aytac sahed

Ayrılıq mədəniyyəti – Aytac Sahəd yazır…

Baxış sayı: 804

“Dəli Kür” romanında bir yer var. Deməli, Cahandar ağa bacısı Şahnigarı öldürəndən sonra sirrin üstü açılmasın deyə meyiti yumağı birinci arvadı Zərnigara tapşırır (Həmin vaxt onlar küsülü olur). Bilir ki, yollarını ayırsalar da, Zərnigar ona sadiq qalacaq və bu sirri faş etməyəcək.

Maraqlısı budur ki, həqiqətən də Zərnigar Cahandar ağa meyiti yumaq üçün ona xəbər göndərəndə bunu qəbul edir və meyitin bədənində gördüyü yaraları heç kimə demir. Romanda bir neçə cümlə ilə təsvir olunan bu məqam əslində, o qədər dərin mətləblərdən xəbər verir ki. Bütün davalara, incikliklərə baxmayaraq, insanın insana vəfasını necə də gözəl təsvir edir bu məqam…

Həyat ayrılıqlar üzərində qurulub. Sanki həyat bir ömür insanı ayrılıqlara öyrəşdirir ki, həyatın özündən ayrılmağa hazırlıqlı olub dünyanın faniliyini dərk edəsən. Elə bir insan tapılmaz ki, onun həyatında bir dəfə də olsun ayrılıq simfoniyası çalınmasın. Doğulduğumuz andan etibarən nələrisə, ya da kimlərisə itirməyə məcburuq. Vədə yetişəndə valideynlərimizi, sevdiklərimizi və daha kimləri, daha nələri. Bəzi ayrılıqlara məhkumuq, məsələn, ölüm kimi. Bəzi ayrılıqlar isə öz seçimimizdir. Məsələn, sevgilindən, dostundan, yaşadığın yerdən, işindən ayrılmaq kimi.

Hərə ayrılığı bir cür qarşılayır. Kimi üçün hər ayrılıq yeni bir həyatın başlanğıcı, kimi üçün də dərin hüznün xəbərçisi. Bir sözlə, hər ayrılığın öz səbəbi, öz hekayəsi var. Ayrılıq hekayəsini danışan insanların keçmişə baxışı, bir vaxt həyatının qəhrəmanı hesab etdiyi adamın ayrılıq hekayəsinin mənfi obrazına çevirməsi mənə həmişə maraqlı gəlib. Ona görə də xeyli bu cür hekayə dinləmişəm. Dinlədiklərim içərisində elə adamlar olub ki, az qala, ayrıldıqları insanın hər əməlini düşmənçiliklə xatırlayaraq danışıb. Bu, məndə nə qədər ikrah hissi doğursa da, onları başa düşməyə çalışmışam. Axı bu, asan deyil, ayrıldığın adam sənə acılar yaşadıbsa, onu nifrətlə anmaq qaçılmaz olur. Bir də ayrılıq hekayəsini nifrətlə yox, sevgi ilə danışan adamlar var. Bax, o adamlara böyük hörmət bəsləyirəm. Çünki belə adamların özlərinə, özlərinin bir parçası olan keçmişlərinə və keçmişlərindəki adamlara sayğıları var. Bir vaxt həyatının mərkəzində olub, sevirəm dediyi adamı ayrılandan sonra yerdən-yerə vuranları anlamaq çətindir. Hələ onların nə vaxtsa xoş günləri, gözəl münasibətləri olubsa. Təbii ki, əgər orda ayrılıq varsa, bu ayrılığa səbəb olacaq acı şeylər də var. Ancaq ayrılıqdan öncə yaşadığın münasibətə, xoş günlərə xatir də keçmişdən pis danışmamaq olar. Əgər xatırlanacaq ağrılar daha çoxdursa, ən azından susmaq, nə yaxşı, nə də pis heç nə danışmamaq ən gözəlidir. Bəzən elə adamlar görürsən ki, nəinki ayrıldıqları adamdan nifrətlə danışır, hətta həmin adamın ən məhrəm sirlərini açıb ağardır. Bu isə sədaqətsizlikdən daha çox, xaraktersizlikdir. Sözügedən xaraktersizlik təkcə şəxsi münasibətlərdə yox, həm də iş mühitində özünü göstərir. Keçmiş iş yerindən, müdirindən, iş yoldaşından nifrətlə danışan adamlar da kifayət qədərdir. Təbii ki, əgər onlar həqiqətən pis olubsa, danışmaq nahaqq deyil. Amma bu, nəyi dəyişir ki? Əksinə, bu cür şeyləri danışmağın müsbətindən çox, mənfisi var. Çünki həyatımıza gələn insanlar bizə həyatımızdan gedən insanları nə cür xatırlamağımıza görə də qiymət verirlər. Çox vaxt iş müsahibələrində iş üçün müraciət edən şəxslərə köhnə işindən niyə ayrıldığına dair suallar verirlər. Əlbəttə, sualı verənlər də çox gözəl bilir ki, günah şəxsin özündə olsa belə, heç kim öz ayranına turş demir. Bu sualın əsas məqsədi insanın bir növ sədaqətini təyin etməkdir. Çünki yeni iş yerin də bir gün sənin köhnə iş yerinə çevrilə bilər. Bu zaman nəyi nə cür xatırlayacağın təkcə işinin yaxşı olmasından yox, həm də sənin xarakterindən asılıdır.

Bir sözlə, keçmişinizə sayğı duymağı bacarın. Nə olur-olsun, keçmişinizdəki adamlar bütün müsbət və mənfiləri ilə sizə nələrsə qatan adamlardır. Odur ki, bir vaxt üzünüzü güldürən insanlar haqqında danışarkən iki dəfə düşünün. Bir qələmdə silib atsanız belə.

Həyatda hər şey kimi ayrılığın da mədəniyyəti var. Çörək kəsdiyiniz adamlardan tutmuş çörəyini yediyiniz yerə qədər sadiq olmağı bacarın. Çünki onlar sizin keçmişiniz, keçmişiniz isə sizin bir parçanızdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir