erken nikah

Erkən nikaha dair qanunun dəyişməsi nəyi dəyişəcək? – EKSPERTLƏR DANIŞIRLAR

Baxış sayı: 780

Erkən nikah və onun yarada biləcəyi problemlərlə bağlı cəmiyyətdə mütəmadi maarifləndirmə işləri aparılır, lakin hələ də belə faktlara rast gəlinir. Erkən nikahlar hər kəs tərəfindən birmənalı şəkildə mənfi qarşılansa belə, nəticələr onu göstərir ki, erkən nikahların baş verməsi problem olaraq qalır. Problemə hüquqi cəhətdən baxsaq, Azərbaycanda nikaha daxil olma yaşı 18-dir. Bu, Ailə Məcəlləsinin 10-cu maddəsi ilə də təsbit edilib. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin xahişi ilə onların yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Qanunda göstərilib ki, azyaşlını nikaha daxil olmağa məcbur edənlər birbaşa cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslər 3 mindən 4 min manatadək cərimələnə və ya 4 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilərlər. Bu mövzu hər zaman aktual olsa da, son günlər bir az daha gündəmin ön sırlarındadır. Buna səbəb isə erkən nikaha bir il tez icazə istisnasının ləğv edilməsi ilə bağlı təklifin Milli Məclisə göndərilməsi və bu dəyişikliyin nə vəd etməsinin qızğın şəkildə müzakirə olunmasıdır.

Bu mövzuda isə ən diqqətçəkən məqam erkən yaşda evliliyə məcbur edilən xüsusən qız uşaqlarının psixoloji və ginekoloji sağlamlığıdır. Hər zaman aktual olan bu mövzu barədə mütəxəssislərin yanaşmalarını qeyd etmək istəyirik. Mövzu ilə əlaqədar ginekoloq, psixoloq, pedaqoq və sosioloqun mövqelərini məzmuna əlavə etdik.

efsane rusttemova

Mövzuya “Gencaile.az” saytı üçün münasibət bildirən psixoloq Əfsanə Rüstəmova aşağıdakı fikirləri səsləndirdi: ÜST-ün yeni qanununa əsasən yeniyetməlik yaş dönəmi 9-25 yaşı əhatə edir. Bu o deməkdir ki, bizim erkən nikah dediyimiz dönəm daha da aşağı düşə bilər, çünki artıq azyaşlılarda cinsi oyanma əvvəlkindən daha erkən yaşda başlayır. Bu isə öz fonunda bizim istisna dediyimiz halların arta biləcəyinə işarədir. Ümumiyyətlə, uşaqlara doğru cinsəl məlumatın verilməməsi, bu mövzuların gizlədilməsi və uşaqların bunun fonunda böyüdülməsi əslində onların daha çox marağına səbəb olur və bu da özlüyündə uşaqların qeyri-peşəkar araşdırma aparmasına, ailə dəyərlərinə, mental dəyərlərə və s. zidd olan internet məlumatlarına yiyələnməsi inkişafda olan indiki dönəm uşaqlarının həm cinsi seçimlərinə təsir edir, həm də cinsəl yönəliminin formalaşmasında çox mühüm rol oynayır. Bütün bunların fonunda deyə bilərik ki, uşaqlar bu tip məlumatlarla ailələri vasitəsiylə tanış olmalı və müxtəlif vəziyyətlərdə cinsi hissi necə idarə etməli olduqları aşılanmalıdır. Məncə, bu məsələdə ən böyük problemlərdən biri də odur ki, cəmiyyətimiz özü bu barədə dolğun bilgi sahibi olmadığı üçün insanlar uşaqlara da nəyi necə izah edəcəyini bilmirlər. Ona görə də ilk növbədə cəmiyyətin özünün suallara cavab tapmasını təmin etmək lazımdır.”

yaqut qasimova

“Gencaile.az” saytının daimi eksperti olan mama-ginekoloq Yaqut Qasımova mövzu ilə bağlı danışarkən dedi ki, hələ də valideynlərə elə gəlir ki, xüsusən qız övladlarını tez ailə qurmağa məcbur etməklə onlar üçün daha yaxşı həyat səviyyəsi təmin etmiş olurlar.Halbuki erkən nikahlar əksər hallarda mənfi nəticələrə gətirib çıxarır.

Erkən nikahların qız uşaqlarına mənfi təsirindən də bəhs edən Yaqut Qasımova bu barədə aşağıdakıları dedi: “Erkən hamiləlik və onunla əlaqədər baş verən abortlar, vaxtından əvvəl doğuşlar, ginekoloji xəstəliklər, sonsuzluqla nəticələnə bilən ağırlaşmalar, cinsi yetkinliyə çatmamış valideynlərdən zəif uşaqların doğulması, erkən yaşda hələ yeni formalaşmağa başlayan reproduktiv sistemin hormonal pozuntusu, erkən yaşda valideyn olmaqla bağlı yaranan sosial, mənəvi-etik problemlər erkən nikahların yaratdığı çətinliklərdir”

Mama-ginekoloq həmçinin yeniyetmə yaşda ailə quran qızlarda baş verən erkən hamiləliyin riskli olduğunu vurğuladı: “Statistika göstərir ki, 16 yaşında olan hamilələrin doğuş zamanı ölüm ehtimalı 20 yaşından yuxarı olanlarla müqayisədə iki dəfə çoxdur. Erkən hamiləlik 19 yaşa qədər qızların ölümünün ən geniş yayılmış səbəbidir. Təəssüf ki, sadaladığımız bütün bu faktlar ailələri hələ də erkən nikahdan çəkindirmir. Ümid edək ki, parlament bu qərarı qəbul edəcək və ən azı 18 yaşdan daha tez ailə qurulmasının qarşısı alınacaq.”

Xatire Mirzeliyeva 3

Təbiət elmləri üzrə İsveçdə çalışan mütəxəssis müəllim Xatirə Mirzəliyevanın məsələyə münasibəti isə belə oldu: “Erkən nikah problemi günümüzdə ən çox müzakirə edilən mövzulardan olsa da, hələ də bu baxımdan ciddi problemlərin olması bəzi insanların lazımi qədər maariflənmədiyini göstərir. Maarifləndirilmə sahəsində aparılan bütün tədbirlərin əsasında düzgün bilik və təşkilatçılıq dayanır. Bu prosesdə diqqəti müəllim-pedaqoqların fəaliyyətinə, həmçinin məktəb-valideyn işbirliyinin  də mühim amillərdən biri olduğuna yönəltmək istərdim. Erkən nikahın qız uşaqlarının sağlamlığı üçün nə dərəcədə təhlükəli olduğunu anlamaq üçün ilk növbədə onun anatomik, fizioloji  və psixoloji xüsusiyyətlərini bilmək lazımdır. N.K.Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir:insan orqanizminin anatomik quruluşunu, funksiyalarını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün böyüdüb tərbiyə edə bilməz”. Bütün bu xüsusiyyətləri bilən hər bir pedaqoq erkən nikahla mübarizədə savadlı şəkildə iştirak edər, nəinki uşaqların maariflənməsində, həmçinin bu məqsədlə təşkil olunan tədbirlərə valideynləri də cəlb etməklə  bu biliklərdən düzgün yararlanar. O, maarifləndirmə işində vacib məlumatları ötürməli, dəlillərlə fikrini əsaslandırmağı bacarmalıdır. İlk növbədə erkən nikahın fəsadlarının nələr olduğunu bilməli və anlaşılan formada izah etməlidir.”

ebru ozkan

Məsələylə bağlı fikirlərini açıqlayan sosioloq Ebru Özkan aşağıdakıları dilə gətirdi: “Qlobal miqyasda bu problem daha çox sosial-iqtisadi çalarlara malik problem kimi özünü büruzə versə də, əslində, adət-ənənələr adı altında pərdələnmiş və beyinlərə yanlış sirayət etmiş stereotiplər bu cür halların dünyanın fərqli ölkələrində kütləvi xarakter almasına səbəb olur. Erkən nikahlara yol açan amillərdən biri ailələrin aşağı təhsil və ümumi mədəniyyət səviyyəsi ilə bağlıdır. Belə ki, dünyanın fərqli ölkələrində aparılan tədqiqatların nəticəsinə görə, erkən nikahlara təhsil və mədəni dünyagörüş səviyyəsi aşağı olan ailələrdə daha çox təsadüf olunur.”

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir