internet

Karantin dövründə internet asılılığı

Baxış sayı: 939

İnternet asılılığı – insanların hava, su, çörək kimi təbii asılılığı olmasa da, bu vərdişdən kənarda qalmaq xeyli çətinləşib. “İnsanlar bu şəbəkədə, real həyatda nə çatışmırsa, adətən onu axtarırlar” – deyə psixoloqlar inandırmağa çalışırlar. Bir növ internet insanlar üçün həyat normasına çevrilib. Araşdırmalar göstərir ki, xüsusən 15-25 yaşlı gənclərin 70 faizdən çoxu vaxtını soşial şəbəkələrdə və messencerdə boşuna keçirir. İnternet dünyası onların danışıb-güldüyü, həmdəm tapdığı, fikirlərini bölüşdüyü yeganə məkana çevrilib. Hərçənd qlobal şəbəkə insan zəkasının inkişafı və məşğulluğu üçün bütün mümkün imkanları da açır. Bu mənada internet müasir sivilizasiyanın ayrılmaz hissəsinə çevrilib. Əlbəttə, qlobal şəbəkədən düzgün istiqamətdə yararlananlar üçün…

COVİD-19 pandemiyası əksər istifadəçilər kimi, gənclərin də internetlə ünsiyyətini sıxlaşdırıb. Sosial təcrid şəraitində olan gənclər internetdən istifadəni az qala həyat tərzlərinə çeviriblər. Virusun yayılması qorxusu ilə bərabər, hazırda cəmiyyəti narahat edən məsələlər, təbii ki, diqqətdən kənarda deyil. Gənclərin milli-mənəvi dəyərlərə yiyələnməsi, intellektual inkişafı, təhsili, beynəlxalq aləmə çıxışı və s. bu məsələlər sırasındadır.

“İnternet gənc nəslin şüurunu və əxlaqını təhrif etmək üçün güclü alətə çevrilib. Ona görə gənclərə ünvanlanan yeni informasiya siyasətinin yaranmasına ehtiyac var” – Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ural Federal Dairəsinin təhlükəsizlik məsələlərinə həsr olunan videokonfransı zamanı narahatlıqla qeyd edib. “Gənclər indi siyasətlə az maraqlanır, demək olar ki, həyati filmlərə baxmırlar, ciddi kitabları çox az oxuyurlar. Onlar dövlət və cəmiyyət tərəfindən qəbul edilən dəyərlərə maraq göstərmirlər. Əvəzində isə, sosial şəbəkələr və başqa submədəniyyətlə yükləniblər. Yaddan çıxarmaq olmaz ki, həddi-buluğa çatmayanların davranışında sosial şəbəkələrdə narkotiklərin istifadəsi, suisid halları, kriminal submədəniyyətin təbliğinin böyük rolu var. Məktəblərdə yeniyetmələr arasında zorakılığı populyarlaşdıran “Skulşutinq”, “Kolumbayn” kimi hərəkatlara meyl edirlər”. Cəmiyyətdə də hesab edirlər ki, bu baxımdan gənclərin tibbi təhlükəsizliyinin təmin olunması aktual məsələdir. Belə ki, terrorizmlə mübarizə ilə yanaşı, koronavirus pandemiyası dövründə bu məsələ xüsusən diqqətdə olmalıdır. Təhlükəsizlik Şurasının sədri də bildirib ki, bu iş internetin müsbət kontentinin yayılması, gənclərin milli-mənəvi dəyərlər istiqamətində yönləndirilməsi üçün Koordinasiya Mərkəzinin yaranması məsələsini gündəmə gətirir. “İnformasiya aqressiyasının zərbəsi altına ilk növbədə gənclər düşür. Ona görə də dövlətin vəzifəsi təkcə gəncləri destruktiv axından və təşkilatlardan qorumaq deyil, həm də onları vətəndaş mövqeyində formalaşdırmaqdan ibarətdir”. Göründüyü kimi, hazırda qonşu ölkəni pandemiya təhlükəsi ilə bərabər silkələyən həm də yetişən gəncliyin şüur və davranışları problemidir.

Təbii ki, biz də dünyanın bir parçasıyıq. Baş verən proseslər dünyaya açıq olduğumuzdan, bizdən də yan keçmir. Bu baxımdan, gənclərlə bağlı məsələ – onların hansı istiqamətdə formalaşması ölkəmiz üçün də aktualdır. Xüsusən koronavirus pandemiyasının insanları evdə təcrid etdiyi, təhsil müəssisələrinin, iş yerlərinin, əyləncə və istirahət mərkəzlərinin qapandığı və  internetin əsas ünsiyyət vasitəsinə çevrildiyi bir vaxtda bu, mühüm əhəmiyyət kəsb edir.  Razılaşmalıyıq ki, gənclərin heç də hamısı sosial şəbəkələrdən, internetin imkanlarından kitab oxumaq, maraqlı film izləmək, elmi müzakirələr açmaq, gündəlik xəbərləri izləmək və ya distant təhsil almaq üçün istifadə etmir. Bu mənada, xoşagəlməz təsirlərin qaçılmaz olduğunu düşünmək çətin deyil. Hazırkı dönəmdə gənclərin arasında “internetdən ən çox nə üçün istifadə edirsiniz?” sorğusunu keçirməyə də lüzum yoxdur. Bu, həmçinin sosioloq və ya psixoloqlardan da imdad ummalı suallar deyil. Cünki söhbət artıq hələ psixologiyası möhkəmlənməyən uşaqlardan yox, müstəqil həyata atılan və ya atılmağa hazırlaşan yetkin insanlardan gedir.

Təbii ki, belədə bu məsələ ailə çərçivəsindən çıxaraq dövlətin vacib siyasətinə çevrilir.

Əlbəttə, dövlət bu vacib məqamı diqqətdən kənar qoymur. Elə ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı gənclərin intellektual inkişafı və elmi fəaliyyəti istiqamətində layihələrin həyata keçirilməsinə imkan yaradır.

Bu günlərdə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Dünya və gənclər yeni şəraitdə” onlayn forumunda müzakirə olunan mövzular sırasında bu məsələ – sosial şəbəkələrdən daha faydalı yararlanmaq məsələsi də yer alıb.

Gənclər vəə idman nazirinin müavini İntiqam Babayev “qlobal pandemiya qarşısında fərdi qaydada dayanmaq çətindir” – deyə qeyd edib: “Artıq hər kəs sosial şəbəkələrdən daha faydalı yararlanmağa çalışır. Bu gün gənclər biznes, yaradıcılıq, gələcəyə yönəlik ideyalarını artıq virtual ünsiyyət vasitəsilə reallaşdırmağa səy göstərir”. Nazir müavini bildirib ki, koronavirus pandemiyası dövründə nazirlik kənarda qala bilməzdi və bundan irəli gələrək gənclər üçün ekologiya, texnologiya, ictimai-siyasi, səhiyyə, elm, idman, yaradıcılıq və digər sahələrdə sosial şəbəkələr, internet vasitəsi ilə müxtəlif layihələr həyata keçirir.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da bildirir ki, xüsusən karantin dövründə fəaliyyətin onlayn formatda təşkili, intellektual inkişaf, asudə vaxtın səmərəli qurulması vasitəsilə gənclərə yeni bilik və bacarıqların verilməsi, gənclər üçün rəqəmsal məhsulların, eyni zamanda, müvafiq sahələr üzrə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi və digər məsələlər diqqət mərkəzindədir. S.Məmmədova gənclərin vaxtının səmərəli keçməsi, yaradıcıq imkanlarının genişlənməsi üçün nazirlik tərəfindən bir neçə layihəyə start verildiyini bildirir. Belə ki, Gənclər və İdman Nazirliyi tərəfindən 1 aprel – 1 iyun tarixləri arasında “İdeya var!” gənclərin III Ümumrespublika elmi-yaradıcılıq müsabiqəsinin onlayn seçim mərhələsi bu imkanlardan biridir: “Müsabiqənin keçirilməsində əsas məqsəd gənclərin elmi və yaradıcılıq fəaliyyətini, sosial təşəbbüskarlığını stimullaşdırmaq, innovativ potensialın nümayiş etdirilməsi üçün əlverişli şərait yaratmaq, onları tədqiqat və elmi araşdırma fəaliyyətinə həvəsləndirməkdir”. Müsabiqədə 14-29 yaşlı ölkə vətəndaşları fərdi və ya müəllif qrupu kimi iştirak edə bilər.

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının icrası isə gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaradılması məqsədini daşıyır.

Onlayn forumda müzakirə olunan bir sıra tezislər – gənclərin vətənpərvərlik tərbiyəsi, yeni baxış, yeni üsullar və geri dönən dəyərlər; sosial izolyasiya dövründə gənclərin fəaliyyəti, gənclərin beynəlxalq əməkdaşlığı, təhsil və elm sahələri, biznesin onlayn idarə olunması, region gəncləri və s. məsələlər də gənclərin istiqamətlənməsi üçün vacib müzakirələrdir.

Dövlət gənclərin inkişafı üçün lazımi qapıları açır. Yəni onların mənəvi dəyərlərə yiyələnən layiqli vətəndaş və intellektual istiqamətdə yetişməsi üçün lazımi imkanlar yaradır. Qalır, bu imkanlardan onların necə istifadə etməsi. Təbii ki, məsələnin həlli təkcə dövlətin üzərinə düşmür. Vətəndaş cəmiyyətinin, KİV-in də bu istiqamətdə məsuliyyəti var. Gənclərin maariflənməsi, peşə seçimlərini düzgün etmələri, cəmiyyətə, ölkəyə yararlı olmaları üçün maariflənmə istiqamətində işlər həyata keçirilməlidir. Ən azı, postpandemiya dövrünün iqtisadi çətinlikləri ilə bərabər, mənəvi çətinliklərini də yaşamamaq üçün…

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir