toy

Qafqazlı qadın – ər evinin köləsi

Baxış sayı: 860

Bir neçə ay öncə Çeçenistanın başçısı Ramzan Kadırov koronavirus ucbatından maddi çətinliklərlə üzləşmiş və evlənməyə hazırlaşan iki yüz kişiyə başlıq üçün vəsait ayrılması barədə göstəriş verib. Çeçenistanda başlıq pulu 50 min rubl məbləğində müəyyənləşdirilib. Bu, rus Qafqazında hələ də populyar olan toy adətlərindən biridir. Amma başqa – daha qəddar adətlər də var – gəlinin zorla qaçırılmasından tutmuş təcavüzə qədər (qız sonra ata evinə qayıda bilməsin deyə).

Jurnalist Lidiya Mixalçenko Lenta.ru-nun xahişi ilə sözügedən bölgələrin toy adət-ənənələri və qafqazlı kişilərin əxlaqı barədə daha çox şey öyrənmək məqsədilə Çeçenistan və İnquşetiyada yaşayan qadınların monoloqlarını qələmə alıb.

 

“Ər arvadına adı ilə yox, “ey” deyə müraciət etməlidir”

Zarema – 25 yaş, İnquşetiya

Məni 2013-cü ildə qaçırdılar. Ona ərə getməyə etirazım yox idi, sevirdim, amma qaçırmaq istədiyini bilmirdim, buna görə də söyürdüm. Qaçırmadan sonra valideynlərimlə saatlarla davam eləyən danışıqlar başladı. Ər tərəfi də, elə mən özüm də atamı dilə tuturduq ki, razılıq versin – onun razılığı olmadan bu addımı ata bilməzdim. Valideynlərimi mənim artıq ərdə olduğum fikri ilə barışdırmaq və diplomatik əlaqələri yoluna qoymaq da ayrı bir mövzu idi.

İnquşlarda “görüşməmək” ayinləri son dərəcə güclüdür (adətə görə, oğlan gələcək qayınanası və qayınatası ilə qarşılaşmamalıdır). Ər və arvad tərəfin qohumları bir-biri ilə yalnız elçilik adlanan rəsmi mərasimdən sonra ünsiyyətdə olmağa başlayırlar.

Toyda mən düz beş saat yarım zalın bir küncündə ayaq üstə dayandım. Ki, ərimin bütün qohumları yaxınlaşıb öz arzu-diləklərini çatdırsınlar. Ayaqlarım üyüşmüşdü, belim ağrıyırdı, içəri çox isti olduğundan nəfəs almaq çətinləşirdi. Qayınanamın bacısı məni dincəlmək üçün harasa aparacağını dedi, amma sonra onun fikrini yayındırdılar və məni unutdu. Daha sonra qohumlardan ibarət başqa bir dəstə gəldi, mən yenə də mumiya kimi başdan-ayağa ağa bürünmüş halda ayaq üstə qaldım. Heykəl kimi. Hər hansı hərəkət eləmək, nəsə demək olmazdı.

Qonaqlar mənim “dilimi açmaq” qərarına gəldilər. Gəlini danışdırmağa çalışmaq toy adətlərindən biridir. Məsələn, əlinə pul basırlar – mütləq götürməlisən. Ya da – toylarda belə şey tez-tez olur – qonaq əlində bir stəkan suyla yaxınlaşır və soruşur: “bu suyu içməyə icazə verirsən?” Onda gəlin “İç, nuş olsun!” deməlidir. Mənim qohumlarımın toyunda elə olub ki, bəyin qohumları toyda gəlinin duvağını qaldırıb onu gözdən keçiriblər. Mənə çoxlu pul bağışladılar. Hamısını qayınanama verməliydim.

Axşam hər şey təkrarlandı. Bəyin dostları gəlmişdi. Məni üç saat ayaq üstə dayanmaq üçün yenə həmin küncə apardılar. Qonaqların bəziləri qulaqlarım eşidə-eşidə kifir olduğumu deyirdilər. Deyirdilər ki, bəy məndən göyçəkdir, guya mən “oğlanı bədbəxt eləmişəm”. Bunu eşidəndə “bunlar nədən danışırlar? Hansı oğlanı?” – deyə çox heyrətlənmişdim. Çünki mən məktəbi təzəcə bitirmişdim, onun isə otuza yaxın yaşı vardı və üçüncü dəfə evlənirdi! Amma sonra öyrəndim ki, bu, adi haldır. Hətta evlənən əlli yaşlı boşanmış kişi olsa belə, belələrinə ərə gedən gənc qızlar haqqında da “oğlanı bədbəxt elədi” deyirlər.

Çeçenlərdə də, inquşlarda da gəlin toyun ertəsi günü, hələ sübh açılmamış həyəti süpürməlidir. Öz həyətləri ilə birlikdə qonşununkunu da süpürsə, lap yaxşı olar. Lap Timur və komandası kimi. Bütün hallarda yuxudan qayınanadan tez oyanmaq lazımdır. Kiçik gəlinin davranışını diqqətlə izləyirlər. Buna görə də, mən toy gecəsi, ümumiyyətlə, yatmadım.

pic_ea1861075ea8b6ff085801001a65fbac

Ərimin atası çox amiranə adam idi, evdə heç kim onun bir sözünü iki eləmirdi. O mənim adımı dəyişdi. Həvva adından xoşu gəlirdi. Mənimsə adım başqaydı. Məni əvvəlki adımla çağıran qohumlar qayınatamın qəzəbinə tuş gəlirdilər. Ona görə də, hər kəsə xəbərdarlıq edirdim ki, onun yanında mənə sadəcə “sən” deyə müraciət eləsinlər.

Heç kimin ona qarşı çıxmağa cəsarəti çatmırdı. Hər halda nəslin başçısıydı, bunun anlamı böyükdür. Məruz qaldığım ədalətsizliyin yaratdığı çarəsizlik hissini yaxşı xatırlayıram, bunu qəbul eləyə bilmirdim. Sonralar qayınanam ərini- qayınatamı inandırdı ki, Quranın hansısa surəsində mənim əsl adım yazılıb – deməli, şərəfli addır. Kişi razılaşdı. Bir parçamı özümə qaytardıqlarına görə çox sevinirdim.

Adətə görə, ərin arvadını adıyla çağırmağa ixtiyarı yoxdur, xüsusən də, yadların yanında. O, qadına ya “ey”, ya da “ay arvad” deyə müraciət etməlidir. Bəziləri “zuda” deyirlər (“arvad” deməkdir). Qadın da ərinin qohumlarına adlarıyla müraciət etməməlidir. Odur ki, məcburən hansısa ləqəblər uydurursan. Ərin bir neçə qardaşı varsa, onlara fərqli formalarda müraciət eləmək lazımdır. Məsələn, “böyük” demək olar, ya da adları təhrif eləyə bilərsən. Ərimin Marina adlı bacısı vardı, mən ona “moruq” deyirdim. O biri bacılarına inquşca “gözəl qız”, “yaxşı qız”, “mehriban qız”, ya da “böyük”, “kiçik” deyə səslənirdim – etiket bunu tələb edirdi.

Ərimin xala-bibiləri mənə eybəcər olduğumu deyirdilər. Bu, təkcə mənim başıma gəlmirdi – qonşuluqda yaşayan cavan gəlin də, rəfiqələrim də ərlərinin ailələrindən eyni şeyi eşidirdilər. Hərçənd inquş ezdeli (ənənəvi qaydalar toplusu) gəlinlə qəddar davranmağı kəskin şəkildə qınayır. Mən öz ünvanıma açıq təhqir eşitməmişdim, amma adamı başqa cür çürüdürlər: tərbiyə eləyirlər, hər şeyə ilişirlər, hərdən danlamaq üçün səbəb olsun deyə bir-birin əksi olan nələrsə istəyirlər. Qızın arxasında kimisə varsa, buna görə, qalmaqal düşə bilər – qız güclü tayfadandısa, doğmaları işə qarışacaq, çünki burda təhqir olunan sadəcə qız deyil, bütün ailədir. Qızın arxası yoxdursa, hər şey baş verə bilər.

Mən ailəmə ərimdən şikayət eləyəndə heç kim qarışmadı. Doğma qardaşlarım uzaqda yaşayırdılar, əmim oğlu isə “bundan sonra ərinin ailəsi sənin sahibindir, ya yola get, ya da boşan” dedi. Üzərimizdə bu qədər mükəlləfiyyətin olması bəs deyilmiş kimi, adətlər arasında da yeni evlənənlər üçün ürəyəyatan heç nə yoxdur. Məsələn, bal ayı və toy səyahəti. İndi varlı adamlar buna imkanları var – harasa səfər edirlər. Amma toydan dərhal sonra olmaz, nalayiq hərəkətdir. Cavan gəlin ilk günlər utanmalıdır, onun oturmağa ixtiyarı yoxdur, daima ayaq üstə dayanmalıdır, xüsusən də, böyüklərin yanında.

Gəlin özünə vaxt ayıra, nə vaxt dincələcəyinə, nə vaxt öz otağına gedəcəyinə qərar verə bilməz. O, havayı əmək resursudur, bəli. Patriarxatlıq məhz budur: gənc qadınların yeri ən aşağı pillədədir və onlar hamıya xidmət etməlidilər. Qızlara təlqin olunur ki, tələbatları nə qədər az olsa, o qədər savab qazanarlar. Kişi isə heç boşanmadan, ya da ən azından, arvadının böyüklərinə zəng eləyib telefonla da olsa, boşandığını xəbər vermədən də, üfüqdə gözdən itə bilər və buna görə heç bir cəza almaz. İnquşetiyada belə şeylər olur – hətta altı uşaq sahibi olub ailəsi evsiz-eşiksiz yaşasa belə, kişinin istədiyini eləməyə ixtiyarı var. Üstəlik, evli olduqları müddətdə ər arvadına işləməyi, oxumağı qadağan eləyə bilər.

Ər evindəki həyatımın üçüncü günü ərim özümlə gətirdiyim paltarları görəndə silləni yapışdırdı. “Bu nədi gətirmisən? Mən ancaq uzun ətək, uzunqol paltarlar və böyük yaylıq bağlamağa icazə verirəm”. Gətirdiyim paltarların heç birini geyinməyə macal tapmadım. Toya qədər o, məni adi görkəmdə – dizə qədər ətək, açıq saçlarımda nazik incə yaylıq, dirsəyə qədər köynəkdə görürdü.

pic_3a08472c367566c78631afedcc16d696

Mən gənckən çox güləyən idim. Bir dəfə həyətdə ərimin bir qadın qohumu və onun oğlu ilə gülə-gülə söhbət eləyirdim. Ərim üzü daş kəsilmiş halda mənə yaxınlaşdı və dirsəyimi göyərənə qədər sıxdı. Sonra səbəbini izah elədi: ucadan gülürmüşəm.

Qışda evlə mətbəx arasında qaçarkən neçə dəfə soyuqlamışdım. Ərimin evində mətbəx həyətdə ayrıca tikilmiş əldamındaydı – yemək bişirmək, paltar yumaq, hər şey orda olurdu! Ərə və onun valideynlərinə yeməyi təzə, qaynar-qaynar vermək lazım idi. Buna görə də, həmin həyəti yüz dəfə o baş-bu başa qaçmalıydın. Bircə onlar mətbəxdə yemək qərarına gələndə işin asanlaşırdı.

Mənim evliliyim iki il çəkdi. Ərim boşanma qərarını mənə sms-lə göndərdi. Mən heç nəsiz qalsın. Əslində, nəsə tələb eləməyə utanırdım, baxmayaraq ki, nigahda olduğum müddətdə işləmişdim və ümumi əmlaka qatqım olmuşdu. Şəriətə görə, boşanma zamanı qadının çox şeyə haqqı çatır, amma onları alıb-almayacağı qadının valideynlərindən – daha doğrusu, onların nə qədər prinsipiallıq göstərə bilməyindən və şərtlərə əməl olunmasını tələb etmələrindən asılıdır. Müftilik qadının tərəfini tuta bilər, amma qaydaların icrasına zorlamaq, sanksiya qoymaq hüququ, buna imkan verən alətləri yoxdur.

Ərə gedəndən sonra həmişə qorxurdum ki, birdən hamilə qalaram. Çünki kolleci bitirməyə macal tapmamışdım, bircə məktəbi başa vura bilmişdim. Pul ehtiyatım, daşınmaz əmlakım yox idi. Babamın evi qardaşıma qalmışdı. “O, ailə qurmalıdır”, – anam belə demişdi. Odur ki, boşanan kimi universitetə daxil oldum.

İndi mən diplomlu sosioloqam, aspiranturada oxuyuram və öz mədəniyyətimizi araşdırıram. Bizdə patriarxatın bütün növləri bir-birinə qarışıb. Məsələn, oğullar patriarxatı – kişilər əvvəlki patriarxal nəsillərin səlahiyyətlərinə, imtiyazlarına sahib olmaq istəyirlər, eyni zamanda da keçmiş nəsillərdəki kişilərin daşıdıqları məsuliyyətlərin, öhdəliklərin hamısından imtina edirlər. Atalar patriarxatı kişilərin ailəni təmin etmək, ağır işləri öz üzərinə götürmək öhdəliyini nəzərdə tutur. Oğulların patriarxatı isə fərqlidir – onlar qadınlardan tam itaət və xidmət tələb eləyirlər, ancaq qarşılığında borclu olmaq istəmirlər. Məsələn, ev işlərindən söhbət gdəndə unudurlar ki, islama görə, ev işləri kişilərə yad deyil və dərhal vaynax ənənələrinə hoppanırlar. O ənənələrə ki, orda kişinin uşağını qucağına alması, arvadı ilə mağazaya getməsi, yuyulmuş paltarları asması qəbahət sayılır.

“Bəylə gəlinin şərəfinə havaya atəş açdı, güllə bacısının çiyninə dəydi”

Aida – Çeçenistan, 31 yaş

Mənimlə bağlı son dərəcə adi bir söhbət oldu. Müftilik tərəfindən müəyyənləşdirilmiş başlıq məbləği var – 40 min rubl. Ondan artığını imkanlar çərçivəsində verirlər. Ona görə də, uzun-uzadı bazarlıq aparılmadı, belə vəziyyətlərdə qəbul olunmuş diplomatik söhbət getdi: verirsiniz, ya yox?! Atam “hə” dedi və elçilər də yemək yeyib çay içdilər. Qızın atası rədd cavabı verəndə qonaqlara süfrə açılmır.

Mən gizlənməli oldum. Vaynaxlarda (çeçenlər və inquşlar) qıza elçi gələndə o, gözə görünmür, öz otağında oturur. Başlıq pulunun məbləğinə kişilər qərar verirlər, qız bu prosesdə iştirak və şahidlik eləmir. Məni islam qaydalarına uyğun nişanladılar. Nişanlımı tanıyırdım, bir-birimizlə evlənmək istəyimiz qarşılıqlı idi.

Bizdə toy iki hissədən ibarət olur. Birinci toy – qız evində, ikincisi isə gəlini götürəndən sonra oğlan evində. Hər nəsildə daima toylar təşkil eləyən, restoran tapan, müğənniləri çağıran, evi şənlik üçün hazırlayan fəal qadınlar var.

pic_69c21cbf55644911259ab581533d5bcd

Sizin heç ağlınıza gələr ki, dostlarınızın toyuna silahlı gedəsiniz? Yox? Deməli, siz Qafqazda yaşamırsınız. Bizdə yeni evlənənlərin şərəfinə havaya atəş açmaq çox populyardır. Hətta mənim toyumda bir nəfər yaralanmışdı. Qonaqlardan biri – o, havaya atəş açdığına and içir – öz əmisi qızını çiynindən yaralamışdı. Qışqırıqlar, qan… Mən sadəcə qaçmaq, yox olmaq istəyirdim. Əsl şok yaşadım. Yadıma bir hadisə düşdü – balaca bir qız toy olan evin eyvanına çıxmışdı və təsadüfi güllə onu öldürmüşdü. Bu adətin anlamı – güllə səsləri ilə şər qüvvələri qorxutmaq və gənc ailədən uzaqlaşdırmaqdır. Amma atəş açan bir neçə nəfər olanda və onlar müharibədəki kimi dayanmadan partapart salanda adam qulaqlarını tıxamaq istəyir! Ətrafda müharibədə, hücumlarda, xüsusi əməliyyatlarda travma almış çoxlu uşaq-böyük vardı. Özümü çox narahat hiss eləyirdim.

Çoxları bu adətə yaxşı baxmır, amma o, aradan çıxmır ki, çıxmır. Mübahisə eləməyə başlayanda ənənəvi olan hər şeyin müdafiəçiləri deyirlər ki, sən bizim milli kimliyimizi, şərəfli keçmişimizi məhv eləməyə çalışırsan, tək-tük halları şişirdirsən. Tərəzinin gözündə özünün və doğmalarının təhlükəsizliyinin qoyulduğunu bildikləri halda insanların niyə bu vərdişdən əl çəkmədiklərini anlamaq çox çətindir. Məgər insan həyatı bu “rus ruleti”ndən imtina etməyə dəymir?

Toyda məni aparmaq üçün kəndimizə gəlmişdilər. İnquşetiya və Çeçenistanda belə bir adət mövcuddur: gəlini gətirməyə gedən qafilənin yolunu kəsmək. Uşaqlar yolu açmaq üçün bəxşiş istəyirlər, onlara az miqdarda pul verilir. Həmin vaxt doğum evinə, ya da xəstəxanaya tələsənlər tıxaca düşə bilərlər. Bir də kökləri at-araba nəqliyyatı dövrünə qədər uzanan bir əyləncə var: o vaxtlar oğlan tərəfdən olan süvarilər gəlin arabasının yanında getmək və orda daha uzun müddət qala bilmək uğrunda yarışırdılar, çünki bu, igidlik əlaməti hesab olunurdu. XXI əsrdə atların yerini avtomobillər tutub və tez-tez toylarda ölümcül nəticələnən yol qəzalarının baş verdiyini eşidirik. Ənənə müdafiəçiləri bu adəti qorumağa çalışırlar. Hərçənd bu halın təhlükə yaratması faktı belə, ondan qurtulmaq üçün kifayətdir. Bu mənada, mənim bəxtim gətirmişdi: qafilədə qəza vəziyyətləri yaranmışdı, amma ciddi zərər görən olmamışdı.

Toydan sonra mənim üçün ən çətini məişət qaydalarına əməl etmək idi. Məsələn, qayınanadan tez yatmaq olmaz. Bu, toydan üç-dörd ay sonra, ilk hamiləlik zamanı xüsusilə çətinləşir. Halsızsan, toksikozun var, amma yemək bişirməyi, təmizliyi və təbii ki, bütün qohumlara ehtiram nümayiş etdirməyi unutmamalısan.

Bizdə istənilən problemin çarəsi evlilikdir. Məncə, Çeçenistanda, hamını evləndirmək milli idmandır. Oğlan narkomandır? Valideynlərinə məsləhət görəcəklər ki, onu təcili evləndirsinlər. Əyyaşdır? Evləndir! Avaradır? Yenə evləndir!

Qızlara da valideynlərlə problemlər, maddi çətinliklər, kefsizlik və işsizlik əleyhinə ərə getmək tövsiyə olunur. Bilmirəm, niyə bizim camaat evliliyin bütün problemlərin həlli olduğuna bu qədər əmindir? Mənim bəxtim gətirib – ərim diktator, zülmkar deyil, biz Çeçenistandan sağ-salamat çıxmışıq və indi başqa bölgədə yaşayırıq. Amma rəfiqələrimin bəziləri elə ailələrə düşüblər ki, orda hər şeyi ərin anası –qayınana idarə eləyir, ər də anasına qarşı çıxmır – gəlinlə istədiyin kimi rəftar elə.

pic_3b047ef444f1dd88032cfb42af373c5d

Ümumiyyətlə, Qafqazda insan həyatını, haqlarını və azadlıqlarını bütün bu ənənələrdən üstün tutmağı heç vaxt öyrənməyəcəklər və anlamayacaqlar. Bütün o eybəcər adətlərlə özlərini də, başqalarını da sarsıtmağa davam eləyəcəklər. Bizim kişilər əhəmiyyətsiz səbəblərə görə dava salanda, ya da atışanda biz sosial şəbəkələrdə onları “başdanxarablar” adlandırırıq. Ancaq hansısa adəti tənqid eləyəndə “Nədir, yoxsa sən rus qızları kimi olmaq istəyirsən?” tipli tənələr, ittihamlar başlayır.

“Sovetin sonlarına doğru gəlinə görə on rubl verirdilər”

Patimat – aradüzəldən – yengə, Çeçenistan – İnquşetiya, 56 yaş

Başlıq pulunun dəqiq məbləği olması – təzə hadisə deyil. Sovet ittifaqının son dövrlərində gəlini almaq üçün on rubl verirdilər. İslama görə, məbləğ çox az, hətta simvolik ola bilər. Qafqazda bu pullar, adətən, gəlin üçün alış-verişə sərf olunur.

Gəlini almaq üçün pul ödəmək – alqı-satqı deyil, həmin pullar gəlinə verilir. Kvota da var – müftilik bir neçə il əvvəl rəsmi həddi 40 min rubl olaraq müəyyənləşdirib. Hazırda Çeçenistanda və İnquşetiyada urdu 25 min- 40 min rubl arasında dəyişir. Ancaq, məsələn, mənim qardaşım qız üçün yarım milyon (gəlinin özünə) ödəmişdi. Ayrıca 40 min rubl da kalım (başlıq) vermişdi. Bu, bir ritualdır. Oğlan tərəfin ağsaqqalları pulu qızın atasına təqdim edirlər. Bəyin atası, ya da əmisi isə qocalar görməsinlər deyə gizlincə gəlinin, ya da anasının ovcuna pul basırlar.

Bir qayda olaraq bu andan toya qədər bir ay keçir. Daha sonra toy üçün gün təyin olunur – adətən, bazar gününü seçirlər. Həmin gün gözəl maşınlarla, geyinib-keçinmiş halda qızı gətirməyə gedirlər. İnquşetiyada maşın karvanı çox uzun olur, amma Çeçenistanda Kadırov məhdudiyyət qoyub, karvanda yalnız iki maşın ola bilər.

Mənim özümü qaçırmışdılar, atam kalımı sonradan verdilər. Ərim tapşırdı ki, valideynlərim heç nə, heç bir cehiz gətirməsinlər. O, varlı adamıydı, məni hər şeylə təmin eləmişdi. Başqaları irad tuturlar, qızın gətirdiklərinə baxıb qiymət qoyurlar.

İslam qadına mehr tələb etmək haqqı verir. Mehr – ərin həyat yoldaşına verdiyi əmlakdır və boşanma zamanı qadına qalır. Mən belə deyərdim: Qafqazdakı hal mehrin parodiyasıdır. Dinə görə, mehr qadının təhlükəsizlik yastığıdır. Məsələn, Pakistanda mehrin məbləği 600 qram qızıldır. Ki, onun yarısını kişi nigah bağlananda ödəyir. Boşanma olanda ər ikinci yarını ödəməyə məcburdur. Bu, qanunla təsdiqlənmiş öhdəlikdir. Yəni öz xoşuyla vermək istəməsə, məhkəmə onu məcbur eləyəcək. Amma Qafqazda bizim mömin xadimlər mehr qismində xurmadan, hətta hərdən xurmanın çəyirdəyindən danışmağı sevirlər. Qafqaz məscidlərində moizələrdə deyirlər ki, mehr qismində xurma çəyirdəyi istəyən qız əxlaqlı, ədəbli qızdır.

Qafqazda düşünürlər ki, qız gələcək ərindən pul istəyə bilər, amma təminatlar haqqında danışmaq yaxşı qəbul olunmur, bunu anlamazlar, adamı ələ salarlar. Müsəlman kəbinindən sonra kim istəyirsə, vvaqa gedir. Amma bu, hansısa sənədə ehtiyac yarananda baş verir. Ümumən, qızlardan daha çox kişilər nigah bağlamaq üçün fürsət axtarırlar.

pic_c14c18bdef9fe30bd1d55fee60b79f0c

Gənclik öz işini bacardığı kimi görür. Kimsə hələ də qız qaçırır, kimsə buralardan gedir və özünə başqa bölgələrdə qız axtarır.

Amma qızları daha çox başlıq pulu olmadığına, valideynlər evlənməyə icazə vermədiklərinə görə qaçırırlar. Bizim günlərdə qız qaçıranda məscidə milyon rubl məbləğində cərimə ödəməlisən. Qız qaçırmaq oğurluq, cinayət hesab olunur. Valideynlər qızlarının ərə getməsinə razılıq verməyə bilirlər, çünki kürəkəni özləri seçmək istəyirlər. Onların namizədlərlə bağlı öz düşüncələri var. Bizdə “qızına yaxşı yer tapıb” deyəndə ərə getmək nəzərdə tutulur. Bir ifadə də var – birbaşa tərcümədə belə səslənir: “qız onlarda” ərdədir, “onda yox”. Burda bütün ailə nəzərdə tutulur. Bu, o deməkdir ki, qadın ərin ailəsində əriyir. Təəssüf ki, hər ailə qızına əsl seçim azadlığı vermir. İslam qanunlarına görə, qıza təzyiq eləmək qadağandır. Amma indi daha çox qızı öz istədiyi adama verirlər, rədd etmə halları demək olar ki, yoxdur.

17 yaşım olanda əmimin 40 yaşlı bir dostu mənə elçi düşmüşdü, razılıq vermədim. Sonra gələcək ərim məni qaçırdı. Daha sonra onu bir həftə görmədim, əvəzində dərhal ağsaqqallar gəldilər və razı olub-olmadığımı soruşdular. Mən cavab vermədim, çünki “hə” sözünü bərkdən demək olmaz, tərbiyəsizlik sayılır. Susmaq – razılıq əlamətidir. Məni doğru anladılar. Qız imtina eləyəndə onu evinə qaytarırlar.

Bəzən onu yenə qaçırırlar və bunun nəticəsi pis olur. Atışma və qətllərlə nəticələnə bilir. Oğruya qarşı cinayət işi açıla bilər, indi bu məsələyə çox ciddi yanaşırlar. Ona görə də, oğlan qız qaçırmazdan əvvəl min dəfə düşünməlidir. İndi hətta qarşılıqlı razılaşma əsasında belə, qız qaçırma halları demək olar ki, baş vermir. Hər halda son iki-üç ildə kiminsə qız qaçırdığını eşitməmişəm. Yaxşı ki bu adəti qadağan eləyiblər. Hər kənddə bu məsələyə görə cavabdehlik daşıyan imamlar var. Çeçenistanda sözügedən məsələyə son dərəcə ciddi yanaşırlar. Hətta qızı saxlayan evi kənddən qova bilərlər. Əgər valideynləri qızı geri qaytarırlarsa, oğru 200 min rubl ödəyir. Qız onu qaçıran adamın ailəsində qalırsa, bu məbləğ milyona çatır. Təəssüf ki, bəzən qızlar oğurlanandan sonra təcavüzə uğrayanda qalmağa razılıq verirlər. Çünki bu halda geri qayıtmaq rüsvayçılıq sayılır. Kim ki hər şeyi adətlərə uyğun eləmək istəyir, qıza yaxınlaşmır. Onu bəyin qohumları oğurlayırlar, evdə də onun bacıları ilə birlikdə qalır.

İnquşetiyada oğlanın, nişanlısının valideynləri ilə görüşməməsi çox vacibdir. O, hətta gəlinin nənə-babasından da qaçmalıdır. Ancaq arvadın bacı-qardaşları ilə ünsiyyət saxlaya bilər. Çeçenistanda bu məsələ daha rahatdır. Kürəkənin, qayınata və qayınanası ilə görüşməyə haqqı var.

Mənim ərimin ailəsində çox sərt qaydalar vardı, heç bir sərbəstliyə yol verilmirdi. Qadının əriylə eyni masa arxasında oturmağa ixtiyarı yox idi. Mənim valideynlərim daha liberal həyat tərzinə üstünlük verirdilər.

Heç vaxt dəyişməyən bir şey varsa, o da bakirəlikdir. Bu, gəlin seçimində ən vacib meyardır. Qız bakirə çıxmayanda onu rüsvay eləyib atasının evinə qaytarırlar. Çeçenistanda da, İnquşetiyada da toydan əvvəl yoxlamırlar. Dağıstanda isə bu təcrübə var – qızı toydan əvvəl ginekoloqun yanına aparırlar.

İnquşetiyada batalhacılılarda (təriqət) qadın sünnəti adəti mövcuddur. Onların cəmiyyətində sünnət olunmamış qadınla heç kim evlənmir. Bu, qorxuncdur. Batalhacılıların başçıları deyirlər ki, qız kişi ilə olanda “ehtiras yaşamamalıdır”, buna görə də, onun həssas yerini kəsirlər. Bu, – insanı sadəcə uşaq doğmaq üçün nəzərdə tutulmuş bədənə çevirmək adəti afrikalılardan gəlib. Belə şeyə məruz qalmış qızlara çox yazığım gəlir!

detail_4859d7c604f7de0a278df80b8bf80f5b

Hazırda bizim gənclər vəhhabilərə (sələfilər) və ənənəvi müsəlmanlara bölünürlər. Sələfilər – yeni dalğadır. Onlar, ümumiyyətlə, böyüklərlə hesablaşmırlar, gedib kimlə necə istəsələr, elə də evlənirlər. Onlarda ağsaqqallar nüfuz sahibi deyillər. Sələfilər yalnız dini qaydalara tabe olduqlarını söyləyirlər. Bu baxımdan, qadın valideynlərinin yox, ərinin sözünə qulaq asmalıdır. Sələfilər evlənəndən sonra valideynləri ilə yaşamaq istəmirlər, ərəblərin həyat tərzini təqlid eləyirlər. Gənclərin bir qismi Yaxın Şərqdəki islam universitetlərində təhsil alıb və onların dəyərləri ilə geri qayıdıb. Onlar restoranda toy edə bilərlər, amma musiqisiz. Sufilərsə köhnə qaydada – musiqili, rəqsli toy eləyirlər. Adətən, toy ziyafətlərinə 450-500 min rubl xərclənir. Onların toyları çox şən və maraqlı olur.

Mən faydalı adətərin qalmağını istəyirəm. Məsələn, İnquşetiyada ailənin kiçik ya da yeganə oğlu evlənib valdeynlərinin yanında qalır. Orda bu adətə ciddi riayət olunur. Qaydalara görə, o, ən axırda, böyük qardaşlarından sonra evlənməlidir. Uyğun olaraq, valideynlər yaşlananda o və həyat yoldaşı onlara baxır. Əgər kiçik oğul böyük qardaşlarından əvvəl evlənmək istəsə, ona icazə verilməlidir.

Hərçənd elə ailələr tanıyıram ki, orda valideynlər özləri evli oğullarının hamısını ayırırlar.

Düzünü desəm, son illər yaranmış vəziyyət sevindirici deyil. Çeçenistanda da, İnquşetiyada da işsizlik baş alıb gedir, gənclər işləmirlər, insanlar maddi cəhətdən təmin olunmurlar. Kim varlıdısa, ikinci dəfə evlənməyə çalışır. Özü də birincinin bundan xəbəri olmaya bilər. Buna görə, dava-dalaşlı dramlar yaşanır, amma nə müftilik, nə də imamlar belə hallara qarşı çıxmırlar.

Hazırda vaynaxların toy tendensiyaları iki iki yolla gedir. Birinci – avropasayağı sərbəstlik istiqamətində, ikinci ərəbləri təqlid, dindarlıq istiqamətində. Hər iki istiqamətin nisbəti, təxminən, 50-50-dir. Ancaq rəsmi dövlət nigahları, demək olar ki, bağlanmır. Yadımdadır ki, təqribən, on il əvvəl İnquşetiyada hökumət molla kəbinindən sonra nigah saraylarında evliliyi təşviq etməyə başlamışdı. Amma alınmadı. Xalq anlamadı.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir