aile

Kişilərin məişət zorakılığa məruz qalması nədən qaynaqlanır və bunun nəticəsi nə ola bilər?

Baxış sayı: 744

Bu ilin 9 ayı ərzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ən müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib. Bunu mətbuata Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib. Komitə sədri deyib ki, Dövlət Komitəsinin 860 qaynar xəttinə məişət zorakılığına məruz qalanlar tərəfindən 369 müraciət olub və bunlardan 81-i kişidir. Göründüyü kimi, məişət zorakılığına məruz qalan kişilər də var və onlar da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edirlər.

Kişilər hansı formalarda məişət zorakılığının qurbanı ola bilirlər? Əvvəllər Dövlət Komitəsinin müvafiq qaynar xəttinə yalnız qadınlar müraciət edirdi, indi onlarla yanaşı kişilər də müraciət edir.

Həm statistika, həm də müşahidələr onu deyir ki, ölkəmizdə fiziki zorakılığı əsasən kişilər törədir. Qadınlar tərəfindən törədilən fiziki zorakılıq faktları olsa da, bu çox az qisim təşkil edir. Araşdıranda məlum olur ki, daha çox qoca və xəstə kişilər qadınlar tərəfindən fiziki zorakılığa məruz qalır. Gənc ailələrdə demək olar ki, bu cür faktlar çox təsadüfi hallarda baş verir. Gənc ailələrdə qadınlar daha çox məişət zəminində özlərini müdafiə etmək üçün, bəzən isə qısqanclıq ucbatından qarşı cinsə zorakılıq nümayiş etdirir. Ekspertlər də qeyd edir ki, ölkəmizdə kişilər qadınlar tərəfindən əsasən psixoloji zorakılığa məruz qalır.

Ümumilikdə isə bütün dünyada kişilərə qarşı aqressiyanın artdığı müşahidə olunur. BMT-nin son illər apardığı araşdırmalara görə,  ailədaxili zorakılıq zamanı qurban rolunda kişilərin sayı artmağa başlayıb. Beləliklə, ötən dövrlərlə müqayisədə dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına, qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.

Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib.

Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Keniyalı sosioloq Nidirutu Njoka işsiz və yaşı 40-ı keçmiş kişilərin daha çox istismar edildiyini bildirib. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.

Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Bu sığınacaqlara hansısa fəlakətdən çətin vəziyyətə düşən, cinsi oriyentasiyasına görə təzyiqə məruz qalan kişilər də sığına bilir.

Türkiyədə kişilər üçün sığınma evlərinin ən məşhuru Konyada yerləşir. Bura müraciət edənlərin böyük əksəriyyəti həyat yoldaşı və uşaqları tərəfindən zorakılığa məruz qalmış kişilərdir. İldə ən azı 400-500 nəfər yardım məqsədilə bura müraciət edir, bəziləri isə sığınacağın uzunmüddətli qonağına çevrilir.

Bəs ölkəmizdə kişilərin məişət zorakılığa məruz qalması nədən qaynaqlanır? Prosesin daha da artması nə ilə nəticələnə bilər?

 

 

Əhməd Qəşəmoğlu: “Yaxın illərdə döyülən kişilərin sayı daha çox olacaq”

ehmed qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı aşağıdakıları dedi: “3-4 il bundan əvvəl bu haqda yazım olmuşdu ki, ”yaxın gələcəkdə şahidi olacağıq ki, kişiləri də döyəcəklər”. O vaxt zarafatla qeyd etmişdim ki, “yəqin ki, kişilərin də hüquqlarının müdafiəsini təşkil etməyə ehtiyac olacaq”. Göründüyü kimi, artıq bu prosesə doğru getməkdəyik. Əgər bu cür davam edərsə, yaxın illərdə döyülən kişilərin sayı daha çox olacaq. Səbəb? Biz məsələyə doğru tərəfdən yanaşmır, onun əsl mahiyyətini bir kənara qoyub, dolayısı məsələlərdən danışırıq.

Məsələnin kökü ondan ibarətdir ki, Azərbaycan ailəsi bu gün olduqca gərgin vəziyyətdədir. Bu gərginliyi ortadan götürmək üçün hökmən yeni metodlar lazımdır. Biz bu gün Azərbaycan ailəsindəki problemləri həll etməyə çalışarkən 30-40 əvvəlki metodlardan istifadə edir, məsələni bu cür tənzimləmək istəyirik.  Elə metodoloji səhvimiz də bundan ibarətdir.

İlk öncə dəqiqləşdirməliyik – ailənin əsas funksiyası nədir? Ailənin əsas funksiyasını aydınlaşdırdıqdan sonra düşünməliyik ki, dəyişən cəmiyyətdə, mühitdə nələri etməliyik ki, həmin funksiyalar yenə də qorunsun və ailə o funksiyaları yerinə yetirsin. Biz bunun əvəzinə yenə yollar axtarırıq ki, kişini və yaxud arvadı necə sakitləşdirək. Beləliklə, metodoloji, sosial və humanitar  sahədəki səhvlərimizə görə bu gün ailələrimizdə çox gərgin vəziyyət yaranıb. Əlbəttə ki, belə olan halda hər iki tərəf öz gücü çatan vasitələrdən istifadə edərək həmin gərginlikdə, münaqişədə iştirak edir. Qadınların gücü daha çox dilinə, kişilərinki isə yumruğa çatır. Müşahidə edirik ki, kişi ailəsinə qazanc gətirə bilməyəndə qadın onu hər gün evdə kiçildir, təhqir edir, psixoloji təzyiqlər edir, təəssüf ki, çox zaman bu uşaqların gözü qarşısında baş verir. Əlbəttə ki, bu bütün qadınlara aid deyil. Amma reallıqda bu cür faktlar çoxdur. Bəzi ailələr var ki, orada qadınların da yumruğu güclüdür və kişinin yumruğu qarşısında o da yumruq vurur. Hansı ki, kişi fiziki cəhətdən zəifdir və qadın tərəfindən döyülür. Kişilər utandığından bu məsələni çox üzə çıxartmır. Deyim ki, göstərilən statistikadan xeyli çox evdə məişət zorakılığına məruz qalan kişi var. Digər tərəfdən,  biz bu gün cəmiyyətimizdə yalnız qadın hüquqları, onun qorunması haqda danışır, müzakirə edirik. Kimlərsə qrant almaq xatirinə yüzlərlə bu cür layihələr həyata keçirir. Kişiləri isə düşünmür, bu yöndə onları maarifləndirmirik. Vəziyyət dəyişib, indi ailədə başqa münasibət var. Biz indi yuxarıda qeyd etdiyim prinsiplər əsasında ailələri xilas etmək haqqında danışmalıyıq. Təəssüf ki, hələ də bunu etmirik”.

Sosioloq onu da qeyd edir ki, baş verən prosesə görə təkcə ailələri, cəmiyyəti qınamaq, günahlandırmaq düzgün deyil: “Biz cəmiyyətimizdə elə proses, mühit yaratmalıyıq ki, nə kişi, nə də qadın o hala düşsün”.

Psixoloq Elnur Rüstəmov isə qeyd etdi ki,  zorakılığın bir çox variantları var: “Zorakılığın bir neçə variantı var – fiziki, seksual, hüquqi, psixoloji zorakılıq. Sadəcə, biz daha çox fiziki və seksual zorakılığa yönəlmişik, digər variantlara isə o qədər də diqqət yetirmirik. Halbuki insanlar təkcə fiziki deyil, həm də bu cür zorakılıqlara da məruz qalır”.

Psixoloq qeyd edib ki, bu gün ailələrdə münasibət əvvəlki qaydada tənzimlənmir: “Əvvəllər ailələrə təsir mexanizmi daha çox adət-ənənələrimiz və din idi. Yəni baxılırdı ki, yaranmış problem dində necə göstərilib və yaxud adət-ənənəmizdə necədir. Yəni məsələlər bu forma üzərində həll olunurdu. Lakin bu gün artıq qeyd etdiyim təsir mexanizmlərin gücü  azalır, nəticədə bəzi ailələrdə kişi qadın tərəfindən zorakılığa məruz qalır. Əlbəttə ki, məsələni araşdıranda qadın deyəcək ki, ”özümü müdafiə etmək üçün kişiyə əl qaldırmışam”. Ümumiyyətlə, zorakılıq mümkün olan ailələr ilə bağlı tədbirlər aparmaq lazımdır. Yəni o ailələr ki, risk qrupuna aiddir, mütəmadi olaraq onlara psixoloji dəstək göstərilməlidir ki, məsələ dərinləşməsin”.

 

 

Elnur Rüstəmov: “Bu gün qadın həm işləyir, həm də evi idarə edir, belə olan halda münasibət də başqa cür olur”

elnur rustemov

Psixoloq vurğulayır ki, əvvəllər kişilər çox nadir hallarda məişət zorakılığına məruz qalırdı: “Əvvəllər bu cür hallar o qədər də yox idi. Bu gün isə gender bərabərliyi fonunda bir cəmiyyətdə yaşayırıq. Yəni bu gün cinslərarası münasibət başqa cür tənzimlənir. Bu gün çalışan, karyera quran, təhsil alan xanımlar var. Həmin xanımlarla ünsiyyət, davranış əvvəlki illərdə mövcud formada tənzimlənə bilməz. Yəni bu gün konkret olaraq Azərbaycan cəmiyyətində, ailəsində mühafizəkarlıqla liberallığın savaşı gedir. Kişi mühafizəkardır, istəyir ki, daha çox əvvəlki qaydalarla idarə olunsun, biri də bu mövqeyi qəbul etməyən xanımlardır. Şübhəsiz ki, biz bunu bütün xanımlara aid edə bilmərik. Lakin müşahidə edirik ki, bu gün reallıq belədir. Karyera quran, təhsil alan qadın qarşı tərəfdən özünə qayğı, diqqət, düşüncəsinə hörmət istəyir. Dünən isə başqa cür idi,  kişi işə gedib, qazanıb evə gətirirdi, qadın isə evdə oturub, evi idarə edirdi. Bu gün qadın həm işləyir, həm də evi idarə edir. Belə olan halda münasibət də başqa cür olur”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir