Azərbaycanda qız uşaqlarının təhsildən yayınmasında ciddi problemlərin olmadığı deyilsə də, statistik rəqəmlər bunun əksini göstərir. Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bəzi regionlarda 9-cu sinif buraxılış imtahanlarından sonra orta təhsildə qızların sayında kəskin azalma olduğunu bildirib. DİM sədrinin sözlərinə görə, şagirdlərin gender tərkibi göstərir ki, 9-cu siniflər üzrə buraxılış imtahanında iştirak edən şagirdlərin 53.94%-ni (63013 nəfər) oğlanlar, 46.06%-ni (53814 nəfər) qızlar təşkil edib.
11-ci siniflər üzrə buraxılış imtahanında da mənzərə, demək olar ki, buna oxşar olub və imtahanda iştirak edən şagirdlərin 54.30%-i (42920 nəfər) oğlan, 45.70%-i (36123 nəfər) qızlar olub. 2020-ci ildə 11-ci siniflər üzrə buraxılış imtahanında iştirak edənlər 2018-ci ildə 9-cu sinfi bitirən şagirdlər olub. Ayrı-ayrı bölgələr üzrə bu göstəricilər arasında kəskin fərqlər müşahidə olunur. Qızların 9 illik buraxılış imtahanından sonra təhsillərini davam etdirməməsi erkən nikah və ya təhsildən uzaq tutulması kimi qiymətləndirilib.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin məsləhətçisi, ekspert Aynur Veysəlova bildirir ki, məktəblərdə şagirdlər arasında cins nisbətinin kəskin dəyişməsinin bir neçə səbəbi var. Onun sözlərinə görə, hazırda oğlan şagirdlərin sayının qızlardan çox olmasının bir səbəbi doğum zamanı oğlan uşaqlarına üstünlüyün verilməsidir. Bu da buraxılış imtahanlarında qızların sayına təsir göstərir.
Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilir ki, 2020-ci il ərzində bölgələrdə qızların 9 illik buraxılış imtahanında iştirak faizi ilə 11 illik buraxılışda iştirak faizi qızların təhsildə iştirakının bəzi rayonlar üzrə aşağı olduğunu təsdiqləyir.
Bu mənada ən aşağı göstərici 9 və 11-ci siniflər üzrə Şamaxıdadır. 9 illik təhsil pilləsində təhsil alan qızlar ötən il Sabirabad üzrə 46,50, Salyan üzrə 45,50, Yevlax üzrə 49,19, Kürdəmir üzrə 43,28, İmişli üzrə 46,00, Beyləqan üzrə 46,24, Şamaxı üzrə 41,59, Samux üzrə 48,14, Yardımlı üzrə 45,95, Lerik üzrə 44,53, Qobustan üzrə 45,50, Xocavənd üzrə 45,16 faiz təşkil edib. 11 illik buraxılışda isə Sabirabadda bu rəqəm 41,50, Salyanda 40,95, Yevlaxda 42,99, Kürdəmirdə 39,16, İmişlidə 38,83, Beyləqanda 42,86, Şamaxıda 35,20, Samuxda 43,79, Yardımlıda 37,53, Lerikdə 35,22, Qobustanda 35,29, Xocavənddə 37,84 faiz olub.
Zülfiyyə Quliyeva