koronavirus

Pandemiyanın iki ili: Azərbaycan bu dövrü necə keçirib?

Baxış sayı: 553

Ölkəmizdə koronavirus infeksiyasına yoluxma faktının qeydə alındığı tarixdən iki il keçdi. Artıq iki ildir ki, pandemiya həyatımıza daxil olub. Beləliklə, bu müddətdə ölkəmizdə nələrin yaşandığını, pandemiya dövründə hansı məhdudiyyətlərin qoyulduğunu təqdim edirik:

 

İlk yoluxma

Azərbaycanda COVID-19-la mübarizəyə 2020-ci ilin fevral ayının 27-dən başlandı. Koronavirus pandemiyasının səbəb ola biləcəyi təhlükənin qarşısını almaq, profilaktik və təxirəsalınmaz tədbirlərin görülməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı. Fevralın 28-də isə ölkəmizdə COVID-19-un ilk müsbət halı təsdiqləndi. Daha sonra ölkədə iki yoluxma halı təsdiqləndi. Beləcə ölkəmizdə pandemiya əleyhinə ilk məhdudiyyətlərin tətbiqinə başlandı.

teyyare

Sərhədlər qapadıldı

Virusa yoluxmuş şəxs İrandan gəldiyindən Azərbaycan İranla sərhədləri 2 həftə müddətinə bağladı. Martın 4-də Azərbaycan İrandan gələn yük maşınlarının və idxal məhsullarının ölkəyə daxil olmasına qadağa qoyuldu. 3-9 mart tarixləri arasında ölkənin bütün təhsil müəssisələrində tədris prosesləri və digər əlaqəli fəaliyyətlər dayandırıldı. Daha sonra bu qadağanın tarixi martın 27-nə qədər uzadıldı.

koronavirus

Virusun ilk qurbanı

Martın 5-də İrandan Azərbaycana gələn daha üç nəfərdə COVID-19 aşkarlandı. Onlardan biri 1988-ci il təvəllüdlü Almaniya vətəndaşı, digərləri isə İranın Qum şəhərində oxuyan 1994 və 1999-cu il təvəllüdlü Azərbaycan vətəndaşları idi. Martın 12-də bir gün əvvəl COVID-19 diaqnozu qoyulmuş qadın öldü. Bu, Azərbaycanda koronavirusdan ilk ölüm halı idi. Ölkəmizdə koronavirusdan ölüm halının baş verməsi COVID-19-la mübarizə tədbirlərinin bir qədər də sərtləşdirilməsinə zərurət yaratdı. Azərbaycan Gürcüstanla sərhədləri 10 gün müddətinə bağladı. Martın 14-dən Azərbaycan Türkiyə ilə quru və hava sərhədlərini də müvəqqəti olaraq bağladı.

karantin

Qadağalar başladı

Nazirlər Kabineti yanında Əməliyyat Qərargahı martın 14-dən etibarən ölkə daxilində tətbiq olunan sosial təcrid tədbirlərini həyata keçirdi. Bu tədbirlərə toy, yas mərasimləri və digər kütləvi toplantıların qadağan edilməsi, mədəniyyət obyektlərinin, teatrların, muzeylərin, kinoteatrların, əyləncə mərkəzlərinin, idman mərkəzlərinin və digər əlaqəli obyektlərin bağlanması, xəstələrin bütün tibb müəssisələrində qohumlarının ziyarətinin qadağan edilməsi və s. daxil edildi. Martın 21-də Azərbaycanda 9 yeni koronavirus infeksiyası faktı qeydə alındığından qadağalar daha da sərtləşdirildi. Martın 22-dən etibarən Azərbaycan ərazisində fəaliyyət göstərən kafe, restoran, çay evi, internet klub və digər ictimai iaşə müəssisələrinin iş saatları 09:00-dan 15:00-a qədər müəyyən edildi. Martın 22-də 12 yeni COVID-19 yoluxma hadisəsi aşkar edildi. Elə həmin gün Moskvadakı Şeremetyevo Beynəlxalq Hava limanından 34 Azərbaycan vətəndaşı təxliyə edildi. Martın 23-dən etibarən ölkədə bütün mallar və böyük ticarət mərkəzləri bağlandı. İranla sərhədlərin bağlanma tarixi 20 aprelədək uzadıldı.

karantin

Təcrid dövrü başladı

31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək isə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa, digər istiqamətlər üzrə fəaliyyət dayandırıldı. Koronavirus pandemiyası səbəbindən ölkəmizdə hərəkət məhdudiyyətləri müəyyən olundu. Şəxslərin xidməti vəsiqələri və ya iş yeri barədə arayış əsasında hərəkət etmələrinə icazə verildi. Bunun üçün “icaze.e-gov.az” portalı yaradıldı. Aprelin 2-dən həyati xidmətlər (təcili tibbi yardım, ərzaq və digər mallar və ya dərmanlar) almaq üçün yaşayış yerini tərk etmək üçün icazə sistemi işə düşdü. Bunun üçün SMS icazə sistemi tətbiq edildi.

karantin

Qadağaların bir qismi yumşaldıldı

24 aprel tarixində Operativ Qərargah məlumat yayaraq 27 aprel 2020-ci il tarixindən məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verdi. Beləcə kitab, qəzet, dəftərxana malları satışı, çap və sürətçıxarma fəaliyyəti, fotostudiyalar, fərdi mənzillərdə təmizlik və dərzi xidmətləri, kosmetika və ətriyyat, geyim, ayaqqabı və dəri məmulatlarının satışı, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti, mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının, kompüter avadanlıqlarının satışı və təmiri, mebel, elektronika və məişət texnikasının, avtomobil, kimyəvi məhsulların, gül və bitki məhsullarının satışı, kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının, gübrə və aqrokimyəvi məhsulların satışı, fərdi tədris və repetitor xidmətlərinin fəaliyyətinə icazə verildi.

Karantin qaydalarında növbəti yumşalmalar 4 may tarixinə təsadüf etdi. Xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılsa da, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron rayonu və digər regionlar üzrə mərhələli yumşalmalara start verildi. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə 4 may 2020-ci il saat 00:00-dan etibarən – dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olundu. Bütün sahələr üzrə fərdi ticarət obyektlərinin fəaliyyəti bərpa olundu. Bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər üzrə fəaliyyətə başladı. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində və Naxçıvan Muxtar Respublikasında 4 may 2020-ci il saat 00:00-dan etibarən yaşayış yerini SMS icazə ilə, “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv olundu.

restoran

Kafelərin fəaliyyətinə yaşıl işıq

Xüsusi karantin rejimində respublika üzrə ictimai yerlərdə, bulvarlarda və parklarda, eyni zamanda ictimai iaşə obyektlərində bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edildi. Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olundu (ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə istisna olmaqla). Bütün ölkə üzrə muzey və sərgi zallarının fəaliyyəti bərpa olundu. 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürüldü. Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması ləğv olundu. Ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”arın fəaliyyəti bərpa olundu (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla). Açıq havada keçirilən idman yarışlarının tamaşaçıların iştirakı olmadan təşkilinə icazə verildi. Az keçmədi ki, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin saat 08:00-dan 22:00-dək həyata keçirilməsinə icazə verildi.

MASKA

Maska həyatımıza daxil oldu

29 may 2020-ci il tarixdən Azərbaycanda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərti ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) qapalı məkanlarda istifadə edilməsi məcburi oldu. İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə əsasən, karantin rejimində maska taxmaq tələbinin pozulmasının qarşısının alınmamasına görə cərimə məbləği artırılaraq fiziki şəxslər üçün 100 manat, vəzifəli şəxslər üçün 300, hüquqi şəxslər üçün 600 manat məbləğində müəyyənləşdi.

TELEFON

Yenidən SMS dövrü başladı

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırıldı. Qeyd olunan tarixdə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edildi. Sakinlər yaşayış yerini Daxili İşlər Nazirliyinin 102 Xidməti – Zəng Mərkəzi vasitəsi ilə icazə almaqla tərk edə bildilər. Fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verildi.

2020-ci ildə metro bir neçə dəfə bağlanıb-açıldı. Aprelin 1-dən mayın 9-dək, iyulun 4-dən sentyabrın 14-dək sərnişinlər metro xidmətlərindən istifadə edə bilmədilər. Sonuncu dəfəki qapanma isə aylarla uzandı – oktyabrın 19-da bağlanan metro 2021-ci il mayın 31-də qapılarını sərnişinlərin üzünə açdı.

Neqliyyat

Həftəsonları ictimai nəqliyyat işləmədi

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırıldı. Eyni zamanda ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin bir sıra iş və xidmət sahələri üzrə fəaliyyətə icazəyə qadağa tətbiq edildi. İri ticarət mərkəzlərinin, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlərin, muzey və sərgi zallarının, bərbərxanaların, gözəllik salonlarının və kosmetik xidmətlərin, təhsil müəssisələrinin fəaliyyətinə, eləcə də açıq havada idman yarışlarının və oyunlarının keçirilməsinə yenidən qadağa tətbiq edildi. Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazə yenidən işə düşdü.

berber

Bərbərxana və çimərliklərə icazə verildi

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda 2020-ci il 20 iyul tarixdən etibarən masaj və hamam xidməti istisna olmaqla bərbərxana, gözəllik salonlarının fəaliyyətinə və kosmetik xidmətlərin göstərilməsinə icazə verildi. Eyni zamanda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS icazənin müddəti 2 saatdan 3 saatadək artırıldı. 2020-ci il 5 avqust saat 06:00-dan etibarən sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az portalı vasitəsi ilə tərk etmək sistemi ləğv olundu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verildi. Çimərliklərə giriş üçün portal yaradıldı. 2020-ci il 31 avqustdan sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu 13 şəhər və rayonda iri ticarət mərkəzləri və “Mall”ların fəaliyyəti, ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər, muzey və sərgi zallarının fəaliyyəti, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin fəaliyyəti, açıq havada idman yarışları və oyunları da daxil olmaqla bütün kütləvi tədbirlər, o cümlədən mədəni-idman tədbirlərin keçirilməsi dayandırıldı.

Maska

Açıq havada maska məcburi oldu

2020-ci ilin noyabrın 19-dan isə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi məcburi oldu.

Azərbaycanda təhsilin mərhələli hibrid tədrisinə 2020-ci ilin oktyabrın 1-dən başlansa da, bu, uzun çəkmədi. Müharibə səbəbindən dayandırılan təhsilə 2021-ci il fevralın 2-dən hibrid formada start verilsə də, məktəblərdə yoluxma səbəbindən üç həftədən sonra dərslər Bakı, Abşeron, Sumqayıtda onlayn rejimə keçirildi. Mayın 17-dən isə yenidən sadalanan şəhərlər üzrə həftədə iki və üç dəfə olmaqla dərslər əyani davam etdirildi.

peyvend

Əhalinin vaksinasiyasına başlandı

2021-ci ilin yanvarından Azərbaycanda əhalinin risk qrupuna aid təbəqəsinin vaksinasiyasına başlanıldı. Yanvarın 18-dən etibarən ilk olaraq səhiyyə işçilərinin peyvəndlənməsinə başlanıldı və 70%-dən yuxarı tibb işçisi vaksinasiya olundu. 8 fevral tarixindən 65 yaşdan yuxarı vətəndaşlar üçün, fevral ayının 17-dən etibarən isə yaşı 50 və yuxarı şəxslərin vaksinasiyasına başlanıldı. Bundan sonra 18 yaşdan yuxarı əhalinin peyvəndlənməsinə start verildi. Ölkədə artıq 12-15 yaşlı yeniyetmələrin vaksinasiyası da aparılır. Ancaq bu zaman müəyyən şərtlər irəli sürülür. Azyaşlılar COVID-19-a qarşı yalnız RNT texnologiyası əsasında hazırlanmış “Pfizer” peyvəndi ilə vaksinasiya oluna bilərlər. Bundan başqa, bu barədə müvafiq tibbi göstəriş və hər iki valideynin razılığı tələb olunur. Hazırda ölkəmizdə koronavirus əleyhinə peyvəndin 3-cü qüvvətləndirici dozası tətbiq edilir.

İndiyədək ölkəmizdə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilirdi. Bunlar “Pfizer”, “AstraZeneca”, “Sinovac” və “Sputnik V” vaksinləridir. Azərbaycanda COVID-19 əleyhinə “AstraZeneca” peyvəndinin istifadəsi dayandırıldı.

tehsil

 

Əyani təhsilə davam

2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilinə başlanılması barədə qərar verildi. 2021-ci ilin may ayında Operativ Qərargah “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik etdi. Uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edilməsi barədə qərar verildi. 2021-ci il 31 may saat 06:00-dan açıq havada maska qadağası aradan qaldırıldı. 2021-ci il 1 iyul tarixindən toylara məhdud sayla və COVID pasportu ilə icazə verildi. 2021-ci il 17 iyul tarixindən etibarən İran ilə əldə olunmuş müvafiq razılaşmanın tələblərinə uyğun olaraq, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun ərazisindən keçməklə həyata keçirilməsinə başlandı. 2021-ci il 1 sentyabr tarixindən etibarən dövlət orqanlarının əməkdaşlarının, bir sıra müəssisələrin işçilərinin azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələbi qüvvəyə mindi. 2021-ci il oktyabrın 1-dən etibarən istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının, mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və konfrans, iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, ümumi tutumunun 50 faizindən çox olmamaqla, kinoteatrların fəaliyyəti bərpa olundu.

Ötən ilin 27 noyabrında verilən qərarla “Peyvənd Sertifikatı”, Əks göstəriş sertifikatı”, “İmmunitet Sertifikatı”nın tanınması barədə qərar imzalandı. 2021-ci il dekabrın 13-dən etibarən hamam xidmətləri göstərən obyektlərin fəaliyyəti bərpa edildi. İctimai iaşə obyektlərinin 2021-ci il 31 dekabr saat 00:00-dan etibarən 2022-ci il 1 yanvar saat 02:00-dək fəaliyyət göstərməsinə icazə verildi. 2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı 2 doza peyvənd olunmaları və ya 2 COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

peyvend

“Buster” doza tələbi qüvvəyə mindi

Nazirlər Kabinetinin 30 dekabr 2021-ci il tarixində “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərarında etdiyi dəyişikliklə fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmır.

Maska

Pandemiya dövründən xatirələr

Pandemiya dövrü insanlarda müəyyən gərginlik yaratmaqla yanaşı gülməli hadisələrlə də yadda qaldı. SMS icazə dövründə vətəndaşlarla polis sözün əsl mənasında qaçdı-tutdu oynadı. SMS icazə almadan evdən çıxanlar polisdən yayınmaq üçün ayaqlarına qüvvət verirdilər. İndi də polislə vətəndaş arasında bu gizlənqaç oyunu maska üstündə gedir. Qəflətən avtobusa, metroya daxil olan polislər tibbi maskası olmayanları cərimələyirlər. Bundan yayınmaq istəyənlər polisin gəldiyini görən kimi maskasını taxırlar. Bəzən bu polislə vətəndaşlar arasında mübahisəyə, əlbəyaxa davaya belə gətirib çıxarır.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir