usaqlar

Müharibə və karantin demoqrafik problem yarada bilərmi?

Baxış sayı: 970

Hazırda bütün dünyada, eləcə də Azərbaycanda pandemiya səbəbindən toy mərasimlərinin keçirilməməsi yeni qurulan ailələrin sayını azaldıb. İstisna deyil ki, bu həm də dünyaya gələcək körpələrin sayının azalmasına, demoqrafik vəziyyətə təsir edir. Digər tərəfdən isə vətən savaşında 3 minə yaxın gəncimiz şəhid oldu, xeyli sayda əsgərimiz qazi olaraq geri döndü. Bununla yanaşı, pandemiya səbəbindən Azərbaycanda bir neçə aydır karantin rejiminin davam etməsi və hazırda yaşadığımız sərt karantin rejimi, iş yerlərinin bağlanması ailələrin gəlirlərinin azalmasına da səbəb olub ki, bu da gənc ailələrin yeni övlad dünyaya gətirməklə bağlı planlarının ertələnməsi ilə nəticələnə bilir. Həmçinin 1 və ya 2 övladının olmasını istəyən valideynlər selektiv abortlara üz tutmalı olurlar.

Bu demoqrafik problemləri necə həll etmək olar? Hazırda qeyd etdiyimiz problemlər bir neçə il sonra məktəblərdə uşaq sayının azalmasına, hərbi xidmətə çağırışda, əmək bazarı və sair mərhələlərdə özünü göstərə bilərmi?

EFVEF.jpg (25 KB)

Bu suallarla bağlı danışan Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Musa Quliyev bildirdi ki, bütün dünyada bu proses gedir:

“Karantin tədbirləri səbəbindən bütün dünyada toyların qarşısı alınıb, kiçik istisnalarla məhdud şəkildə nikahlar bağlanır. Amma mən hesab etmirəm ki, bu ciddi demoqrafik itkilərə gətirib çıxara bilər. Hər il doğulan uşaqların statistikasında yeni evlənənlərin payı 25-30 faiz civarındadır. Hər il ölkədə 150 min uşaq doğulursa, onun 35-40 min nəfəri yeni evlənənlərin payına düşür. Ancaq karantin tədbirləri uzun müddət davam etsə, demoqrafik proseslərə öz təsirini göstərə bilər. Bu məsələdə dövlət nə edə bilər? Kimisə bugünki qaydalara uyğun evlənməyə məcbur edə bilmərik. Elə gənclər var ki, hər hansı mərasim keçirmədən ailə üzvlərinin iştirakı ilə evlənir, nikah bağlayırlar. Bir qismi də gözləməkdədir ki, karantin rejimi bitsin və təmtəraqlı toy mərasimi ilə ailə qursunlar. Bu da onların seçimidir. Hesab edirəm ki, yaza doğru vaksinasiya prosesləri, müəyyən qədər immunitetin yaranması koronavirus pandemiyasının aradan qalxmasına səbəb olacaq və yazdan toylar başlayacaq. Ancaq biz toyların əvvəlki qaydada izafi xərclərlə, çox böyük sayda insanın iştirakı ilə keçirilməsinin tərəfdarı deyilik. Pandemiyandan müəyyən dərslər çıxarmağımız yaxşı olardı. Demoqrafik məsələdə ciddi itkilər olduğunu düşünmürəm. İlin sonuna az qalıb və biz artıq yanvar ayında biləcəyik ki, bu il doğulanların sayı nə qədərdir və nə qədər azalıb. 25-30 faizdən artıq bir azalma gözləmirəm”.

M.Quliyev vurğuladı ki, bütün dünyada uşaq doğumlarının azalması prosesi gedir:

“Xüsusən də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə bu, kəskin müşahidə olunur. Qeyd etdiyim hal gələcəkdə demoqrafik vəziyyətə öz təsirini göstərə bilər. Lakin ümumilikdə, bu problem təkcə Azərbaycan üçün deyil, dünyanın bütün ölkələri üçün xarakterikdir. Azərbaycanın kifayət qədər gənc insan potensialı var. Bizim istər əmək bazarımızda , istərsə də hərbi müdafiə məsələlərimizdə yetərincə insan potensialımız mövcuddur. Bu gün bu məsələ bizi narahat etmir. Təbii ki, bir neçə il pandemiya bu şərtlərlə davam edərsə, o zaman ciddi demoqrafik çətinliklərlə üzləşə bilərik.

Deputat deyir ki, pandemiya dövründə əksər ailələrin gəlirləri azaldığından uşaqlara yönəlik sosial müdafiə proqramları olmalıdır:

“Yaz aylarında pandemiya başlayanda 600 min insan 190 manatlıq birdəfəlik müavinətlə təmin olundu, lakin kənarda qalanlar da oldu. Bu qış karantinində ümid edirəm ki, əksikliklər aradan qaldırılar. Çünki birinci mərhələdə həm müəyyən təcrübə əldə olundu, həm də proses qısa müddət ərzində həyata keçdi deyə, kənarda qalanların olması da mümkündür. Bu dəfə proqramda daha geniş kütlə əhatə oluna bilər. Digər tərəfdən, cənab prezident uşaqlarla bağlı bir dövlət proqramı da imzaladı. Yəqin ki, bu proqramdan irəli gələrək, uşaqların müdafiəsi üçün başqa proqramlar da olacaq. Uşaqların sosial müdafiəsi üçün proqramların olması da ailələrdə yeni övladların dünyaya gəlməsi üçün stimul ola bilər. Hazırda müzakirə etdiyimiz digər bir məsələ də selektiv abortlar və dünyaya gələn qız uşaqlarının azalmasıdır. Bununla bağlı da hökumətin portfelində müəyyən tədbirlər nəzərdə tutulub”.

Deputat onu da diqqətə çatdırdı ki, hazırda vətən savaşından sonra hökumətin öncəlikləri fərqlidir və həyata keçirilməli olan təxirəsalınmaz tədbirlər var:

“Müharibədən sonrakı dövrdə əsas diqqət şəhid ailələrinin, müharibə əlilləri və qazilərin sosial müdafiəsinə yönəldilməlidir. İkinci məsələ isə işğaldan azad edilmiş torpaqlarımızın təmizlənməsi və bərpası işləridir. Bu istiqamətdə olduqca böyük vəsaitlər lazım olacaq. Ola bilər ki, bu işlər uşaqların sosial müdafiəsi ilə bağlı sosial proqramların həyata keçirilməsini, həmçinin selektiv abortların qarşısının alınması üçün nəzərdə tutulan tədbirləri müəyyən qədər gecikdirə bilər. Ancaq bildiyim qədər hökumətin portfelində bu tədbirlər nəzərdə tutulur”.

Nərgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir