Sosial işçi ifadəsi Azərbaycan cəmiyyəti üçün o qədər tanış bir məfhum deyil. Dünyada ilk dəfə “Sosial iş” proqramı Amsterdamda, sonralar isə Berlin və Londonda yaranıb.
Kimlərdir sosial işçilər və hansı işlərlə məşğul olmalıdırlar?
Sosial işçilər ədalətsizliklə mübarizə aparmaq və sosial dəyişikliyi təşviq etmək, ailə və icma sistemlərinin imkanlarını gücləndirməklə risk qrupuna daxil olan fərdlər və ailələrlə işləmək bacarığına sahib, fərdlərə və ailələrə təsir edən məsələləri, sosial siyasəti və icma ehtiyaclarını yaxşı mənada dəyişə bilən “dəyişiklik agentləri”i, müxtəlif əhali qrupları ilə qəbul olunmuş etik prinsiplər çərçivəsində işləməyə qadir olan insanlar olmalıdır.
Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov bildirir ki, Azərbaycanda sosial iş ixtisası yeni olsa da, maraq oyada bilib: “Ali məktəblərə qəbul olmaq istəyən III qrup üzrə müsabiqə şərtini ödəyən abitriyentlərin seçdiyi ixtisaslardan biri də sosial işdir. III qrup ixtisaslarının siyahısında son zamanlar yeni qarşılaşdığımız sosial iş ixtisası diqqəti cəlb edir. Azərbaycanda tədrisinə 2008-ci ildə Bakı Dövlət Universitetində başlanılıb. Bu sahə dünya səviyyəsində daha qədim tarixə malikdir. XIX əsrin 80-cı illərində ABŞ-ın Kolumbiya Universitetində ilk dəfə sosial iş fakultəsi açılıb. Sosial işçi cəmiyyətdə qarşılaşa biləcəyimiz hər bir fərdlə işləmək imkanına malikdir. Bu fərd hər hansı problemi olan şəxslər, kimsəsiz uşaqlar, zorakılığa məruz qalmış qadınlar, problemli ailələr, işsizlər, evsizlər və ya sadəcə hüquqi, sosial dəstəyə ehtiyacı olan şəxslərdir. Sosial işçilər şəxslərin problemləri ilə ətraflı maraqlanır, həlli yollarını göstərir və müvafiq qurumlarla əlaqələndirir. Sosial işçilər üçün məktəblər, dövlət orqanları, ailə və uşaq rifahı mərkəzləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, miqrasiya, statistika komitələri, turizm sahəsi, QHT-lər iş yeri ola bilər. Bundan başqa sosial sahə elə bir sahədir ki, hər bir müəssisədə onun mütəxəssisinə ehtiyac var. İstər neft şirkəti olsun, istər banklar və ya digər özəl müəssisələr”.
Sosioloq Əhməd Qəşəmoğlu isə bildirir ki, hazırda Azərbaycana ən çox lazım olan mütəxəssislərdən bəlkə də ən birincisi sosial işçilərdir. Azərbaycanda sosial işçi barəsində təsəvvürlərin aydın şəkildə olmadığını deyən sosioloq qeyd edib ki, cəmiyyət bu işin sahibinin nə üçün lazım olduğunu təsəvvür edə bilmir: “Bu gün hətta sosial iş ixtisası üzrə təhsil alan tələbələr də onları hansı işin gözlədiyini təsəvvür edə bilmir. Biz parkları, yolları təmir edirik. Şəhəri gözəlləşdiririk. Amma sosial sferalar deyək ki, əvvəllər parkların olduğu bərbad vəziyyətdən də betərdir. Sosial işçilər də həmin sosial sferada nizam-intizam yaratmalıdır. Azərbaycanın ən birinci problemlərindən biri sosial problemlərdir. Əhalini narazı salan, qayğılandıran, ruhdan salan, hətta intiharlara, kriminal aləmə düşməsinə səbəb olan sosial problemləri qaydasında həll edə bilmirik. Məsələn, hazırda ölkədə ən ciddi problemlərdan biri ailə ilə bağlıdır. Hər 100 evlənəndən 25-27-si boşanırsa, bundan ikiqat artığı da evdə vuruşur və gərginlik yaşayırsa vəziyyət kritikdir. Bu gün normal ailələrin sayı 20 faiz təşkil etmir. Bu ailələrdə problemlər var və həmin problemlərlə məşğul olan mütəxəssislər yoxdur”.
Ə.Qəşəmoğlu qeyd edir ki, sahələr üzrə polis müvəkkilləri olduğu kimi sosial xidmət qrupları olmalıdır: “Sosial xidmət qrupları olarsa, evlərdə hansı problemlərin olduğu bilinəcək. Bunun üçün də peşəkar sosial işçi lazmdır. Sosial işçi həkimdən də çox diqqətlə hazırlanmaldır. Məsələn, tədris mühiti olmadığından məktəblərdə dərslərə maraq yoxdur. Uşaqlarda bədii ədəbiyyata maraq yoxdur və s. Bağları, küçələri, binaları hər hansı əcnəbini gətirməklə dizayn edə bilərik, amma sosial problemlərimizi özümüz həll etməliyik. Ona görə bizə bu sahədə xeyli mütəxəssis-sosial işçilər lazımdır”.
Müsahibimiz bildirir ki, ABŞ-da senatorların bir çoxu sosial işçilər, o sahədə təhsil alanlardır. Çünki həmin şəxslər sosial idarəetməni, əhalinin problemlərini yaxşı bilir: “Qısası sosial işçyə hədsiz dərəcədə ehtiyac olduğu halda bizdə hələ də sosial işçinin mahiyyəti haqqında aydın təsəvvür yoxdur. Onlar işçilərin problemlərini, ovqatını öyrənir, onunla müdriyyət arasında əlaqələrin qurulmasına kömək edir. İstehsalat üçün, təşkilatın profilinə uyğun olaraq iş şəraitinin ahəngdar qurulması üçün təkliflər hazırlayır. ABŞ, Avropada belədir. Qabaqcıl ölkələr sırasında olmaq istəyiriksə, o təcrübəni öyrənməli və tətbiq etməliyik”.