Efsane R

“Anam icazə versə, evlənəcəyik” – “NATAMAM”

Baxış sayı: 1. 631

– Bəs sonra nə oldu?

– Peşman oldum…

Onu bu qısa dialoqda tanımışdım. Səsində peşmanlıqdan daha çox qəzəb var idi. Gözündən axan yaşı silib rəfiqəsinə nəyi isə izah edirdi. Çantamdan bir vizitka çıxarıb onlara yaxınlaşdım, söhbəti bölmədən: “göz yaşın qəzəbini söndürməyə kifayət eləməsə, sabah gəl, danışaq.”-dedim. Əmin idim ki, artıq əvvəlki duyğuda deyildi.

– O gün çox çarəsiz görünürdüm ki, mənə yaxınlaşdınız?

– Mən ixtisasım gərəyi həssas müşahidəçiyəm (gülümsəyirəm)

– Bir möcüzə kimi gəldi mənə.. Sizdən sonra rəfiqəmə baxıb elə hey gülümsəmişəm. Şanslı bir bədbəxtəm (gülür)

– Gözyaşın az oldu, ya qəzəbin çox oldu? Gəldiyinə sevindim. Çünki hekayən mənə çox maraqlıdır.

– Bu yaşda qızların yaşadığı klassik problemlər…

– Hansı yaşda?

– 26

– Evlilikdən yana təzyiq görmə yaşı? (gülümsəyirəm) Amma sənin göz yaşın və gileyin bir az daha “özü aşiq olmuş adamın təəssüf yanğısına” bənzəyirdi.

– İnanıram ki, mən özümü bu qədər yaxşı ifadə edə bilməzdim, siz çox dəqiq dediniz.

– Mənə bunu sən hiss etdirmisən. Deməli, əslində özünü heç də  pis ifadə eləməmişən. Bu sənin dəqiqliyindir.

– O isə deyir ki, mən özümü ifadə edə bilmirəm.

– (Əsas məsələyə özü keçdiyi üçün bunu uğur sayıb başlamaq olar.) Başımla davam etməsi üçün işarə edirəm.

– Ona görə mən dünyanın ən duyğusal qadınıyam. Emosionallıq səviyyəm okianlar qədərdir. O belə deyir. (gülümsəyir) Hə, sonuncu mübahisəmizi danışım, görün kim haqlıdır. Anası istəmir deyə o toyu ləngidir. Siz də bilirsiniz ki, 26 yaşdan sonra gözləmək hər şeyi pisə doğru aparır. Mən ona 5 ilimi vermişəm. O olan müddətdə həyatımda heç kəs olmayıb, o da bilirdi və deyirdi ki, biz evlənəcəyik. Əgər o başdan desəydi ki, anam icazə versə, evlənəcəyik. Biz gedib ilk anasıyla məsləhətləşərdik. İndi mənim 5 ilimi heç nə yaşanmamış kimi “bir az səbr elə, görək nə olur”-la keçişdirir. Nə olacaq? Nə olmalıdır ki?! Sən bir kişi kimi məni müdafiə edə bilmirsənsə, NİYƏ-sini soruşa bilmirsənsə, mən neynirəm axı səni bundan sonrakı həyatımda?! Yəni həqiqətənmi maraqlı deyil, anası məni niyə istəmir? Niyə soruşmur? Niyə maraqlanmır? Deməli, çünki bilir. Allah bilir, hansı qohumunu alacaq? Bir ana niyə öz balasını bədbəxt eləmək üçün çalışsın axı?! Görürsən ki, oğlun 5 ildi kimisə sevir, müdaxilə edəcəkdin, başqa fikrin var idisə, niyə bu qədər gözlədin?! Niyə vatında qabağın almadən oğlunun? Yoxsa Turanənin təkidi ilə universitet oxumağını gözlədin, imtahanlara hazırlaşıb işə düzəlməyini gözlədin? Gözlədin ki, mən tərbiyə edim, sən evləndirəsən?! Bu adamların heç Allah qorxusu yoxdur?! İçimdəki yanğını sizə ifadə edə bilmərəm e.. Gələcəyim, ümidlərim, arzularım yanır, doktor. Mən onunla öyrəndim, tanıdım duyğuları.. İndi mənə tanıtdığı duyğuların çoxluğundan şikayət edir. Mən ağlamayım, kim ağlasın axı?! (Başına döyərək ağlayır)

 

Belə…

Bəzən kimə necə yol göstərəcəyimizi bilməsək belə onları dinləməklə yetinirik. Cəmiyyətin çürük tərəfiylə qarşılaşan insanlara duyğusal münasibətlərinin yolunda getməyəcəyi də öyrədilməlidir, bu halda nə etməsi gərəkdiyi də. Yadımdadır ki, bir pasintim belə bir mövzuda özünü çox gözəl ifadə etmişdi. Ona görə onu heç unutmuram:

– Mən dostlarından eşitmişdim onun necə bir şərəfsiz olduğunu.

– Bəs necə oldu ki, ona aşiq oldun?

– Düşündüm ki, o elə mənə ən lazım olan şərəfsizdir.

Qüsurların görsək də fərqli duyğularla bağlandığımız insanların “şərəfsizliklərini də aliləşdiririk”…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir