ev

Əmlakın sığorta edilməsi haqda sual doğuran məqamlar

Baxış sayı: 1. 364

“İcbari sığortalar haqqında” qanuna əsasən yanvar ayının 1-dən etibarən sığortası olmayan “kupca”lı evlərin sahibləri hər 20 gündən bir 30 manat cərimə olunacaqlar. Bu da il ərzində təxminən 550 manat edir. Hazırda daşınmaz əmlakın icbari sığortası Bakı şəhərində 50 manat, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər bölgələrdə isə 30 manatdır. Bunun müqabilində hər hansı hadisə baş verdikdə, vətəndaşa dəyən ziyanın Bakıda 25 min manatı, Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 20 min manatı, digər bölgələrdə isə 15 min manatı sığorta şirkətləri tərəfindən ödənilir.

Qeyd edək ki, adıçəkilən qanun yalnız sənədli evlərə aiddir. Sənədsiz ev faktiki olaraq sığortanın subyekti deyil. Yəni evin “kupça”sı yoxdursa, demək ki, ev də “yoxdur”. Sığortadan öncə evin sənədləşdirilməsi üzərində işlər görülməlidir, daha sonra sığorta edilməlidir. Sənədi olmayan evi sığortaya cəlb etmək özü bir qanunsuzluqdur. Hansısa bir əmlakın üzərində əməliyyat aparmaq üçün mütləq onun sənədinin olması şərtdir və bu, mülki qanunvericiliklə tənzimlənir.

Qanunun qüvvəyə minməsinə sayılı günlər qalmış, əhalidə bir təlaş var. Səbəb isə bir qisim insanın belə bir qanun olmağından yeni xəbər tutması, digər bir qismin isə cərimələrə görə narahat olmasıdır. Bu məqamda mövzu ilə bağlı bəzi suallar doğur. Əmlakın sığorta edilməsi məcburidirmi, sığortalama prosesində hansı tərəf – vətəndaş, yoxsa sığorta şirkəti maraqlı olmalıdır, əhali arasında maarifləndirmə işi necə aparılmalıdır və ya vətəndaşın 20 gündən bir cərimə olunması düzgündürmü?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev qeyd edir ki, ilk olaraq vətəndaşlar maarifləndirilməlidir: “Əmlakın sığortalanması olduqca müsbət haldır. Günümüzdə nə qədər xoşagəlməz hadisələr olur. Sığortanın olması həmin əmlaklara dəymiş ziyanın sığorta şirkəti tərəfindən ödənilməsini təmin edir. Amma bu gün ölkəmizdə Bakı, Abşeron ərazisində mülkiyyəti təsdiq edən sənədli evlərin sayı sənədsiz evlərin sayından azdır. Yəni, sığorta şirkətinin hansısa mənzili sığortalaması üçün ilk olaraq həmin mənzilin çıxarışı olmalıdır. Yaxud da müqaviləsi varsa belə, notarial qaydada aparılıbsa, həmin əmlaklara sığorta prosesi tətbiq edilə bilər. İlk olaraq vətəndaşlar bu istiqamətdə maarifləndirilməlidir. Düzdür, internetdə bir çox saytlarda bu barədə məlumat verilib. Amma nəzərə almaq lazımdır ki, əhalinin bütün təbəqəsi internet istifadəçisi deyil. Məsələn, əlimizdə avtomobillə bağlı təcrübə var. Belə ki, maşınların sığorta vaxtı yaxınlaşanda, şirkətlər ya həmin şəxsə ismarış göndərirlər, ya da birbaşa olaraq telefonla əlaqə saxlayıb əvvəlcədən xəbərdarlıq edirlər. Əmlak məsələsində də eyni qayda da vətəndaşlar məlumatlandırılmalıdır. Yoxsa ki, yanvarın 1-dən cərimələrin yazılması düzgün deyil. Düşünürəm ki, vətəndaşı cərimə edib hesabı onun evinə göndərməkdənsə, sığortasız evi sığortalayıb onun pulunu vətəndaşdan almaq lazımdır. Misal üçün, evinin sənədi olan, amma özü xaricdə yaşayan kifayət qədər insan var. Onlara hər 20 gündən bir cərimənin yazılması nə dərəcədə düzgündür? Ona görə əvvəlcə vətəndaşı geniş şəkildə məlumatlandırmaq lazımdır”.

 

Sığorta məsələləri üzrə ekspert Kamran Babayevin sözlərinə görə bu işdə həm vətəndaş, həm də sığorta şirkəti maraqlı olmalıdır: “Əmlakın icbari sığortalanmasının düzgün və yanlış olması başqa məsələdir, amma hazırda belə bir qanun mövcuddur və buna riayət edilməlidir. Hər bir vətəndaşımızın da Azərbaycan Respublikasının qanunlarına əməl etmə öhdəliyi var. Məsələyə iki yanaşma mövcuddur. Bir tərəfdən, insan özü sığorta şirkətinə müraciət edərək evini sığortalatmalıdır. Digər tərəfdən, sığorta şirkəti də bu işdə maraqlı olmalıdır. Çünki nə qədər çox müştəri olsa, şirkət bir o qədər mənfəət əldə edər. Növbəti mərhələdə ona başqa sığorta növləri sata bilər. Sığorta şirkətləri müştərilərə zəng vuraraq vətəndaşları sığorta prosesinə cəlb etməlidirlər. Şəxsən özüm bir neçə dəfə şahidi olmuşam ki, sığorta şirkətləri tərəfindən binaların giriş hissələrinə qanunla bağlı bildirişlər vurulub. Məncə, bu, əhalinin maariflənməsi üçün yaxşıdır”.

“Bəs, vətəndaş güvənilir sığorta şirkətini necə seçə bilər” sualına cavab verən ekspert bunun tanışlıq yolu ilə mümkün olduğunu deyir: “Hazırda bu əsasən tanışlıqla baş verir. Yəni bir tanışının, dostunun, qohumunun işlədiyi sığorta şirkətini seçir. Günümüzdə sığorta şirkəti əsasən məlumat toplamaqla seçilir. İnternetdə həmin şirkət haqqında müsbət və mənfi rəyləri izləyərək qərar verə bilərlər”.

K.Babayev vətəndaşların 20 gündən bir cərimələnməsi məsələsinə də toxundu. O bildirir ki, qeyd edilən gün sayı heç də az deyil: “Əslində, 20 gün əmlakın sığorta edilməsi üçün az deyil. Belə ki, əmlakın sığortası 1 saat vaxt aparır. Bəzən bu qanunun ləğv edilməsi haqqında fikirlər söylənilir. Amma bu haqda qərar verməmişdən öncə ciddi dəyərləndirmə işi aparılmalıdır. Çünki bazarın inkişaf mərhələsi var. Bu təcrübədə də var ki, bazarın inkişaf mərhələsində nələrinsə icbari olmasına ehtiyac olur. Lakin bazar inkişaf etdikcə, sığorta mədəniyyəti formalaşdıqca, icbari sığorta növləri yenidən dəyərləndirilməlidir. Həmçinin qeyd edim ki, əmlak sığortası fəlakət halları zamanı risklərin bir hissəsinin sığorta şirkətlərinin üzərinə düşməsi və dövlət büdcəsinin yükünü azaltmaq deməkdir. Ancaq qanun ləğv edilərsə, icbari sığorta bazarı 30 milyon manat itirəcək. Bundan başqa, sığorta şirkətlərinə zərər dəyəcək, bu gün sığortaya inanmayan vətəndaşlar sığortadan daha da uzaqlaşacaqlar. Ona görə də “bu qanunu birmənalı olaraq ləğv edilsin” demək doğru deyil”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir