derman

Dərdimizə dərman olmayan DƏRMANLAR – Onların marağı nədir?

Baxış sayı: 1. 052

İstifadə etdiyimiz dərmanların əlavə təsirləri qaçılmazdır. El arasında da deyildiyi kimi əgər dərman içib bir yerimizi sağaldırıqsa, başqa bir orqanımıza ziyan vururuq. Təbii ki, dərmanlarsız ciddi xəstəlikləri sağaltmaq mümkün olmadığı üçün bizə düşən keyfiyyətli dərmanlardan istifadə etməkdir. Bu gün isə dərman bazarında o qədər çox çeşid var ki, istehlakçı hansının daha keyfiyyətli olduğunu bilmir. Qalır həkimlərin hansı dərmanı yazmasına. Mütəxəssislər isə deyir ki, bu sahədə vəziyyət elə də ürəkaçan deyil.

“Ölkəyə daxil olan dərmanların istehsal yeri, firması, saxlanma müddəti ilə bağlı məsələlər Azərbaycan dövlətinə qarşı öhdəlik şəklində qanunda əks olunmalıdır”.

Bu açıqlamanı professor Aqil Qeybullaya məxsusdur. Onun sözlərinə görə, Azərbaycan bazarı haradan olsa gətirilən, mənşəyi bilinməyən, keyfiyyət parametrləri məlum olmayan dərman preparatları ilə doludur. Keyfiyyətinin necə olduğu bilinməyən dərmanlardan zəhərlənmələr də ola bilər. Dərman maddələrinin reseptsiz satılması da problemdir. Dünyanın heç bir yerində bizim əczaxanalardakı kimi reseptsiz dərman ala bilməzsiniz. Bundan başqa, xəstələrin çoxu özünümüalicə ilə məşğul olur. Dərman haqqında qonşudan eşidir və gedib əczaxanadan alır və özünü müalicə edir. Bu vəziyyətdə zəhərlənmə və digər ağırlaşmalar da mümkündür”.

A.Qeybulla bildirib ki, dərman bazarı qaydaya salınmalı, daxil olan bütün dərman maddələrinin qeydiyyatda adı olmalıdır: “Ölkəyə keyfiyyətli dərmanlar daxil olmalıdır. Dərmanların xəstələrə reseptsiz verilməsinə yol verilməməlidir. Bu sahədə də xeyli boşluqlar var. Nə qədər ki, bunlar qaydaya düşməyib, qərb standartlarına uyğun şəkildə həllini tapmayıb, bu problemlərlə üz-üzə qalacağıq”.

Professor qeyd edir ki, standarta uyğun olmayan, keyfiyyət parametrləri müəmmalı olan dərmanlardan zəhərlənmə də, ölüm halı da mümkündür: “Dərmana həm də dərman əlavəsi daxildir. Bu dərman əlavəsi dad verir, strukturu müəyyənləşdirir və s. Bunların da keyfiyyətli olması və orqanizmə təsirsiz olması mühüm şərtdir. Nəzərdə saxlamaq lazımdır ki, dərman əlavələri orqanizmə konsoregen təsir göstərə bilər”.

Məhz hansı xəstəliklərlə bağlı dərmanların keyfiyyət parametrlərinə cavab vermədiyi məsələsinə gəlincə isə A.Qeybulla bildirib ki, bu barədə ancaq mətbuatdan və həkimin gəldiyi qənaət əsasında məlumat almaq mümkündür: “Dövlət rəsmilərinin bununla bağlı ümumiləşdirməsi yoxdur. Bu gün dərmanların keyfiyyətsizliyi, təsirinin zəif olması, xəstənin fayda görməməsi halları ilə qarşılaşdıqda məntiqə uyğun rəy vermək olur. Amma konkret olaraq rəyi kooperativ marağı olmayan laboratoriyalar verə bilər”.

 

Əczaxanalar marağa xidmət edə bilir

A.Qeybulla deyir ki, həkimlər yazdığı dərmanın tərkibinin nə dərəcədə standarta uyğun olduğunu bilmir: “Bu barədə ancaq xəstələrdə olan effekt əsasında müəyyən rəyə gəlmək olar. Bəzi dərmanların təsir mexanizmi dərhal görünür. Bəziləri aylar sonra. Ona görə birmənalı mühakimə yürütmək çətindir. Dərmanların tərkibi kimyəvi maddədir. Ona görə analoqu xəstəyə verilə bilər. Amma təəssüf ki, əczaxanalar bəzi dərmanların çox satılmasında maraqlı ola bilirlər. Bu səbəbdən də onların təklifi bəzən həmin maraqlara xidmət edir”.

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində 124 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə müraciət edib.

Bu məlumatı mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir.

Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 16-sı uşaq olub.

A.Maqsudov eyni zamanda bildirib ki, il ərzində 15-i uşaq olmaqla, 96 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib: “Zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil. Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir. Müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar. Uşaqlar çox zaman evdə nəzarətsiz qaldıqda dərman qəbul edirlər. Onlar adətən, nənə-babalarının dərmanlarını qəbul edirlər. Bu dərmanlar da əsasən, qan laxtalanmasına, təzyiqə qarşı olur. İndi dərmanların çoxu rəngbərəng, dadı isə şirin olduğundan uşaqlar onlara maraq göstərir və içirlər. Yaxsı olar ki, dərmanlar uşaqların əllərinin çatmadığı yerlərə qoyulsun”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir