TOY

Toysuzluğun gətirdiyi fəsadlar

Baxış sayı: 832

Ülkər 3 ildir nişanlıdır. Pandemiyadan əvvəl toy tarixi məlum idi. Lakin ötəni ilin mart ayından sonra toylar qadağan edildiyi üçün onun toy etmək arzusu ürəyində qalıb. Artıq toy-büsatsız gəlin köçməyə razılaşıb.

Ülkər kimi minlərlə gənc toylarla bağlı qadağanın götürülməsini səbirsizliklə gözləyir. Təbii olaraq gözləməyənlər də çoxdur. Ya nikahla kifayətlənir, ya da gizli, qanunsuz məclis edirlər. Amma toy olmadığı üçün ayrılan cütlüklər də az deyil. Məsələn, Nigar kimi… Nigar özü sadə nikahla ailə qurmağa razılaşsa da, ailəsi qızının toysuz getməyinə icazə verməyib. Oğlan evi ilə fikir ayrılıqları yaşanıb və bu izdivac ayrılıqla nəticələnib.

Pandemiyanın ilk aylarında gənclər toylarını təxirə salsalar da, tezliklə toylara icazə veriləcəyinə ümidli idilər. Artıq indi onlarda nə ümid qalıb, nə səbir… Operativ Qərargah bir neçə sahədə, o cümlədən restoran və kafelərin fəaliyyətinə qoyduğu məhdudiyyətləri aradan qaldırsa da, hələlik kütləvi məclislərin keçirilməsi haqda qərar qəbul etməyib.

Bəs toysuzluğun vurduğu mənəvi, psixoloji, iqtisadi ziyan nə qədərdir? Toylar bərpa edilməlidirmi?

Karantin dövrü cütlüklər üçün tək “rəsmi” tərəfdən yox, həm də psixoloji cəhətdən çətindir. İzdivacı mümkün olmayanlarla yanaşı, ölkədə boşanma halları da çoxalıb.

Rəsmi statistikaya əsasən, 2020-ci ildə Azərbaycanda cəmi 32.437 nikah, 13.439 boşanma qeydə alınıb. Başqa sözlə, evlənənlərin 40 faizdən çoxu yollarını ayırır.

Toylarla bağlı qadağalar həm də bir çox insanın işsiz qalmasına səbəb olub. Şadlıq evlərinin işləməməsi səbəbindən müğənnisindən tutmuş, ofisiantına qədər bir çox insan əziyyət çəkir. Çünki bir şadlıq evinin işləməsi orada yüzlərlə xidmətin, xidmətçilərin olması demək idi. Bu vəziyyət iqtisadiyyata da ciddi şəkildə təsir edir.

vuqar bayramov

“Bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”

Millət vəkili Vüqar Bayramlı deyir ki, bəlli standartlarla bu sahədə aktivlik bərpa olunmalıdır: “Toy mərasimlərin bərpası ilə bağlı uzun müddət müzakirələrin aparılmasına baxmayaraq, bu sferada hələ də açılmaya gedilmir. Daha yaxşı olardı ki, bəlli standartlar ilə bu sahədə də aktivlik bərpa edilsin. Rəsmi statistikaya görə, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda 78,2 min, istirahət, əyləncə və incəsənət sahəsində isə 81,5 min vətəndaş çalışır. Ümumilikdə ictimai iaşə və xidmət sektoru ilə bağlı olan sözügedən iki sahədə 160 minə yaxın rəsmi çalışan işçi var. Ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində isə 706 min vətəndaşımız işlə təmin olunub. Göründüyü kimi, iqtisadi açılım məşğulluq baxımdan da vacib hesab olunur”.

Millət vəkili hesab edir ki, iqtisadi fəaliyyəti bərpa etmək üçün bütün sferalarda karantin qaydalarına nəzarət gücləndirilməlidir: “Mərkəzi və Şərqi Avropa ölkələrinin təcrübəsi göstərir ki, pandemiyaya qarşı mübarizədə karantin qaydaları qədər standartların müəyyənləşməsi, onlara nəzarət və əməl edilməsi də vacibdir. Buna görə də iqtisadiyyatın digər sektorlarının yenidən açılımı kontekstində həm qaydalara nəzarətin güclənməsi, həm də hər birimizin bu qaydalara əməl etməsinə ehtiyac var. Yalnız bu halda həm yoluxma sayını azaltmaq və lokallaşdırmaq, həm də mərhələli şəkildə bütün sferalarda iqtisadi fəaliyyəti bərpa etmək mümkündür”.

lale mehrali

Sosioloq Lalə Mehralı deyir ki, toylarda işləyən ofisiantlardan kababçılara qədər əksər insanlar işsizdir. Bu insanlar üçün olduqca çətin vəziyyətdir: “Gənclər böyüklərdən qaynaqlanan səbəblərə görə toysuz evlənmir. Böyüklər ona görə deyirəm ki, əksər insanlar vaxtilə toylara gedib, nəmər siyahısına külli miqdarda pul salıb ki, zamanında mən də övladıma toy edəndə onlar da bu nəməri qaytarsınlar. Bu səbəbdən toyun olmaması izdivacların qarşısını alır. Sirr deyil ki, çox insan əvəz-əvəz toy edir. Düşünürlər ki, indiyə qədər ödənilən nəmər batmış hesab olunmasın. Amma nikah kəsdirib ailəsini quran insanlar da var. Getdikcə də bu insanların sayı artır”.

toy

Demoqrafik, sosial problem…

Toyların olmaması həmçinin demoqrafik göstəricilərə də ciddi təsir edir. Belə ki, bir ailənin qurulması yeni övladların dünyaya gəlməsi və əhalinin artımı deməkdir. Bu səbəbdəndir ki, 2020-ci ildə yeni doğulan uşaqların sayında azalma müşahidə olunub. Statistika Komitəsinin hesablamalarına görə, 2020-ci ildə Azərbaycanda yeni doğulan uşaqların sayı 2019-cu illə müqayisədə 11,2 faiz(14 608 nəfər) azalmaqla 126 571 nəfər təşkil edib.

fazil mustafa

Millət vəkili Fazil Mustafa deyir ki, toyların olmaması ailələrin qurulmaması deməkdir. Onun sözlərinə görə, bu, demoqrafik, sosial problemdir: “Qadağa ilə bunu çözmək olmaz. 10 və ya 50 nəfərlə toyların keçirilməsinə icazə verilməlidir. Sadəcə olaraq, qaydalara sərt şəkildə əməl olunmasına nəzarət gücləndirilməlidir. Bu, kifayət edər. Amma bunu birbaşa qadağan etmək gələcək demoqrafik problemlərə, sosial narazılığa, ailə içi problemlərin yaranmasına yol açmaq deməkdir. Bunu statistik faktlara əsaslanıb deyirik. 2020-ci ildə 35 min nikah bağlanıbsa, bunun 14-15 mini boşanma ilə nəticələnib. Cəmiyyətdə sosial problem yaranır”.

Millət vəkili toylara icazə verilməsinin tərəfdarıdır: “Mənim təklifim odur ki, konkret sayla toylara icazə verilsin. Əgər kənar şəxslər ailəyə kömək etmək istəyirsə, hesab açıla bilər, onlar özləri vəsait qoyar, toy da yaxın insanlarla baş tutar. Bu, həm də o toyda iştirak etmək sayılır. Başa düşürük ki, pandemiya bir bəladır gəlib. Amma qadağan etmək olmaz. Sərt formada qayda-qanunlara əməl etməyi tələb etmək lazımdır. Qadağa çıxış yolu deyil”.

ehmed qesemoglu

Koronavirusun bizə verdiyi tək xeyir…

Sosioloq Əhməd Qəşəmoğlu toyların yeni modelə keçməsinin tərəfdarıdır: “Toylar qadağan olunmamalıdır. Amma biz əvvəlki toy modelini ləğv edib yenə toy modelinə keçməliyik. Toyların tamamilə qadağan olunması mənəvi və psixoloji ziyan gətirir. Biz koronavirus üçün təhlükəni minimuma endirməklə toy edə bilərik. Bunun üçün ən yaxşı metod açıq havada toy modelidir. Virus olmasa belə, toyları qapalı məkanlardan çıxarmaq lazımdır. Əsrlər boyu toyları necə edirdilər? İndiki toy modeli son 30-40 ilin yaratdığı əcaib bir formadır. Bu, toy deyil, toy mafiyasıdır”.

Sosioloq hesab edir ki, virusdan öncəki toy modeli ümumiyyətlə ləğv edilməlidir: “Mən dəfələrlə deyirdim ki, bu mərasimlər sosial bəladır. Ölkədə sosial gərginlik yaradır. Bu format toy mafiyasının sərvət yığmasına xidmət edirdi. İnsanları zorla bir yerə yığırdılar, stola da 60 növ yemək gəlirdi. Toy sonunda da hamısı şadlıq evinin sahibinə qalırdı. Ay ərzində 5 belə toya getmək orta azərbaycanlının əmək haqqına uyğun deyil. Bir adam toya ən azı 100 manat salmalıdır. Nədir bu? Belə toy bizə lazım idimi? Amma toyları tamamilə ləğv etmək də olmaz. Dədə-babalarımız kimi açıq havada toy edə bilərik. Burada musiqi də olar, şadlıq da, toy sahibi də rəqs edər, oynayar”.

Cütlüklərin yalnız nikahla kifayətlənib toy etməməsinə gəldikdə isə, həmsöhbətimiz deyir ki, bu, gənclərdə psixoloji travma yaradır: “Axı bu da düzgün deyil. Bu, onlarda psixoloji travma, ruh düşkünlüyü yaradır. Gənclər istəyirlər ki, öz toylarında təntənə olsun. Təntənə olanda yenə də müğənni də qazanacaq, ofisiant da, kababçı da, zərgərliklə məşğul olanlar da. Ən əsası, insanlar toya 100, 200, 500 manat salmağa məcbur olmayacaq. Biz tələbə olanda, 40 il bundan öncə toya 10 manat pul salırdıq. İndiki vəziyyətdə qohum, dost-tanış bəlkə də deyinə-deyinə toya gəlir. Pulun da böyük hissəsi şadlıq evinə qalır. Ona görə də bu toyların qadağan olunması koronavirusun bizə verdiyi tək xeyirdir. Toylar açıq havada keçirilməli, ifratçılığa yol verilməməlidir”.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir