pese

Peşənin cinsi

Baxış sayı: 429

Cəmiyyətin adətən, kişilərin çalışdığına adət elədiyi elə peşə və sənət növləri var ki, orada qadınların işlədiyini görəndə ilk baxışdan insanlarda təəccüb yaranır. Halbuki bu işlərdə çalışan və kifayət qədər uğur qazanmağa müvəffəq olmuş xeyli qadın da var. Eyni zamanda, elə peşə və sənət var ki, cəmiyyət onları əsasən, qadınların “boyuna biçsə də”, həmin sahədə də kişilər az deyil. Əvvəllər həkim, müəllim olmaq xanımların ən sevimli peşəsi sayılırdı. İndi isə qızlar texniki peşələrə, əsasən oğlanların seçdiyi sahələrə böyük maraq göstərirlər. Müasir dövürdə texniki peşələrə, əsasən də kompyuter texnologiyaları üzrə mütəxəssislərə ehtiyac duyulur. Bu istiqamət üzrə təklif olunan ixtisasların çoxluğu, daha gəlirli və asan iş tapmaq imkanı qızların da diqqətini cəlb edir. Bu gün Azərbaycana yaxşı mühəndislər lazımdır. Müasir memarlıqla qədim mədəniyyəti öz yaradıcılığında birləşdirən, fərqli düşüncə sahibi memarlar isə azlıq təşkil edir. Bir sözlə, böyük tikinti bumu yaşayan Bakıda yaxşı inşaat mütəxəssisini əl-əl gəzirlər.Və bu gün ölkədə mühəndis peşəsini seçən qızların sayı ildən-ilə artır.

Mühəndislik ixtisasını seçən Ləman Nəbiyevanın dediyinə görə, o, mühəndis olmaq qərarını hələ 9-cu sinifdə oxuyarkən verib: “Mənim mən olacağım, özümü kəşf edə biləcəyim peşə mühəndislik idi. Mühəndislik üzrə təhsil pilləsinə gəldiyim müddət ərzində ölkəmizdə yaşayan bir çox qadının eşitdiklərini mən də təcrübə etdim. Valideynlər, müəllimlər, qonşular, qohumlar, onlardan gələn yüksək təzyiq və qəribə baxışlar məni ilk baxışdan qorxutsa da, arzumu reallaşdırmaq yolunda əngəl ola bilmədi. Qərarımdan tam əmin olduğum vaxt artıq valideynlərimlə danışmaq qərarına gəldim. Gərgin söhbət olacağını anlamışdım və valideynlərimi bu ixtisası həqiqətən istədiyimə inandırmalı idim. Düzgün vaxt seçib onlara yeni qərarımı açıqladım. Atam susmuşdu, anam isə “Fikrindən əminsən? Sən qızsan, axı gələcəkdə problemlərlə üzləşə bilərsən” kimi reaksiyalar verirdi. Söhbətin sonu pozitiv olmadı və mənə fikirləşmək üçün əlavə vaxt verildi. Ancaq mən fikirimdən dönmədim və bu ixtisası seçdim. Mühəndislik sənəti qadınların da dünyadan təcrid olunmayaraq yenilikləri anında öyrənmək, bir çox sahədə təcrübəli olmaq, kreativlik bacarıqlarını gücləndirmək üçün seçilmiş ən effektiv fürsətdir. Bu sahədə qadınlar heç də qarşı cinsdən geri qalmadıqlarını açıq şəkildə sübut edə bilərlər”.

Pirotexniki vasitələrin texnologiyası üzrə təhsil alan Günel Məmmədzadə deyir ki, silahlar üzrə mühəndis olacaq. Bu ixtisası özü seçib və yüksək balla qəbul olunub: “Silahları açıb-yığır, ixtisasımı dərindən öyrənməyə, oğlan tələbə yoldaşlarından geri qalmamağa çalışıram: “Bu sahədə işləyəcəyəm. Bu sənəti sevirəm. Uşaqlıqdan hərbi sahəyə meylim olub və bununla bağlı inşa müsabiqələrinə qatılırdım. Məktəbi qurtaran vaxtlarda öyrəndim ki, belə bir fakültə var”.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyir ki, son illər ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb: “Dövlət İmtahan Mərkəzi tərəfindən mütəmadi olaraq hər il qəbul imtahanlarından sonra gender aspektləri ilə bağlı təhlillər aparılır. Aparılan təhlillər göstərir ki, son illərdə ali məktəblərə qəbul zamanı texniki ixtisasları seçən qızların sayı xeyli artıb. Bu isə o deməkdir ki, kişi ixtisası stereotipləri artıq pozulur. “Qızlar sırf onlara aid ixtisasları – müəllimliyi, həkimliyi seçməlidir” fikri artıq aradan qalxıb”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın sözlərinə görə, indi elə bir sahə, ixtisas yoxdur ki, qızlar ona maraq göstərməsinlər: “İllər öncə universitetimizdə qızların sayı cəmi 10 faiz idisə, indi 30 faizdir. Bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Bunu nəzərə alaraq deyə bilərəm ki, artıq bəzi ixtisaslarımızı  təkcə “kişi ixtisasları” hesab etmək olmaz. Elə ixtisaslarımız var ki, orada təkcə oğlanlar yox, qızlar da təhsil alırlar. Zəmanə çox dəyişib və elə bir sahə yoxdur ki, qızlar ona maraq göstərməsin. Sovet dövründə universitetimizdə qızların sayı cəmi 15 faiz idisə, indi 30 faiz, bəzi fakültələrdə hətta 50 faizədək yüksəlib. Ona görə deyə bilərəm ki, artıq ixtisaslarımızı “kişi ixtisasları” hesab etmək doğru deyil. Qızların oğlan ixtisası sayılan sahələrə meyl göstərməsi bizi çox sevindirir. Fikrimcə, kişi ixtisası, qadın ixtisası deyilən bir şey yoxdur. İstənilən sahə üzrə peşəkar kadr həm oğlanlardan, həm də qızlardan yetişir. Qızların sayının artması universitetin xeyrinə ab-havanı dəyişib. Hətta bir qrupda qızların olması belə, oradakı mühitə təsirsiz ötüşməyib. Müşahidələrimiz və uzun illərin təcrübəsi göstərir ki, qızların təmsil olunduğu qrupda oğlanlar özünə qarşı daha diqqətli olurlar. Belə qruplarda oğlanlar daha tərbiyəli, daha nəzakətlidirlər.Universitetdə dərs deyən hər müəllim bunu təsdiq edə bilər. Qızların sayının artması hər cəhətdən müsbət prosesdir. Bu, sadəcə ab-havanın dəyişməsinə deyil, həm də təhsilin keyfiyyətinə təsir edir. Təsirin iki tərəfini vurğulamaq istərdim. İlk növbədə qızlar oğlanlara nisbətən daha çox oxuyur, daha səliqəli, daha məsuliyyətlidirlər, təhsilə daha həvəslidirlər. Bu da ilk növbədə universitetdə verilən təhsilin keyfiyyətində özünü göstərir. İkinci bir tərəfdən, bayaq qeyd etdiyim kimi, qızlarla birgə təhsil alan oğlanlar özünü daha yaxşı təqdim etməyə, daha ağıllı göstərməyə çalışdığından dərslərinə qarşı daha məsuliyyətli olurlar. Nəticədə onların da təhsil göstəriciləri yaxşılaşır və bu, təhsilin keyfiyyətində də özünü büruzə verir”.

Təhsil üzrə ekspert Elşən Qafarovun fikrincə, qızların texniki ixtisaslara üstünlük verməsinə səbəb orada balın aşağı olmasıdır: “Qəbul imtahanlarına hazırlaşan abituriyentlər ailənin büdcəsi hesabına repetitor yanına gedirlər. Hazırlığa isə kifayət qədər vəsait xərclənilir. Ailəsini ikinci dəfə xərcə salmamaq üçün abituriyentin bir seçimi var, nə olur-olsun ali məktəbə qəbul olunmaq. Bu səbəbdən də bəzən qızlar balı nisbətən aşağı olan texniki ixtisaslara üstünlük verirlər. Artıq ailənin sosial vəziyyəti elə deyil ki, ikinci dəfə uşağa müəllim tutsunlar. Digər tərəfdən, ictimai qınaq var ki, filankəsin uşağı ali məktəbə daxil ola bilmədi. İlk növbədə fikirləşək ki, bu gün həmin sənəd verən, texniki sahəni seçən qızların neçəsi uşaqlıqdan arzu edib ki, bu ixtisası seçsin”.

Ekspert bildirir ki, qadınlar bu gün istər ictimai, istər iqtisadi iş həyatında geniş mövqelərə malikdirlər. Dövlət, özəl sektorlarda çalışan qadınların sayı getdikcə artmaqdadır. Bu, yalnız bizim ölkədə deyil, bütün dünyada gedən prosesdir. Bir çox idarə və təşkilatların rəhbərləri xanımlardır. Qadınların ictimai-sosial-iqtisadi həyatda rolu, mövqeləri getdikcə genişlənir. Reallıq budur ki, Azərbaycan mühitində müxtəlif sahələrdə ildən-ilə qadınların çoxluğu artır.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın sözlərinə əsasən, illərlə “qadın peşəsi”, “kişi peşəsi” adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genefonda mənfi təsir edə bilər: “Əvvəl qızların peşə seçimi ilə bağlı müəyyən stereotiplər var idi. Qadın və kişi peşələri ayrılırdı. Məsələn, qızlara müəllim və ya həkim peşələri daha uyğun hesab edilirdi. Ancaq bu gün görürük ki, iqtisadiyyat, idarəetmə, texniki və texnologiya ixtisas qrupları üzrə təhsil alan qızlarımızın sayı ildən-ilə artır. Bu, bizi sevindirir”.

Komitə sədri deyir ki, orta ixtisas və ali təhsil müəssisələrində təhsil alan qızlar onlar üçün ənənəvi olmayan peşələrə daha çox maraq göstərirlər: “Lakin gender stereotiplərinin aradan qaldırılması və peşə seqreqasiyasının daha düzgün tənzimlənməsi çox vacibdir. Gənclərimiz birmənalı olaraq peşə seçiminin onların cinsindən deyil, bacarıq və biliklərindən asılı olduğunu bilməlidirlər. Digər tərəfdən isə peşələrin əmək bazarına, onun tələbatına uyğun seçilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu da gələcəkdə gənc qızların işlə təmin olunmasına müsbət təsir göstərəcək”.

Millət vəkili Məlahət İbrahimqızı bildirib ki, bu gün ölkədə qadınlara istənilən ixtisası, peşəni seçmək imkanı yaradılıb. Əgər bir  xanım texniki ixtisasları seçirsə və özünü bu ixtisaslarda görürsə, gələcəkdə bu ixtisas üzrə işləyə biləcəksə niyə də olmasın: “İxtisasların, peşələrin fərdlərə görə ayrılmasının əleyhinəyəm. Bu peşə kişi peşəsidi, bu ixtisas sırf oğlanlar üçündür, qızların bu ixtisası seçməsi düzgün olmaz fikri ilə qətiyən razı deyiləm. Əsas bacarıqdır. Əgər xanım bir ixtisas seçirsə və onun öhdəsindən gələcəyinə, işi bacaracağına əmindirsə niyədə olmasın? Ancaq bəzi peşələr var ki, neft buruqlarında, mədən sənayesində və tikintidə yalnız kişilər çalışmalıdırlar. Bu gün hüquq, iqtisadiyyat, idarəetmə ixtisasları üzrə çalışan qadınların sayı kifayət qədərdir. Onlar çalışqanlığı, bacarığı, uğurları ilə heç də kişilərdən geri qalmırlar. İstənilən peşə üzrə çalışmaq və bu sahədə uğur qazanmaq üçün insanda savad, bilik, bacarıq, iradə, qətiyyət, prinsipiallıq lazımdır. Bugünün xanımlarında isə sadalanan bu keyfiyyətlər var və bu səbəbdən də onlar istənilən ixtisası, peşəni rahatlıqla seçə bilərlər. Azərbaycan qadını həmişə öz zəhmətsevərliyi, intellekti, bacarığı ilə seçilib. Hazırda qadınlarımız həm ictimai-siyasi həyatında zərif çiyinlərinə düşən ağır yükün öhdəsindən bacarıqla, layiqincə gəlirlər. Fikrimcə, biz istənilən sahə üzrə nə qədər təhsilli, intellektli qadın yetişdirsək, bir o qədər sağlam cəmiyyət qura bilərik”.

 

Sevinc QARAYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir