Ramila Ansar

Ağbəniz qızla qarayanız oğlanın sevgi hekayəsi – FOTOLAR

Baxış sayı: 1. 026

Onlar bir-birini çox sevən, irq, din sərhədlərini aşmış, sevgisinə görə çətinlikləri gözə almış, qurbanlar vermiş cütlükdür. İzdivaclarına nə karyera, nə sərhədlər, nə də pandemiya mane olub. Deyirlər ki, bəzən dözməyib üsyan etsələr də, bir-birlərinə sevgi və övladları ilə bağlanan gəncdirlər. “Ailə” rubrikamızın qonaqları pakistanlı Ansar Yousuf Zai və həmyerlimiz Ramilə Cəfiyevadır. Cütlüyümüzün Zara adlı qızları var.

 

“Bu oğlan köçəri quşdur, çıxıb gedəcək, ona bel bağlama”

Bakıda tanış olublar. Ansar iş üçün Bakıya gəlib və işgüzar  görüşlərin birində bir-birini bəyəniblər. Ramilə deyir ki, əslində, evlənməklə bağlı planları yox idi, amma qisməti belə imiş: “Münasibətimiz var idi, lakin bir-birimizə söz verməmişdik. Yoldaşım, biz tanış olandan 4 ay sonra Malayziyaya, ailəsinin yanına qayıtmalı oldu. Pakistanlı olsa da, ailəsi ilə son 10 ildə  Malayziyada yaşayırdı. Azərbaycanı tərk etməyinə 10 gün qalmış mənə evlənmək təklif etdi. Bu, mənim üçün gözlənilməz idi. Təəccübləndim, amma bir tərəfdən də sevindim. Çünki rəfiqələrim həmişə deyirdi ki, bu oğlan köçəri quşdur, çıxıb gedəcək, sən ona bel bağlama. Hər dəfə ürəyimin başı sızıldayırdı ki, o gedəcək, mən qalacağam. Yoldaşım 2020-ci ilin yanvarında Malayziyaya qayıtdı və planlaşdırdıq ki, mart ayında mən də ailəsi ilə tanış olum. 10 günlük Malayziyaya gedib, qayıdacaqdım. Amma mən ora çatandan 2 gün sonra geri uçuş biletim ləğv olundu. Bütün sərhədlər bağlandı və Malayziyada qaldım. Qaynanam dedi ki, bu, qismətdir, siz evlənin. Malayziyaya çatandan bir həftə sonra nikahımız oldu. Əslində pakistanlıların toyları minimum 3 hissədən ibarət olur. Bizdə pandemiya səbəbindən sadə oldu, ailəm də toyumda iştirak edə bilmədi”.

Ansar deyir ki, Ramilə onun ilk gündən diqqətini çəkib və “bu, mənim axtardığım qadındır” deyib: “Ramilənin qayğıkeş, dəstəkçi olması, mənə inanıb, güvənməyini sevdim. Ambisiyalı, fədakar, məqsədləri üçün çalışandır. Bu xüsusiyyətləri çox dəyərləndirirəm. Ən əsası isə əyləncəli, maraqlı, pozitiv qızdır”.

Ramilə isə Ansarın xasiyyətinə, həyata baxış tərzinə vurulub: “Onun xarakterinə vurulmuşam. Bəzən bizimkilər deyir ki, ağbəniz qızsan, qarayanız oğlana necə gedibsən? Düzdür, mən fiziki cəhətdən də yoldaşımı bəyənirəm. Amma daha çox xarakterinə vurulmuşam. Əslində tam əks adamlarıq. Yoldaşım xəyalpərəst, yaradıcı insandır. Beynindən çox, ürəyinə bağlıdır. Hərtərəflidir, bacarıqlıdır. Bacarmadığını da bir həftəyə öyrənir. Onun mərhəmətini, ədalətini sevirəm. Həm də sözü üzə deyəndir. Yerli-yersiz günahlandırmağı yoxdur. Bilir ki, mən karyeramı qoyub gəlmişəm. Mənə güzəşt edir.  Hamilə olanda mən onların yeməklərini bişirə bilmirdim, hər gün mənə Azərbaycan yeməkləri hazırlayırdı. Belə həyat yoldaşını necə sevməyəsən (gülür).

Pakistan dəbdəbəsi…

Pakistanlıların dəbdəbəli adətləri bəzən həmsöhbətimizi yorur: “Pakistan toyları çox təmtəraqlı olur. 3 hissədən ibarətdir. Mehindi, Şadi, Valima hissəsi. Bu 3 prosesdən əvvəl Dolqi gecələri olur. Yəni hər gün qohumlar, qonşular yığışır, Dol deyilən musiqi  aləti ilə mahnı ifa edir, oynayır, şənlənirlər. Mehindi bizim xına gecəsi kimidir. İkinci hissə – Şadi daha sakit formada keçir. Rəqs performansı olmur. Bəy, gəlin və qohumlar oturur, yemək yeyirlər və onlarla şəkillər çəkdirirlər. Valima hissəsini, adətən qız evi təşkil edir və Şadi kimi olur. Biz daha sadəyik. Pakistanlılar dəbdəbə, göstəriş sevəndir. Hərdən bunlar məni yorur. 3 gün dalbadal toyda iştirak etdim. Hamısında da fərqli paltar, fərqli makiyaj, fərqli ləl-cəvahirat taxmalısan. Bunları tapmaq, bir araya gətirmək yorucudur. Mən praktik adamam”.

Oxşar adətlərə gəldikdə isə cütlüyümüz deyir ki, pakistanlılar da bizim kimi qonaqpərvərdirlər: “Oxşarlıqlarımız var. Onların da mətbəxləri çox zəngindir. Düzdür, acılı yeyirlər, amma bəyənirik. Daha çox dindən gələn adətlərimiz oxşardır. Məsələn, burada da Ramazan, Qurban bayramları qeyd olunur. Evlilik prosesi pillə-pillə baş tutur, elçilik, nişan olur. Amma onların tədbirləri bizdən daha çox zəhmət tələb edir”.

Hər iki ölkənin mətbəxi zəngin olduğu üçün evdə həm Pakistan, həm də Azərbaycan yeməkləri bişirilir: “Evimizdə 60 faiz Pakistan, 40 faiz Azərbaycan yeməkləri bişir. Qaynanam aşpazdır. Dünya mətbəxinə də müraciət edir. Düzü, mən Pakistana köçəndən bir, ya iki dəfə yemək bişirmişəm. Qaynanam kabab, saciçi, plov, hər üç növ dolmanı bişirir. Azərbaycan mətbəxinin şah yeməkləri ilə ailəmizi tanış etmişik”.

“Mən işləyirəmsə, bunu qayınanama borcluyam”

Subay vaxtı sərbəst həyat tərzi yaşayan Ramilə, 7 nəfərlik ailəyə gəlin gedib. Fərqli ölkə, fərqli mədəniyyət və böyük ailə… Deyir ki, subay vaxtı qaynana ilə yaşamaqdan çəkinərmiş. Amma qorxduğu başına gəlib.

“Qayınanamla münasibətim çox yaxşıdır. Rəsmən, külfət ailəyə gəlin gəlmişəm: yoldaşım, qızım, qaynana, qayınata 2 qayın, 1 baldızla yaşayıram. Amma külfətin qulluğunda durmuram, əksinə, onlar mənə kömək edirlər. Qayınata, qaynanalı evdə yaşasam da, hər gün saat 11-dən tez durmuram. Hələ ki, gec durduğuma görə mənə “gözün üstə qaşın var” deyən olmayıb (gülür). Yuxudan oyanan kimi qaynanam soruşur ki, səhər yeməyinə nə yemək istəyirəm, nə istəsəm hazırlayır. Halbuki anama desəm, yəqin, reaksiyası sakit olmaz (gülür). Qaynanam, harasa qonaq gedəndə və ya özəl günlərdə mənim üçün paltarın, aksessuarın ən gözəlini gətirir ki, mənim gəlinim hamıdan göyçək görünməlidir. Ya evə bazarlıq edəndə mənim sevdiyim şeyləri hər şeydən öncə alıb, uşaq kimi sevinə-sevinə üstümə qaçır ki, bax gör, sənə nələr almışam. Hətta qızım olanda, yoldaşım pandemiyaya görə işini itirmişdi deyə, qaynanam  üzüyünü satıb mənə qızıl alıb yoldaşımın adından hədiyyə etmişdi. Qayınana ilə yaşamaqdan qorxurdum. Amma qayınanamla yaşamağım mənim  həyatımı çox asanlaşdırıb. Düzdür, ananın yerini kimsə verə bilməz, amma qaynanam mənə bir ildir ki, dayaqdır. Həm maddi, həm mənəvi, həm fiziki – bütün hallarda qaynanam yanımda olub, işimi asanlaşdırıb. Mən işləyirəmsə, bunu qayınanama borcluyam. Çox fədakar, zəhmətkeş qadındır. Ona anam qədər etibar edirəm”.

Bir çox analar kimi Ansarın da anası oğlunu öz seçdiyi qızla evləndirməyi arzulayıb. Amma Ansarın seçimi anası üçün sürpriz olub: “Ramilə Malayziya getməzdən öncə anamla cəmi bir, ya iki dəfə videozənglə danışmışıq. Onda da rəsmi, salam, sağ ol… Anam əvvəlcə tərəddüd edirdi. Təbii ki, əksər analar kimi arzulayırdı ki, qızı özü seçsin (gülür). Anama evlənmək istəyimi bildirəndə, tanıyıb, görüşmək istədi. İlk andan bir-birləri ilə enerjiləri tutdu. Düzdür, arada xırda söhbətlər ola bilər, amma həll edirik”.

 

2 fərqli ölkə və mədəniyyətdən gəlmiş 2 fərqli xarakterli insanların evliliklərinin çətin və maraqlı tərəfləri nədir?

Ramilə: “Çox maraqlı, əyləncəli tərəfləri var. Hər dəfə özümüzü kəşf edirik. Yeni bir söz, oxşarlıq tapırıq. Çalışırıq, ortaq nöqtəmizi tapaq. Nə mən sırf azərbaycanlı ola bilmərəm, nə də yoldaşım sırf pakistanlı. Hər şeyi 50-50-yə edirik. Yoldaşım ədalət tərəfdarıdır. İstəməz ki, həyatım çətinləşsin. 2 fərqli ölkə və mədəniyyətdən gəlmiş 2 fərqli xarakterli insanların evlilikləri rəngarəng və əyləncəli olduğu qədər də, çətindir. Bəzən “biryanimiz” çox ədviyyatlı oldu, acıq edib yemək istəmədim, Ansar qatıq əlavə edib, acısını azaltmağı öyrətdi. Həyatda belədir, ölümdən başqa hər şeyə çarə var, yetər ki, sən sevgi ilə istə”.

Ansar: “Mən ondan hər şeyə pakistanlı kimi yanaşmağı tələb etmərəm. Ramilənin sevgimizə görə nələrdən keçdiyinin və nələrə sinə gərdiyinin fərqindəyəm. Onu elə azərbaycanlı kimi bəyənmişəm, sevirəm. Məqsədim fərqli olsaydı, pakistanlı ilə evlənərdim. Xarici ilə evlənmişəmsə, gərək güzəştə gedək. Bir-birimizi başa düşərək, çətinlikləri dəf edir, ortaq nöqtələr tapmağa çalışırıq.

 

Nə üçün azərbaycanlı xanım?

Ansar: “Azərbaycan xanımları daha müstəqil, hətta feminist olurlar. Qadının öz fikrinin olması vacibdir. Çox işgüzardırlar. Öz ayaqları üzərində durmağı bacarır və çalışqandırlar. Hər şeyi sakit şəkildə etməyi bacarırlar. Xaos yaratmırlar. Qidalarına, geyimlərinə diqqət yetirirlər. Sağlam həyat tərzi sürməyə çalışırlar. Azərbaycan qadınları Pakistan qadınlarına nisbətən daha az tələbkardır. Pakistan qadınları kişinin ciyərini çəkib çıxarırlar (gülür). Azərbaycan qadınları ailənin ağırlığının yükünü üzərinə götürə bilir. Pakistan qadınları  hər şeyi kişinin üzərinə atırlar.

 

Sizin üçün xoşbəxt ailənin sirri nədir?

Ramilə: “Çalışıram ki, xoşbəxtliyi daha çox kiçik şeylərdə tapım. Düzdür, məqsədli insanam. Bəzən həyatımdan razı qalmır, istəyirəm daha çox irəli gedim. Amma əminəm ki, xoşbəxtlik maddiyatda deyil. Çox pulum da olub, amma maddiyatın məni xoşbəxt etməməyini də görmüşəm.  Xoşbəxtlik, qayğıda, sevgidə, iki nəfərin bir birinə hörmətindədir. Dalaşsalar belə, sonda bir-birinə güzəştə gedib sarılmağı bacarmaqdır, xoşbəxtlik. Həyatın çətinliklərinə sinə gərmək, səbirli olmaqdır. Canımız sağlamdırsa, ailəmizdə sevgi, hörmət varsa, hər şey zamanla yoluna düşür”.

 

Ailədə problemlərinizi necə həll edirsiniz? Kim od, kim su olur? Adətən kişilər xanımlardan gileylənir.

Ramilə: “Biz təzə evlənəndə daha çox mübahisə edirdik. Uşaq dünyaya gəldikdən sonra bütün düzənimiz dəyişdi. Vəziyyət daha da qəlizləşdi. Qayınanamın köməyi ilə bu dövrü aşdıq. Tək olsaydıq, çətin olardı. Zamanla alışırıq. Hazırda da mübahisələrimiz olur. Heç bir fiziki şiddət olmur, amma razılaşmadığımız halda söz mübahisəmiz çox olur. Bir dəfə o güzəştə gedəndə, bir dəfə mən gedirəm. Dalaşırıq, bir-iki gün istirahət edib, sakit şəkildə barışırıq. Düzdür, daha çox Ansar güzəştə gedir. Amma mən də səhv olanda “pişiyim, pişiyim” edirəm. Hər dəfə o güzəştə getsə, təbii olaraq yorular”.

 

 Gənc xanımlara nə demək istəyərdiniz?

Ramilə: “Evlilikdə qismətə inanıram. Mən həyatım boyu hər şeyi planlayırdım. Amma evlilik heç gözləmədiyim şəkildə oldu. Ona görə də həyatı yaşamaq lazımdır. Həyat sizin əksinizə gedirsə, yenə də pozitiv tapın. Əsas odur ki, səbirli olasınız. Xüsusilə də yeni ailə quranlar çətinliklə üzləşir, hələ uşaq tez olursa, hər şey daha çətinləşir. Səbir etmək lazımdır. Ən əsası kainata gözəl mesajlar göndərin ki, gələcəyiniz gözəl alınsın. Fikirləşdiyim pis işlərin hamısı başıma gəlirdi. Sonradan pozitivə yükləndim və nəticəsini də görürəm. Pozitiv notlara yönəlin Həyata bir dəfə gəlirik, dolu yaşamalıyıq. Sevdiyinizə görə dünyanın o biri başına getmək lazımdırsa, gedin. Mənim kimi…

 

Aygün ƏZİZ




1 şərh “Ağbəniz qızla qarayanız oğlanın sevgi hekayəsi – FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir