musiqi

Musiqi uşaq beyninə necə təsir edir?

Baxış sayı: 1. 165

Musiqi uşaqların inkişafı və valideyn-uşaq münasibətində önəmli faktordur. Bir çox elmi məqalələrdə və jurnallarda musiqi öyrənməyin və dinləməyin uşaq və yeniyetmələrin beyin inkişafına müsbət təsir etdiyinə toxunulur. Digər tərəfdən isə valideynlər öz sevdikləri musiqiləri uşaqları ilə paylaşanda, onlarla birlikdə musiqi dinləyəndə, yaxud rəqs edəndə öz övladları ilə əyləncəli vaxt keçirmiş olurlar, bu isə valideyn-uşaq münasibətinə müsbət təsir göstərir.

İlkin yaşlarda (7 yaşdan aşağı) musiqi ilə məşğul olmaq, uşaqlarda beynin hər iki – sağ və sol yarımkürəsinin əlaqəli şəkildə inkişafına səbəb olur. Yəni musiqi beynin funksiya və strukturunu yaxşıya doğru dəyişir.

2018-ci ilin mart ayında ABŞ-ın Milli Sağlamlıq İnstitutunun Kennedi mərkəzində “Musiqi və Beyin” seminarında bir qrup elm adamı körpəlikdən uşaqların musiqi dinləməyə həssas olduğunu və musiqi təcrübəsinin dil inkişafına əhəmiyyətli töhfə verdiyini göstərən tədqiqat nəticələrini qeyd etdi. Alimlər musiqinin dil inkişafını təşviq etməklə yanaşı, diqqəti, vizual-məkan qavrayışını və icraedici funksiyanı da əhatə edən digər idrak funksiyalarının inkişafına müsbət təsir göstərdiyini müəyyənləşdiriblər.

Musiqi və beyin funksiyası arasındakı əlaqəyə artan maraq səbəbilə neyromusiqi olaraq bilinən yeni bir araşdırma sahəsi yaradıldı. Son bir neçə ildə aparılan araşdırmalarda beyin görüntüləmə texnikasından istifadə musiqinin beynin hər məlum hissəsini aktivləşdirməsi ilə nəticələndi.

Bu, musiqi dinlədiyimiz zaman hamımıza aiddir. Musiqiçilər üçün alət çalma aktı təkcə beyni aktivləşdirmir, eyni zamanda beynin inkişafına da təsir göstərir.

Ümumiyyətlə, musiqiçilərin beyinləri geniş əhali ilə müqayisədə daha böyük və həcmlidir. Həm də üstün bir iş yaddaşı, eşitmə bacarığı və idrak rahatlığı var.

2012-ci ildə təşkil edilən “Öyrənmə, Tədris və Təhsil Rəhbərliyi” mövzusunda dünya konfransında bir çox mənbədən araşdırma işləri paylaşıldı. Artıq bir müddətdir ki, musiqinin uşaqlarda dinləmə bacarıqlarını inkişaf etdirmək üçün, eləcə də öyrənmə çətinliyi olan uşaqlar üçün təsirli bir təcrübə təmin edəcəyi düşünülür.

Bir uşağın musiqi ilə fəal məşğul olması bir çox müsbət təsir göstərə bilər. O cümlədən:

  • Dil bacarıqları
  • Riyazi bilikləri
  • Adaptasiya bacarığı
  • Fiziki inkişafı

Əksər mütəxəssislərin hazırkı ortaq fikri, uşaqlar yeddi yaşından əvvəl musiqi təhsilinə başlayarsa, maksimum fayda əldə ediləcəyidir. Artıq valideynlər erkən vaxtlarda övladlarına daha çox musiqi dinlətməyə çalışırlar. Hazırda hətta qarın üçün qulaqlıqlar mövcuddur ki, analar körpələrinə dünyaya gəlməzdən əvvəl musiqi dinlətməyə başlaya bilsinlər.

Bir başqa üsul olaraq körpənizə mahnı oxumaq və musiqi səsləndirən sadə oyuncaqlar ilk vaxtlar üçün yaxşı başlanğıcdır. Sonrakı mərhələdə isə onlarla birgə mahnı oxumaq, rəqs etmək, musiqi dinləmək məsləhət görülür.

Uşağınızın musiqi sahəsində inkişaf etməyini istəyirsinizsə, onunla konsertlərə gedin. Musiqi alətləri satılan mağazalara aparın, musiqi alətlərinə toxunmaqlarına, səslərini öyrənməklərinə şərait yaradın. Bu, sizə övladınızı müşahidə etmək və maraqlarını öyrənmək üçün yardımçı olacaq. Onu yönləndirə bilməyiniz üçün bəzən müşahidə etmək mütləqdir.

Əgər haradan başlayacağınızı bilmirsinizsə, işinizi asanlaşdıracaq, körpələrinizlə əyləncəli vaxt keçirəcəyiniz, eləcə də ingilis dili öyrənməsinə şərait yaradacaq mahnı tövsiyələrimiz var:

A B C song;

Beethoven’s Wig;

Wheels On The Bus;

The Planet song;

Clap your hands;

Walking Walking hop hop hop;

Body Parts;

Bye Bye Song!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir