ixtisas secimi

İxtisas seçimində nələrə diqqət etməli – QIZIL QAYDA

Baxış sayı: 714

İxtisas qrupları üzrə ixtisas seçimi avqust ayının 30-nə qədər aparılacaq. Məlum məsələdir ki, ali məktəbə qəbul olmaq üçün kifayət qədər bal toplamaq hələ bəs etmir. Gərəkdir ki, ixtisas seçimində də diqqətli olasan. Əks halda, 600-dən yuxarı da bal toplasan belə, ali məktəbə qəbul olmaya bilərsən. Yəni ixtisas seçimində topladığın balı necə qiymətləndirəcəyin olduqca vacib və sənin əlindədir.

“İxtisas seçimində iştirak edənlər nələrə diqqət etməlidir?” sualından yola çıxaraq təhsil eksperti Elvin Bədirovla həmsöhbət olduq.

Ekspert ixtisas qrupları üzrə qəbul imkanlarını belə proqnozlaşdırdı:

“I ixtisas bloku üzrə müsabiqə xeyli rahatdır. Bu, hətta 200 baldan bir qədər artıq yığan və məhdud seçim imkanları olanlar üçün də keçərlidir;

II ixtisas bloku abituriyentləri doğru seçim etdiyi halda 200 bal ilə ən azı 3 ixtisas üzrə müxtəlif universitetlərdə ödənişsiz təhsil ala biləcəklər. Hamı ali məktəbə qəbul olacaq, daha yaxşısı üçün isə daha diqqətli olmaq lazımdır;

III ixtisas bloku üzrə çox ciddi həyəcanlanmağa səbəb yoxdur. Reytinqli ixtisaslarda müsabiqə vəziyyəti çox da gərgin olmayacaq. Bəzi ixtisaslarda təxminən 10 ballıq bir fərq yarana biləcək. Orta reytinqli ixtisasların balında həm artım, həm də enmə baş verəcək. Aşağı göstəricili ixtisaslarda isə ixtisaslardan asılı olaraq 20-40 ballıq enmə olacaq;

IV ixtisas bloku üzrə müsabiqə vəziyyəti tibbi arzulayanlar üçün nisbətən çətindir. Ödənişsiz təhsil arzu edənlər üçün ballar təxminən, 586-588 kimi formalaşacaq. Ödənişli təhsildən əlini üzənlər isə təxminən keçidin 530-540 intervalında formalaşacağını bilsinlər və bəlkə bir az ballar düşdü. Aşağıya getdikcə isə ötənilki ballar əsasən mövqeyini saxlayacaq. Rus bölməsi isə əgər düzgün seçim edərsə, bütün ixtisas blokları üzrə çox yaxşı nəticələr əldə edə bilər”.

Mütəxəssis seçim edərkən ballarla yanaşı ardıcıllığın da önəmli olduğunu vurğulayıb və bununla bağlı tövsiyələrini bölüşüb: “Seçimlər zamanı diqqət iki əsas meyar üzərində formalaşmalıdır: birincisi, qəbul şansı olan ixtisaslar, ikincisi, özümüzü gördüyümüz ixtisaslar. Seçimlərin ardıcıllığında ən səhv yanaşma bal ardıcıllığı ilə çoxdan aza doğru sıralamaqdır. Əslində isə ardıcıllığı arzularımıza və ixtisasların perspektivlərinə görə sıralamaq vacibdir. Əgər sənin çox istədiyin ixtisasın keçid balı 460 baldırsa, onu daha az seçmək istədiyin 550 ballıq ixtisasdan öncə yazmalısan”

“Unutmaq olmaz ki, universitetlərin divarlarına görə ixtisas seçilməz. Azərbaycan reallığında əksər universitetlərin təhsili təəssüf ki, çox da ürəkaçan və məhsuldar deyil. Buna görə də yaxşı olar ki, ixtisas seçimində iştirak edənlər universitetlər ilə yanaşı ixtisasların gələcək perspektivlərinə də nəzər salsınlar”, – deyə Bədirov bilidirib.

İxtisaslarla əvvəlcədən tanışlığa qaldıqda, həmsöhbətimiz söyləyib ki, hər kəs məsuliyyəti öz üzərinə götürməli, seçəcəyi ixtisaslar haqqında özü araşdırma aparmalıdır: “Çox təəsüf ki, bu barədə ciddi bazaya sahib vahid  informasiya platforması yoxdur, ancaq fərdi formada özləri araşdırma apara, ixtisasların gələcək perspektivlərini aydınlaşdıra bilərlər”.

Ekspert subbakalavrların buliki məzunlara rəqib olub-olmaması ilə bağlı deyilən fikirlərə də aydınlıq gətirib: “Subbakalavr 2013-cü ildən etibarən kollecləri bitirən məzunlardır. Subbakalavr abituriyentlər üçün rəqib deyil, onların ali məktəblərə qəbul olma şansı abituriyentlərdən aslıdır. Subbakalavrlar ancaq abituriyentlərdən artıq qalan ixtisaslara qəbul olmaq şansına sahibdirlər. Yəni əgər bir plan yeri varsa və 150 bal toplayan abituriyent ilə subbakalavr mübarizə aparırsa, həmin ixtisasa subbakalavr qəbul ola bilməz”.

 

Aləmdə Nəsib




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir