pese

Koronavirusun dəbə mindirdiyi peşələr

Baxış sayı: 988

Pandemiya dövründə dünyada gəliri ən çox artan peşələr açıqlanıb. Trend-in məlumatına görə, statistikaya əsasən, qablaşdırıcıların gəlirləri təxminən iki dəfə artıb. Bundan başqa, aşpazların gəliri 90 faiz, ixtisassız fəhlələrin gəliri isə 60 faiz çoxalıb. Qeyd olunur ki, həmin müddət ərzində təmirçi çilingərlər 56 faiz, yükyığan fəhlələr 35 faiz daha çox qazanıb. Bununla belə, pandemiyadan sonra həmin peşə sahiblərinin gəlirlərinin azalacağı istisna olunmur. Qeyd edək ki, bu günədək dünyada 4,9 milyona yaxın şəxs koronavirusa yoluxub, 320 mindən çox xəstə həyatını itirib. Bir müddət əvvəl Beynəlxalq Əmək Təşkilatı pandemiyanın əmək bazarına təsiri ilə bağlı hesabat açıqlayıb. Hesabata görə, təxminən 25 milyon nəfər işsiz qala və əmək böhranı yarana bilər. Hesabatda pandemiyanın əmək bazarına təsirini azaltmaq və ya aradan qaldırmaq üçün görüləcək əsas tədbirlər də qeyd edilib. Bu tədbirlər sırasına sosial müdafiənin gücləndirilməsi, qısa iş vaxtı, ödənişli məzuniyyət və digər təşviqlərlə məşğulluğun qorunmasına dəstək verilməsi göstərilib.

Əslində, bu danılmaz faktdır ki, pandemiya əmək bazarında olan bir çox boşluqları üzə çıxardı. Hansı sahələrdə yenidənqurma işlərinin aparılmasının lazım olduğunu göstərdi. Bu dönəmlərdə bəzi peşə sahələrinin gəliri artdı, bəzilərininki isə azaldı, hətta heç bir gəlir əldə etməyən peşə sahələri də oldu. Mütəxəssislərlə həmsöhbət olub pandemiyanın yerli əmək bazarına təsirlərini müzakirə etdik.

 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sözlərinə görə, əmək bazarında aqrar sektoru çıxmaq şərti ilə turizm, tikinti, istehsal, neft sənayesində itkilər müşahidə edildi: “Dünyada “Amazon”, “Əli Baba” kimi onlayn ticarət şirkətlərinin gəlirləri ciddi şəkildə artdı. Bundan  başqa “Zoom”, “Microsoft Teams” kimi proqramlar yarandı və tez müddətdə bazarı tutub böyük gəlirlə əldə etdilər. Bizim əmək bazarında isə aqrar sektoru çıxmaq şərti ilə turizm, tikinti, istehsal, neft sənayesində itkilər müşahidə edildi. Təbii ki, gəlir əldə edilən sahələr də oldu. Məsələn, uzun müddətdir ki, fəaliyyət göstərmələrinə baxmayaraq, çatdırılma işində inkişaf yox idi. Amma bu dövrdə həmin sahədə ciddi genişlənmə oldu. Açığı, statistik rəqəmlər açıqlanmayıb deyə, konkret nə isə demək bir az çətindir. Pandemiya dövründə kənd təsərrüfatı sahəsində iş dayanmadı deyə, burada da gəlirlərin genişləndiyini deyə bilərik. Bundan başqa, dezinfeksiya istehsal edən kimya sənayesində müəyyən irəliləyişlər əldə olundu. Açıqlama verildi ki, ixrac ötən illərə nisbətən 76% artıb. Çünki pandemiya ilə bağlı dezinfeksiya məhsullarına tələbat böyük oldu”.

Sədr qeyd edir ki, pandemiya əmək bazarında olan bir çox boşluqları göstərdi: “İlk olaraq bəlli oldu ki, işsizlik və məşğulluq tələbləri düzgün müəyyənləşməyib. Misal üçün məşğulluq haqqında qanuna görə, istifadəsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olanlar məşğul sayılır. Amma bu pay torpaqların neçə faizinin yararlı olduğu, neçə faizinin heç istifadə edilmədiyi bilinmir. Həmçinin qeyri-formal əmək bazarının həcminin həddən artıq yüksək olduğu bəlli deyildi. Bu dönəmdə nə qədər qeyri-formal əməklə məşğul olanlar üzə çıxdı”.

 

Sosioloq Lalə Mehralı bildirir ki, elə peşə sahələri var ki, onların gəlirləri, ümumiyyətlə, heç olmadı. Bunlara ustaları, fəhlələri misal göstərmək olar: “Çünki karantin elan edildikdən sonra ölkənin bir çox yerində tikinti işləri dayandırıldı. Bu da onların gəlirlərinin sıfıra enməsinə səbəb oldu. Gəlirləri sıfıra enən peşə sahiblərindən biri də repetitorluqla məşğul olan müəllimlərdir. Hansı ki, onlar məktəbdə işləmirlər və pulu, sadəcə bu yolla qazanırlar. Eyni ilə kurs müəllimlərini də misal göstərmək olar. Belə ki, kursların fəaliyyəti dayandığı üçün həmin müəllimlər də əməkhaqqı ala bilmirdilər. Həmçinin kafe və restoranların bağlı olması ucbatından həmin sahədə çalışan peşə sahiblərinin də gəliri olmadı. Gəlirləri artan peşə sahiblərinə gəlincə isə ilk olaraq tibb sahəsində çalışanları, onlayn alış-verişlə məşğul olanları misal göstərmək olar”.

 

Günel Azadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir