maska

Bu maskalar təhlükəlidir – ƏHALİYƏ XƏBƏRDARLIQ

Baxış sayı: 1. 130

Koronavirus təhlükəsinə görə Azərbaycanda da karantin rejimi davam edir. Küçəyə çıxmaq məcburiyyətində qalanları polis saxlayır və maska bağlamasını tövsiyə edir. Bundan başqa, insanlar özləri də təşviş keçirdikləri üçün maska taxır. Problem ondadır ki, apteklərdə maska tapmaq o qədər asan deyil. Aptek işçilərinin sözlərinə görə, maska ən çoxu 100 ədəd gəlir ki, onun da satılması heç bir saat çəkmir.

Bu günlərdə hər birimiz müşahidə edə bilərik ki, apteklərin qarşısında maska almaq üçün uzun növbələr yaranır. Bəzi insanlar əhalinin bu ehtiyacını qarşılmaq üçün kustar üsulla maska tikib satır. Bəs kustar üsulla, istənilən parçadan maska tikilməsi doğrudurmu?

Professor Adil Qeybulla bildirir ki, maska ən azı öskürən və asqıran adamı virusları ətrafa yaymaqdan qoruyur: “İnsan asqıran və öskürən zaman ağız-burnundan hava ayrılır. Əsas viruslar ağızdakı hava damcılarında olur. Bu baxımdan maska geyilməsi məqsədəuyğundur. Maskanın da taxılma qayda-qanununa əməl olunmalıdır. Çünki adi cərrahi maskalar 30 dəqiqədən sonra öz funksiyasını itirir. Standartlara uyğun olan maskalar isə xeyli bahadır. İnsanların onu almaq imkanları yoxdur. Ona görə də məsləhət görülür ki, adi formada müəyyən sexlər yaradılsın, sadə standartlara uyğun maskalar hazırlansın. Kustar formada, hərə bir yerdə maska tikərsə, bu da doğru deyil. Maskalar konkret olaraq elə parçalardan tikilməlidir ki, onlar nəfəs yolu ilə orqanizmə daxil olan viruslardan insanı qoruya bilsin. Bunu da daha ucuz qiymətə satışa buraxmaq olar. Bu çətin iş deyil”.

A.Qeybullanın sözlərinə görə, maska tikiləcək material elə olmalıdır ki, hopturucu effekt yaratmasın: “Maskalar xüsusi materialdan hazırlanmalıdır. Daha çox sintetik materiallar olur ki, ora müəyyən qatqılar da qatılır. Ona görə də evdə hər hansı parçadan tikilməsi doğru deyil. Tibbi cunadan maska hazırlamaq olar. Amma sonra onu kim sterilləşdirəcək? Həmin maskaların nə dərəcədə steril olduğuna kim təminat verəcək? Kim təminat verə bilər ki, həmin maskalar viruslarla çirklənməyib?”.

Kustar üsulla hazırlanan maskalarla bağlı Səhiyyə Nazirliyindən məlumat almaq istəsək də, bu sahə ilə İqtisadiyyat Nazirliyinin məşğul olduğu bildirildi. İqtisadiyyat Nazirliyindən isə kustar üsulla tikilən maskaların tibbi nöqteyi-nəzərdən nə dərəcədə doğru olması məsələsi ilə bağlı Səhiyyə Nazirliyindən məlumat almağımız tövsiyə olundu.