gozellik

Karantinə rəğmən: Bu günlərdə gözəl qalmaq üçün nə etməli?

Baxış sayı: 883

Yaz və yay aylarında təbiətdə müxtəlif fərqliliklər müşahidə edildiyi kimi dəridə də müxtəlif reaksiyalar baş verir. Dəri yaz aylarında həssaslaşır. Bu vəziyyətdə dəriyə qulluq etmək mütləqdir. Əks təqdirdə dəridə allergiya, qızartılar, qabıqvermə, çatların əmələ gəlməsi və s. müşahidə edilə bilər.

Ancaq koronavirusla əlaqədar karantin rejimi səbəbilə, bütün gözəllik salonları, kosmetoloji salonlar fəaliyyəti dayandırıb. Yəni artıq dəriyə ev şəraitində qulluq etməliyik.

Kosmetoloq Səadət Bayramova deyir ki, yaz aylarında qadınlar dərilərinin təmizliyinə xüsusi üstünlük verməlidirlər.

“Buna “çistka” deyilir. Prosedur kosmetoloq tərəfindən aparılmalı olsa da, qadınlar evdə özləri dərilərini təmizləyə bilərlər. Ancaq təmizləmə zamanı vasitələrin düzgün seçilməsinə diqqət yetirilməlidir. Məsələn, yağlı dərilər daha çox yuyulmalı, quru dərilər üçün isə ağ yağlı kosmetik vasitələrdən istifadə etmək lazımdır”, – deyən kosmetoloq bildirib ki, mütəmadi qulluq etməklə dəridə olan quruma, soyulma və qara nöqtələrin yaranmasının qarşısını almaq mümkündür.

Evdə dərini təmizləmək üçün bir neçə bitki çayından istifadə etmək olar: “Məsələn, kəklikotu və ya çobanyastığı dəmləməsi edərək, üzü bu çayın buxarına tutmaq lazımdır. Sonra dəridə olan xırda sızanaqlar xüsusi əlcək geyilərək sıxılır. Və üzə sabun çəkilərək masaj edilir. Bundan sonra üz isti su ilə yuyulur və nəmləndirici krem çəkilir”.

Kosmetoloq bildirir ki, evdə pilinq də etmək mümkündür. Bunun üçün pambığı limon suyunda isladıb, azacıq şəkər tozu ilə üzü masaj etmək olar. Bu professional pilinq effekti verməsə də, dəridə olan ölü hüceyrələri təmizləyəcək.

“Düzdür yaşadığımız vəziyyət bizə stress də gətirir. Stress isə erkən qocalmaya səbəb olur. Bunun qarşısını almaq üçün qorxulu düşüncələrdən uzaq olmaq lazımdır. Eyni zamanda çox su içmək də dərini gözəlləşdirir”, – deyə kosmetoloq vurğulayıb.

Onun sözlərinə görə, yuxu rejiminin pozulması dərini yaşlandıran əsas səbəblərdəndir. Buna görə də, yuxu rejimini nizamda saxlamaq lazımdır: “Evdə dərinizin təmiz olması üçün müxtəlif lasyon və maskalar hazırlaya bilərsiniz. Məsələn, limon suyu ilə üzü silmək dərini təmiz saxlayır. Dəriniz həssasdırsa, limon suyuna bal da əlavə edin. Bu qarışıq dərinizi canlandıracaq”.

Üzün dərisini ölü hüceyrələrdən təmizləmək üçün zeytun yağı və şəkər tozu qarışığı da məsləhət görülür. Bu qarışıqla üzü 10 dəqiqə masaj etmək dərini təravətləndirəcək.

Kosmetoloqun fikrincə, xiyarın suyu da dərini təmizləmək üçün əsas vasitələrdən hesab edilə bilər: “Xiyarı sürtgəcdən keçirib, püre halına salın. Maskanı üzünüzdə 10 dəqiqə saxlayıb yuyun. Dəriniz canlanacaq və daha gənc görünəcək. Başqa bir maska isə bal və darçınla hazırlanır. İki çay qaşığı bala darçın əlavə edib, üzü bu qarışıqla masaj edin. Maska on dəqiqə üzünüzdə qaldıqdan sonra isti su ilə yuyun və nəmləndirici krem çəkin. Bu qarışıq üzdəki sızanaqların sağalmasına da yardım edir”.

Kosmetoloq bildirir ki, bu günlərdə əsəb və stressdən gözaltında yaranmış kölgələrin aradan qaldırılması üçün dəmlənmiş çay və kartof nişastası çox faydalıdır: ” Yeni çay dəmləyin, pambığı isladıb gözlərinizin üstünə qoyun. Bu proseduru yatana yaxın edin ki, prosedur bitdikdən sonra yatın. Və yaxud kartofu dilimləyib, gözlərinizin üstünə və altına qoyun. Nişasta gözaltında olan bütün qara kölgələri götürəcək”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir