Ailədə tərəflərin ən çox etinasızlıq göstərdikləri məsələlərdən biri də həyat yoldaşlarının bir-birilərinə yaxşı tərəflərini deməmələri və ya başqa sözlə, həyat yoldaşlarının bir-birilərini qiymətləndirməmələridir. “Gencaile.az” saytının “Evlisən” rubrikasında bu dəfə məhz həyat yoldaşınıza yaxşı tərəflərini deməyin üstünlüklərindən bəhs edəcəyik.
Məsələn, bir dəfə bir qadın: “Əslində həyat yoldaşımın yaxşı tərəfləri çoxdur, ancaq mən bunu heç vaxt onun üzünə demirəm”, – dedi. Səbəbini soruşduq, “Çünki kişiyə üz vermək olmaz, yoxsa, həddini aşar”, – deyə cavab verdi. Təəssüf ki, məsələyə bu cür baxış təkcə qadınlar arasında yox, kişilər arasında da çoxdur.
Digər bir məsələ isə tərəflərin tənqid məsələsində eyni mövqedən çıxış etməmələridir. Bu isə evlilikdə asayişi pozmaq və ya başqa sözlə, münaqişələrin əsasını qoymaq deməkdir. Bu, həm də, ailədəki mənəvi atmosferə zərbə vurduğu üçün təhlükəlidir.
Əlbəttə ki, bəziləri həyat yoldaşlarında elə yaxşı bir tərəfin olmadığını düşünə bilərlər. Ancaq unutmaq olmaz ki, hər insanın özünə görə yaxşı tərəfləri var və bu yaxşı tərəfləri görmək üçün bir az diqqət yetirmək kifayətdir. Məsələn, bütün vaxtını televizora sərf edən bir kişinin bir axşam televizora yox, həyat yoldaşına vaxt sərf etməsi, əlbəttə ki, təqdirlayiq bir hərəkətdir. Və ya adi bir vaxtda həyat yoldaşının üçün heç bir hazırlıq görməyən qadının bir axşam həyat yoldaşını xüsusi bir təntənə ilə qarşılaması, əlbəttə ki, təqdir edilməlidir.
Buna görə də, bütün evlilərə öz həyat yoldaşlarındakı müsbət keyfiyyətləri kəşf etməyi və kəşf etdikləri bu müsbət keyfiyyətləri həyat yoldaşlarına bildirməyi təklif edirik. Əlbəttə ki, bu keyfiyyətlər həm həyat yoldaşınızın gülərüz olması, həm hər gün uşaqlarına vaxt ayırması, həm də ailəsini başqa maraqlarından üstün tutması və s. ola bilər. İnanın, “Təmiz olmağın çox xoşuma gəlir” və ya “Güləndə çox gözəl olursan” kimi cümlələr qurmaq heç də çətin deyil.
Tərəflər bir-birilərinə yaxşı tərəflərini deyərsə…
– Hər şeydən əvvəl, təqdir edilən tərəfin təqdir edən tərəflə bağlı mənfi fikirləri azalar (təbii ki, əgər varsa).
– Qarşı tərəf özünü daha dəyərli hiss edər.
– Təqdir edilən tərəfin təqdir edən tərəflə bağlı müsbət fikirləri artar.
– Ailədaxili dilaoqlar şikayət və ya tənqid çərçivəsindən çıxar.
– Tərəflər arasındakı ünsiyyət artar və s…
Təqdim etdi: Aydan Kərimli