərbaycanda qeydə alınmış cinayətlər nəticəsində 331 nəfər qadın dünyasını dəyişib. Bu göstərici 2017-ci ildə 337 olub.
Ümumilikdə, qeydə alınan cinayətlər nəticəsində zərərçəkmiş şəxslərin ümumi sayı 2017-ci ildə 21 561, 2018-ci ildə 21 382 nəfər olub. Onlardan 2017-ci ildə 1 268, 2018-ci ildə 1 221 nəfəri məişət zorakılığı ilə bağlı cinayətlərdən zərər çəkib. Məişət zorakılığından daha çox qadınlar zərər çəksə də, onlar arasında kişilər də olub.
2017-ci ildə məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərərçəkənlərin 964-ü qadın, 304-ü kişi olub. Həmin qadınlardan 6-sı 18 yaşadək, 2-si isə hamilə olub. Məişət zorakılığına məruz qalanlardan 39 nəfəri həyatını itirib ki, onlardan da 4-ü 18 yaşadək qadınlar olub.
2018-ci ildə isə 915 qadın, 306 kişi məişət zorakılığından zərər çəkib.
Amma mətbuatda yayılan məlumatlar real rəqəmlərin rəsmi statistikadan xeyli çox olduğunu göstərir. Dünya təcrübəsində də məişət zorakılığının rəsmi statistikadan daha çox olduğu sübut olunub.
Ailədə qəzəbə tuş gələni qanun da xilas etmir
Məişət zorakılığına kişilərin və uşaqların da məruz qaldığı faktları olsa da, amma daha çox qurbana çevrilən qadınlardır. Ailədə qəzəbə tuş gələn qadını isə qanun da xilas etmir. Halbuki Azərbaycanda 2010-cu ildən qüvvədə olan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun var. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir.
Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.
Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.
Qanunun tələbinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxıla bilər. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır.
Mühafizə orderi alanların sayı zorakılığa məruz qalanların sayından dəfələrlə azdır
“Məişət zorakılığının qarşısının alınması haqqında” qanun 2010-cu ildə qüvvəyə minsə də, zərərçəkmiş şəxsə mühafizə orderinin verilməsi ilə bağlı müddəa 2 il işləmədi. Çünki “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası”nı Nazirlər Kabineti yalnız 2012-ci ilin fevralında qəbul etdi. Qaydaya əsasən uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizəyə məhkəməyə təqdim olunduqdan 3 gün müddətində baxılmalıdır. Ərizəyə məişət zorakılığından əziyyət çəkmiş və məişət zorakılığını törətmiş şəxsin iştirakı ilə baxılır. Ərizəyə baxılmasında məişət zorakılığı ilə bağlı araşdırmanı aparmış dövlət orqanının nümayəndəsinin iştirakı məcburidir.
Qısamüddətli mühafizə orderlərini yerinə yetirmədiyinə görə zorakılıq törədən şəxslər inzibati qaydada məsuliyyətə cəlb edilərək cərimə olunurlar. Amma uzunmüddətli mühafizə orderi icra olunmadıqda şəxs artıq məhkəmə qərarının icra edilməməsinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Amma bu gün də qanunun bu tələbi demək olar ki, işləmir. Hətta az sayda verilən mühafizə orderində nəzərdə tutulan qadağaların icrasının necə həyata keçiriləcəyi qeyri-müəyyəndir. Təcrübə isə göstərir ki, kağız üzərində yazılanları Azərbaycan cəmiyyətində təcrübədə tətbiq etmək olmur.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ünvanladığımız informasiya sorğusuna verilən cavabda bildirilir ki, məişət zorakılığına məruz qalanlara mühafizə orderlərinin verilməsinə 2013-cü ildən başlanılıb. 2014-cü ildə Azərbaycanda zorakılığa məruz qalan 3, 2015-ci ildə isə 6 nəfərə uzunmüddətli mühafizə orderi verilib. 2016-cı ildə 7 nəfərə mühafizə orderi verilib ki, onlardan 3-ü qısa, 4-ü uzunmüddətli olub. 2017-ci ildə isə 24 uzunmüddətli,10 qısamüddətli order verilib.
“Mühafizə orderinin tələblərinin təcrübədə tətbiq mexanizmi yoxdur”
Məsələyə münasibət bildirən «Təmiz Dünya» İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın qənaətinə görə, mühafizə orderinin alınmasından sonrakı proses nəticəsiz qalır: “Cünki icra orqanı hər hansı formada bu orderdə nəzərdə tutulan işləri reallaşdıra bilmir. Araşdırılsın görək, mühafizə orderinin verilməsindən sonra icra strukturu nə qədər səlahiyyətlidir ki, şəxsin zərərçəkmişə təkrar zərər yetirməməsinə nəzarət etsin. Demək, mühafizə orderi verilsə belə, əsas məsələ bunun nə qədər təsirli olması ilə bağlıdır. Təcrübə göstərir ki, qanunun olması, muhafizə orderinin verilməsi hələ zorakılığın qarşısının alınması demək deyil”.
“Beynəlxalq təcrübədə qısamüddətli mühafizə orderinin tələblərinin icrası polis orqanlarına, uzun müddətli mühafizə orderlərinin tələblərinin icrası isə məhkəməyə həvalə edilir. Mən indiyədək eşitməmişəm ki, ölkəmizdə mühafizə orderi verilən şəxsin yaşadığı evdən kimsə uzaqlaşdırılıb. Bu mənada mühafizə orderinin verilməsində müsbət tərəf görmürəm. Çünki mühafizə orderi Avropadan gəlmiş bir tendensiyadır və bu, kiçik ailələr üçündür. Bizdə isə böyük ailələrdir – qayınata, qayınana, baba, nənə, qayın, baldız, əmi, dayı… Təsəvvür edin mühafizə orderini tətbiq edəndən sonra zərərçəkən qadın o böyük ailə içərisində nə qədər təhlükəsiz yaşayacaq? Əgər mühafizə orderinin verilməsinin bizim cəmiyyətdə effekti yoxdursa, bunu tətbiq etməyin nə mənası var? Mühafizə orderi bizim cəmiyyət, Azərbaycan ailə modeli üçün yararsızdır. Qanunlar yazılarkən onların mövcud cəmiyyətə tətbiqini də nəzərə almaq lazımdır. Xarici ölkələrdə mövcud olan qanunların sadəcə tərcümə edilib qəbul edilməsi effektiv deyil”,- deyə M.Zeynalova vurğulayır.
Ekspert deyir ki, mühafizə orderi əvəzinə sosial işin təşkili və məcburi psixoloji yardım məsələsi gündəmə gəlməlidir: “Bunun reallaşmasına qanun yol verir. Digər tərəfdən bütün dünyada məhz qadınlara qarşı zorakılığın qarşısını almaq üçün qadın polislərin sayını artırırlar. Eləcə də polislərlə sosial işçilərin birgə əməkdaşlığını gücləndirirlər. Bu təcrübədən də yararlanmaq olar”.
8 regionda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir
Araşdırmalar göstərir ki, məişət zorakılığının qarşısının alınmasının bir yolu da qadınların iqtisadi fəallığının artırılmasıdır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən sorğumuza verilən cavabda bildirilir ki, 8 regionda Qadın Resurs Mərkəzi fəaliyyət göstərir. Məqsəd kənd və rayon yerlərində yaşayan qadınların və gənclərin iqtisadi həyatda fəal iştirakı, sahibkarlıq fəaliyyəti və məşğulluğu üçün iqtisadi imkan və bacarıqlarının artırılmasıdır. 2013-ci ildə Sabirabad rayonunda, 2015-ci ildə Neftçala rayonunda, 2016-cı ildə Masallı və Biləsuvar rayonunda, 2017-ci ildə Salyan rayonunda, 2018-ci ildə Zaqatala, Qusar və Bakının Xəzər rayonunda Qadın Resurs Mərkəzi yaradılıb.
Ünvan
Telefon
Koordinator
Sabirabad rayon Qadın Resurs Mərkəzi
Sabirabad şəhəri, H.Əliyevküç. 73
(023) 5-73-32
Mob: 050 540 26 99
Aygün Əliyeva
Neftçala rayon Qadın Resurs Mərkəzi
Neftçala şəhəri, H.Əliyev prospekti 34
(021) 26-3-17-90
Mob: 050 778 55 68
Gülgədəm Mirzəzadə
Biləsuvar rayon Qadın Resurs Mərkəzi
Biləsuvar şəhəri, H.Əliyev prospekti 1
(025 295 04 21
Mob: 055 -209-08-28
070-628-03-55
Natavan Əzizova
Masallı rayon Qadın Resurs Mərkəzi
Masallı şəhəri,
Qarabağ küç. 17
(025) 215-48-30
Mob: 051 349 12 89
Nərgiz Muxtarova
Salyan rayon Qadın Resurs Mərkəzi
Salyan şəhəri,
Təbriz Xəlilbəyli küç. H.Əliyev parkı
(021) 255 – 55-81
Mob: 051 529 57 39
055 314 58 65
Sevda Quliyeva
Zaqatala rayon Qadın Resurs Mərkəzi
Zaqatala şəhəri,
Car küçəsi 03
(024)225 62 81
051 517 2185
Tamella Mirzəyeva
Xəzər rayon Qadın Resurs Mərkəsi
Xəzər rayonu A.İldrım küçəsi 54 A
055 5574263
Lalə Cəfərova
Qusar rayon Qadın Resurs Mərkəzi
Qusar şəhəri Mirzə Vəliyev küçəsi
077 771 13 36
Kamilə Nəcəfova
Qadın Resurs Mərkəzləri, həmçinin, ölkə boyu kənd və rayon qəsəbələrində yaşayan iqtisadi baxımdan aktiv qadınlar arasında şəbəkənin yaradılmasına dəstək göstərmək məqsədini daşıyır və kənd qadınlarının işgüzar və sosial imkanlarının artırılmasına yönəlir.
Azərbaycan ailə modelində şəxs hər hansı hadisə ilə bağlı polisə, dövlət qurumuna, icra orqanına müraciət etməyə çəkinir. Çünki artıq bu zaman ailə münaqişəsi böyüyür və ailənin davam etməsi sual altında qalır. Buna görə də münaqişəli ailələrə qadın polislərin işləməsi daha məqsədəuyğundur. Həmçinin, elə sosial müdafiə sistemi yaradılmalıdır ki, bu məsələlərlə təkcə polis məşğul olmasın. Polisdən çəkinən, müraciət etməyə qorxan insanlar sosial işçilərə müraciət etsin. Sosial işçilər həm zorakılıq törədən, həm də zorakılığa məruz qalan şəxslə iş aparmalıdır. Hər bir halda isə qanunlar cəmiyyətin tələblərinə uyğunlaşdırılıb qəbul edilməlidir.
Pünhan Əfəndiyev