Seksual intellekt – bizim rahatlanmağımıza, indiki anı yaşamağımıza, münasibət qurmağımıza, stimulyasiyaya cavab verməyimizə və partnyorla həm fiziki, həm də emosional əlaqə yaratmağımıza kömək edən daxili resurslar toplusudur. Bədəninizin necə işləməyindən asılı olmayaraq, yuxarıda sadalananları bacardığınız anda öz seksual əlaqələrinizdən həzz almağa başlayacaqsınız. Bu cür emosional və fiziki dəstəklə müqayisədə ən böyük və bərk penis də, ya da ən nəm və dar vagina da heç nədir.
Seksual intellekt – bilikdən də, səbrdən də, öz vücudunu sevməkdən də daha böyük anlayışdır. Seksual intellekt- bunların hamısını cəmi – amma onlardan daha yaxşı şəkildə – deməkdir.
Şübhəsiz ki, “intellekt” – bizə tanış olan və kifayət qədər faydalı konseptdir. Onu “qabiliyyət” kimi də adlandırmaq olar: öyrənmək, ya da problemləri həll etmək qabiliyyəti. Ona daha dar tərif də vermək mümkündür: fitri bilgi almaq qabiliyyəti və ya abstrakt düşünmək bacarığı.
Yaxud daha geniş tərif də verə bilərik: fərqli üsulları anlamaq, bilgini öyrənmək və tətbiq etmək, konkret situasiyada ən yaxşı variantı seçmək bacarığı.
Seksual intellekt yataqda möcuzə yaratmaq, ya da hələ 22 yaşındaymışsınız kimi hərəkət etmək bacarığı deyil. Xeyr. Seksual intellekt – ideal, hətta rahat olmayan vəziyyətlərdə belə özündə cinsi istəyi oyandırmaq və onu qorumaq qabiliyyətidir. Bu, öz dəyişən bədəninə uyğunlaşmaq bacarığıdır; öyrənmək həvəsi və həzz, yaxınlıq, məmnunluqla bağlı baxışların genişliyidir; nəsə plan üzrə getməyəndə uyğunlaşmaq bacarığıdır: seks zamanı ikinizdən birinə ayaqyoluna getmək lazımdır, ya da sizdə ereksiya itir, ya da ikinizdən biri o birinə başqa adla müraciət edir, ya da hamısı birdən baş verir. (Dərhal Uill Ferrellin bir filmi yada düşür).
Bax, buna görə, seksual intellekt hər kəsə lazımdır. Və məhz, onun sayəsində siz əvvəllər imkansız hesab etdiyiniz üsullarla seksdən həzz ala və rahat ola bilərsiniz.
Öz narahatlığının, özünün və tərəf müqabilinin seksuallığının öhdəsindən gəlməyə çalışan əksər insanlar cinsəl həyata tipik bucaqlardan baxırlar: “normal” seks, cinsi funksiya və “disfunksiya”, özünüanaliz, “qadınların nə istədiyini” yadda saxlamaq cəhdləri və sair. Mənim pasientlərimin çox hissəsi (bəlkə bu, sizə də tanış gəlir?) öz nümunələrində sübut ediblər ki, belə məhdud yanaşma yaxınlaşmağa və həzz almağa aparıb çıxarmır. Bəs əslində onlara nə lazımdır? Nə texnika, nə də mükəmməl vücud. Onlara seksual intellekt lazımdır.
SEKSUAL İNTELLEKT DEYİLƏNDƏ NƏLƏR NƏZƏRDƏ TUTULUR?
Seksual intellektə üç şey daxildir:
1. Məlumat və bilgi;
2. Emosional vərdişlər (həmin bilgilərin istifadəsinə imkan yaradan vərdişlər);
3. Öz bədənini tanımaq və komfort (bunlar özünüzü və bildiklərinizi ifadə etmək imkanı yaradacaq)
Əksər insanların seksdə sahib olmaq istədikləri bilgi budur: mən necə möhtəşəm sevgili ola bilərəm? Tipik “disfunksiyalı” insanları isə, adətən, aşağıdakı sual narahat edir: “Necə edim ki, bədənim düzgün işləsin? “Disfunksiya”dan necə qurtulum?” (Mənim üçün bu sual həmişə belə səslənir: penisimi, ya da vulvamı qımıldanmağa və möcüzələr yaratmağa necə məcbur edim?)
Hətta çoxları məndən “necə edim ki, partnyorum yataqda daha aktiv və bacarıqlı olsun?”, “Kişilər/qadınlar seks zamanı əslində nə istəyirlər?”, “Hansı poza daha çox həzz verir?” deyə soruşur.
Belə insanların seksdə daha usta olmaq (ya da özlərini elə hiss etmək) istəyi xoşuma gəlsə də, düşünürəm ki, əslində can atmalı olduğumuz şeylər bunlar deyil. Suallara cavab versək belə, bu, seksin daha yaxşı olmasına kömək etməyəcək.
Sizə, həqiqətən, lazım olan bilgi – hər şeydən əvvəl həm özünüzün, həm də partnyorunuzun bədənini idarə etməyi öyrədən, təmaslarla, öpüşlərlə bağlı sizin də, partnyorunuzun da meylləri yazılmış unikal sorğu kitabçasıdır. İdealda o kitabçada zamanla sizin bədəninizdə baş verə biləcək dəyişikliklər – uşaqlıq yolunun ifraz etdiyi qatı mayenin stabilliyindəki dəyişiklik, hormonal dəyişikliklərin sizin seksual reaksiyalarınıza təsiri və sair – qeyd olunmalıdır. Bel ağrılarının, ya da çiyinlərdəki gərginliyin də seksə böyük təsiri olduğu da yazılsaydı, pis olmazdı.
İnsan seksuallığının inanılmaz rəngarəngliyini təsdiqləyən antropoloji araşdırmalar da bizə xeyli yardım edə bilərdi. Bu, həm sizin, həm də partnyorunuzun təcrübəsini, fantaziyalarını, meyllərini və öyrənmək həvəsini sözügedən kontekstdə nəzərdən keçirmək imkanı yaradardı, məqbul olan və olmayan şeylərlə bağlı narahatlığınızı azaldardı.
Seksdən həzz almaq üçün ehtiyacınız olan şeylərin əksəriyyətinin sekslə heç bir əlaqəsi yoxdur. Seks də daxil olmaqla həyatın bir çox sahələrində məmnun qalmaq ötrü emosional vərdişlər vacibdir. Sadə dillə desək, böyüməyi heç nə ilə əvəz etmək mümkün deyil – nə mükəmməl vücudla, nə də ən yaxşı seksual texnikalarla. Bu, maşın işə düşsün deyə benzin çəninə yüz dollarlıq əskinaslar doldurmağa bənzəyir. Pulun özü maşını hərəkətə gətirə bilməyəcək. Bu situasiyada yalnız pulun, benzinə çevirə biləcəyiniz dəyəri vacibdir.
Əgər insanlar seksdən təkcə fiziki həzz almaq istəsəydilər, deyə bilərdik ki, bizi sadəcə fiziki vərdişlər və bilgi maraqlandırmalıdır. (Çox güman ki, gec-tez hansısa teleşouda kimsə mütləq bunu deyəcək).
Lakin artıq anladığımız kimi, əksər kişilər və qadınlar heç də hər zaman yalnız fiziki həzz almaq istəmirlər. Odur ki, emosional vərdişlər bizə, məhz, həmin başqa tələbatları ödəməkdən ötrü lazımdır. Neçə dəfə yaxınlıqdan qorxan, çox pis dinləyici olan, kobud, xudbin insanla –həmin adam yaraşıqlı, ya da istedadlı olmağı vacib deyil – sevişmək istəmisiniz? (Xahiş eləyirəm, keçmiş ərlərlə bağı zarafat eləməyin).
Axır ki, gəlib bədənə – bizim seks adlandırdığımız inilti-fısıltıların gizləndiyi yerə çatdıq. Ümumi qəbul olunmuş fikrə görə, bədən partnyorda da, sizin özünüzdə də daha böyük istək yaratmaqdan ötrü gözəl olmalıdır, yəni seksdə onun rolu bundan ibarətdir (guya biz güzgüyə baxanda ehtirasımız oyanır).
Bu ideya, özünü seksual saymayan insanlar niyə çox olduğunu, onların niyə özlərini cəlbedici hiss etmədiklərini izah edir. Həmçinin bu, insanları yaşları artdıqca seksual münasibətlər üçün yararsız olduqlarını düşünməyə vadar edir.
Eyni zamanda ümumi qəbulolunmuş mülahizələrə görə, həm özümüzdə, həm də partnyorumuzda şəhvət oyadan o ekzotik və başgicəlləndirici şeyləri, məhz, bədən eləyir.
Təbii ki, bu, bizi bədənin yaxşı işləməyə məcbur olduğuna inandırır. 1966-cı ildə araşdırmaçılar Uilyam Masters və Virciniya Conson seksual reaksiyalar silsiləsinə tərif vermşdilər: seksual stimulyasiyaya cavab olaraq insan bədənində baş verən standart dəyişikliklər. Və dərhal da hər kəs özünü verilən modellə müqayisə etməyə başlamışdı. 1970-80-ci illərdə “Kosmopoliten” və “Playboy” jurnallarında sözügedən mövzudan xəbərsiz olanlar üçün bir yığın yararsız və şübhəli təlimatlar dərc olunmuşdu. Bundan sonra Opra Uinfri və Doktor Fil, seksdə, məhz, nəyin normal və doğru olduğunu (yəni nəyi qeyri-normal və yanlış hesab etmək lazımdır) hər kəsə başa salmaqdan ötrü 20 il gərgin əmək sərf elədilər. İndi isə hər kəsin ixtiyarında pornoqrafiya var və o, bizi cinsi akt zamanı ağlasığmaz bədən təsvirləri ilə təchiz edir.