cimerlik

Çimərliklər insan axınını qəbul etməyə hazırdırmı?

Baxış sayı: 719

Artıq iyunun 10-dan çimərlik mövsümü başladı. Uzun müddətdir pandemiya şəraitində yaşan insanların bu fürsətdən maksimum yararlanacağı şəksizdir. Üstəlik, xaricə turist səfərlərinə hələ də məhdudiyyətlər qaldığı üçün, insanların daxili turizmə üstünlük verəcəyi də gözlənilir. Belə olacağı təqdirdə, çimərliklərə də axın olacağını nəzərə almaq lazımdır. Amma həm də onu unutmamalıyıq ki, koronavirusa tam qalib gəlməmişik. Yəni istirahət etməklə yanaşı, məsuliyyət hissi də yüksək olmalıdır. Bu məsələdə isə həm vətəndaşlar, həm də çimərlik sahibləri boşluğa yol verməməlidirlər. Qeyd edək ki, Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah tərəfindən çimərlik mövsümü ilə bağlı qaydalar açıqlanıb. Operativ Qərargah bəyan edib ki, COVID-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər görülməlidir. Misal üçün, çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar vurulmalı, ara məsafəsinin qorunması üçün addımlar atılmalı, dezinfeksiya məhsullarından istifadə olunmalıdır.

Bir sözlə, Çimərliklərdə ötənilki qaydalar tətbiq olunacaq. Çimərliklə bağlı sayt da fəaliyyət göstərəcək. Qeyd edək ki, ötən mövsüm Bakıətrafı ərazilərdəki çimərliklərə onlayn növbə tutduqdan sonra getmək məsləhət görülürdü. Bu proseduru həyata keçirmək üçün “cimerlik.az” saytı hazırlanaraq istifadəyə verilmişdi.

Bu il də “cimerlik.az” saytı vasitəsilə vətəndaşlar hansı çimərliklərdə sıxlıq olub-olmadığını öyrənə biləcəklər. Onu da bildirək ki, artıq çimərliklərdə monitorinq keçirilib. Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyinin insanların istifadəsi üçün yararlı olmadığı açıqlanıb. Aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib.

Mövsümünün açılmasından bir gün əvvəl Pirşağı qəsəbəsində yerləşən bir neçə çimərlikdə olduq. Məqsədimiz, çimərliklərin mövsümə hazır olub-olmadıqlarını, pandemiya şərtlərinə əməl edib-etmədiklərini öyrənmək idi. Qızılqum çimərliyi ərazisində apardığımız müşahidələr onu deməyə əsas verir ki, buradakı obyektlər hazırlıq işlərini başa vurub. İcarədar Faiq Süleymanov bildirdi ki, bir aydan artıqdır hazırlıq işləri həyata keçirilir: “Ötən il Operativ Qərargahın pandemiya ilə bağlı tətbiq etdiyi qaydalar bu il də qüvvədədir. Ona görə də, biz həmin qaydalara uyğun olaraq icarəyə götürdüyümüz obyektlərdə ilk olaraq təmir işləri həyata keçirdik. Bundan başqa, hər bir obyektin ərazisi çəpər vasitəsilə müəyyən olunub. Əvvəllər obyektlərin ərazisindən çimərliyə keçmək üçün bir neçə keçid var idisə, indi yalnız bir giriş və çıxış saxlanılır. Onu qeyd edim ki, artıq məlumat lövhələri vurulub, yarasız vəziyyətə düşmüş lövhələr isə yenilənib. Xəbərdaredici nişanlara da ərazidə hər addımda rast gəlmək mümkündür. Biz, əslində çimərlik mövsümünü səbirsizliklə gözləyirik. İnanın burada insan olmayanda, biz də darıxırıq. Çünki uzun illərdir ki, çimərlik mövsümündəki qələbəliyə öyrəşmişik”.

Çimərlikdə fəaliyyət göstərən digər icarədar Samir Qəhrəmanov qeyd etdi ki, mövsümlə bağlı ə hazırlıq işləri tam həyata keçirilib: “Burada nəzarət də var. Mütəmadi olaraq dövlət qurumları gəlib ərazidə görülən işlərlə maraqlanırlar, tövsiyələr verirlər. Bir sözlə, qaydalar nəyi tələb edirsə, biz də onu edirik. Bizim icarəmizdə olan çimərlikdə ara məsafəsinin qorunması üçün işlər görülüb. Söhbətgahlarda qaydalara uyğun masa və oturacaqlar qoyulub. Əvvəllər söhbətgahlar biri-birinə yaxın idi və arakəsməsi yox idi. İndi pandemiya qaydalarına uyğun olaraq, ya həmin söhbətgahlar arasında məsafə nəzərə alınıb, ya da bu, mümkün olmadığı halda, arakəsmələrlə yaxın ünsiyyətin qarşısı kəsilib. Çətirlərlə bağlı da eyni addımlar atılıb, yəni qaydalara uyğun.

Onu da qeyd edim ki, dezinfeksiya məhsulları həm əraziyə girişdə və sanitar qovşaqların girəcəyində, həm də duş kabinələrdə qoyulub. Həmçinin tələblərə uyğun olaraq, çimərlik ərazisində zibil üçün qutular var. Eyni zamanda həmin zibillərin bir yerə toplanması üçün böyük konteynerlər qoyulub. Çimərlik mövsümündə həmin zibillər mütəmadi olaraq daşınır”.

S.Qəhrəmanov əlavə etdi ki, çimərlik mövsümü başlamazdan öncə də insanlar dəniz kənarına gəlir: “Biz onlara “gəlmə” deyə bilmirik. Ancaq onlara qaydaları izah edirik. Həm də onu qeyd edim ki, ictimai çimərliklərdən fərqli olaraq, bizə, nə qədər insanın çimərlik ərazisinə buraxılması ilə bağlı say deyilməyib. Yəqin qısa zamanda bu rəqəm açıqlanar və biz də ona uyğun addım atarıq. Çünki biz icarədar olaraq öz gəlirimizin artımında maraqlıyıq. Amma pandemiya qaydalarına da əməl etməliyik”.

Çimərlik mövsümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Pirşağı qəsəbəsində yaradılmış ictimai çimərlikdə də mövsümə hazırlıq işləri başa çatıb. Bu barədə bizimlə söhbətində ictimai çimərliyə nəzarət edən şəxs bildirdi. O qeyd etdi ki, mövsüm ərəfəsində ictimai çimərliklərdə lazımi təmizlik-abadlıq işləri aparılıb: “Qış ərzində dəniz sahilinə yığılan tullantılar, həmçinin dalğaların sahilə atdığı müxtəlif əşyalar yığışdırılıb, digər təmizlik işləri görülüb. Çimərliklərdəki inventarlar, günlüklər, söhbətgahlar, sanitariya qovşaqları və duşlar yoxlanılıb, qaydaya salınıb, cari təmir işləri, bir sıra yerlərin rənglənməsi aparılıb.

COVID-19 pandemiyasının hələ də davam etməsi ilə əlaqədar vətəndaşların sağlamlıqlarının qorunması məqsədilə hər bir çimərlikdə mövcud epidemioloji vəziyyətə uyğun tədbirlər nəzərdə tutulub. Çimərlik ərazilərində maarifləndirici lövhələr, poster və elanlar yenilənir. Bundan başqa, çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqəsi, həmçinin tibb məntəqəsi var”.

İctimai çimərliyin tam olaraq mövsümə hazır olduğunu diqqətə çatdıran nəzarətçi qeyd etdi ki, vətəndaşlar çimərlikdəki qaydalara riayət etməlidir: “Çünki pandemiya dövrü hələ başa çatmayıb. Biz tam olaraq, vətəndaşların rahatlığı üçün bütün hazırlıq işlərini görmüşük. Həmçinin qeyd edim ki, çimərliyə nəzarət edəcək məsul şəxslər tələblərə uyğun olaraq COVID-19-a qarşı vaksin edilib. Bu da insanların təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir”.

Bir sözlə, həm dəniz bizim üçün, həm də biz dəniz üçün darıxmışıq. “Xoş istirahət” deməklə yanaşı, vətəndaşlara tövsiyəmiz odur ki, unutmasınlar, koronavirus hələ də ətrafımızdadır. Heç bir halda qaydaları pozmasınlar, ehtiyatı əldən verməsinlər. Unutmayın, ən önəmlisi, sağlamlıqdır.

 

BƏXTİYAR   




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir