nuriyye

Niyə virtual ünsiyyət bəzi insanlar üçün daha asan və üstündür? – PSİXOLOQ YAZIR

Baxış sayı: 1. 602

Texnologiyanın sürətlə inkişafı həyatımızı müəyyən mənada asanlaşdırsa da, müəyyən qədər də bizi özündən asılı vəziyyətə salır. İstədiyimiz vaxt istədiyimiz bir məlumatı internet vasitəsilə bir neçə dəqiqə ərzində dərhal tapa bilirik, həmçinin dünyanın istənilən ölkəsindəki bir insanla ünsiyyət qura bilirik. Bu baxımdan internetdən istifadənin bizə gətirdiyi üstünlükləri var. Amma narahatedici hal odur ki, son illərdə internetdən asılılıq halları get-gedə çoxalmaqdadır. Ən çox 12-18 yaşlarındakı yeniyetmələr internetdən asılılıq risk qrupuna daxil olsalar da, hər yaşda internet asılılığı olan insanlarla qarşılaşmağımız mümkündür. Onu da qeyd edim ki, internet asılılığı qızlara nisbətdə oğlanlarda 2-3 qat daha çoxdur.

İnternetin faydaları ilə yanaşı zərərləri də var. Belə ki, bildiyimiz kimi kompüter bizim sağlamlığımıza ziyandır. Yəni kompüter arxasında çox vaxt keçirmə səhhətimizdə problemlərə gətirib çıxarır. Kompüter və internetdən çox istifadə gözün zəifləməsi, boyun-bel ağrıları, şüualanma nəticəsində onkoloji xəstəliklərin yaranması və s. kimi fəsadlar yarada bilir. Həmçinin internetdən çox istifadə insanda yorğunluq, informasiya yüklənməsi, yuxu pozuntusuna, aqressiv və əsəbi hallara, ünsiyyətin məhdudlaşmasına da gətirib çıxarır. İnternet asılılığı olan şəxs ətrafdan sanki təcrid olunur və yaxınları ilə ünsiyyətini azaldır. Bunu çox vaxt bilərəkdən etmir. Yəni internetdə virtual dostların olması, onlarla ünsiyyət, problemlərini bölüşmək ətrafındakı “real” şəxslərlə “real-birbaşa ünsiyyət”  ehtiyacını əvəzləyir və məhdudlaşdırır. Çox vaxt buna heç vaxtı da qalmır.

Nə üçün virtual ünsiyyət bəzi insanlar üçün daha asan və üstündür? Çünki bu zaman həmin insan öz “real Mən”indən çox “ideal Mən”indən çıxış edərək özündə olmayan cəhətləri varmış kimi göstərərək kompleksiz ünsiyyətə daxil olur. Həmçinin sosial fobiyası, çəkingənliyi, qapanıqlığı olan insan da virtual ünsiyyətdə daha rahat olduğu üçün buna daha çox üstünlük verir.

Yuxarıda qeyd etdiyim kimi əsas risk qrupları 12-18 yaş aralığında olan yeniyetmələrdir. Çünki bu dövr yeni axtarışlar, yeni maraqlar, fərqli insanlarla ünsiyyət dövrüdür. Yeniyetmələr çox vaxt həttə məktəb dərslərini axsadaraq vaxtlarının çoxunu internet klublarda keçirirlər. Burada müxtəlif oyunlar oynayır, sosial şəbəkələrdə müxtəlif paylaşım edir, hətta fərqli ölkələrdən insanlarla ünsiyyətdə olurlar. İnternetdən asılı olan insanlar bir çox hallarda qidalarına da diqqət etmirlər. Onlar internetdə gördüyü işə o qədər aludə olurlar ki, buna vaxt itkisi kimi baxırlar.

İnternetdən istifadə həyatımızı asanlaşdırdığı üçün ondan tamamilə imtina etmək çətin olardı. Amma vaxtı düzgün bölmək burada əsas şərtdir. Fasiləli şəkildə internetdən istifadə qəbul olunandır. Saat bölgüsündə yaş amili nəzərə alınır. Azyaşlılar gün ərzində fasiləli olaraq 1-2 saat internetdən istifadə edə bilər. Yeniyetmə və gənclərdə bu saat nisbətən daha çoxdur. Ümumiyyətlə yetkin bir şəxsin də kompüter və internetdə keçirdiyi vaxt 3-4 saatı keçməməlidir və arada fasilələr olmalıdır.

Bəzi hallarda valideynlər tərəfindən uşaq və yenitmələr internetdən tamamilə təcrid edilir. Bu, nəticə verməyəcək. Belə olduqda internetdən istifadəni get-gedə azaltmaq daha məqsədəuyğun olardı.

İnternet asılılığı həmçinin asudə vaxtın düzgün qiymətləndirilə bilməməsindən də irəli gəlir. Bu zaman yaxşı olardı ki, uşaq və yeniyetmə sevdiyi fəaliyyətə – rəqsə, rəsmə , idmana yönləndirilsin. Bu, onun internetə sərf etdiyi müddəti azaldacaq.

Bundan başqa bəzi proqramlar var ki, internet və kompüterdən istifadə müddətinə nəzarət edir. Məsələn, şifrə daxil edən şəxs (valideyn) həftəlik kompüter istifadə müddətini 14 saat olaraq təyin edir. Ekranda qalan müddət əks olunur. Və istifadəçi bu zaman limiti keçə bilmir. Yalnız şifrəni daxil edən şəxs müddəti dəyişə və ya həftə başladıqda yenidən müddət daxil edə bilər.

 

Nuriyyə Quliyeva

Peşəkar Psixologiya Mərkəzinin direktoru/ Klinik psixoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir