Yetkin olandan sonra puldan doğru istifadə etmək bacarığı uşaqlıqdan öyrədilən vərdişdən çox asılıdır. Bu səbəbdən də valideynlər uşaqlarına xərclik verərkən özünü nəzarətdə saxlamalı və konkret mövqedə olmalıdırlar.
.
Xərclik uşağın yaxşı bir hərəkətinə görə mükafat və ya öhdəliyində olan hansısa bir işin əvəzinə ödəmə deyil. Xərclik uşağa seçməyi, məsuliyyət hissini öyrətmək üçün vasitə olmalıdı.
Ümumiyyətlə, uşaqlara 3-cü sinfin sonlarından, yəni 9-10 yaşlarından pul verilməlidir. Az yaşda uşağa pulun verilməsi (pulu tanımadığı üçün) ondan düzgün istifadə edə bilməməsinə, nəsə alarkən pulun qalığını geri istəməməsinə, lazımsız cəld yeməklərə xərcləməsinə gətirib çıxarır.
.
Bəs, uşağa xərclik necə verilməlidir? Xərcliyi müəyyən sistemə əsasən vermək lazımdır. Uşağa pullarını yığa bilməsi üçün pul qabı hədiyyə etmək, müəyyən miqdarda pul yığdıqdan sonra ona zəruri olan nəyisə (velosiped, qələm, çanta) ala biləcəyini izah etmək lazımdır. Xərclik əvvəlcə günlük, həftəlik sonra aylıq (9-10 cu siniflərdə) verilməlidi. Bu uşaqlarda məsuliyyət hissini artıracaq, gələcəklə bağlı plan qurmağı, büdcəsini düzgün istifadə etməyi öyrədəcək. Xüsusilə yığdığı pullar ailə üzvlərinin, sevdiyi insanların doğum gününə hədiyyə alınmağa yönləndirilməlidi. Əgər 2 AZN pulu varsa, 2 AZN dəyərində, 10 AZN pulu varsa, həmin məbləğdə, misal üçün, atasının doğum gününə hədiyyə almalıdır. Bəzən valideynlərin uşağın yığdığı pulun üzərinə öz pulunu əlavə edərək daha “bahalı” hədiyyə alması, uşağa öz yığdığı pulun dəyərsiz olduğunu (“Onsuz da yığdığım pulun mənası yoxdu, atamdan pul alacağam” kimi düşünməsi), hədiyyənin dəyərinə görə qiymətləndirildiyini anladır. Bu səbəbdən də uşağın 2 manatı varsa, atasına corab, dəsmal alaraq kifayətlənməlidir.
.
Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil, bədbəxtlik və doyumsuzluq gətirir. Uşaq gərək olduğundan artıq xərcliyi doğru formada istifadə etmir. Onda olan dəftər və qələmlərdən yenilərini alır. Zamanla uşaqda israf və doyumsuzluq formalaşır.
Uşağa çox xərclik vermək yalnız ona deyil, dostlarına da zərər yetirir. Xüsusilə müxtəlif gəliri olan ailələrdən gələn uşaqlar onlara pul verilmirsə və ya az verilirsə, bəzi yoldaşlarının çox pul xərcləməsindən təsirlənir. Belə uşaqlarda əvvəlcə ruh düşkünlüyü, sonra isə məmnuniyyətsizlik kompleksi özünü göstərir və bu hal yoldaşlararası münasibətlərin pozulmasına gətirib çıxarır. Lakin uşağa normadan az xərclik vermək də düzgün deyil. Belə ki, uşaq yoldaşları ilə öz xərcliyini müqayisə edərək məyus olacaq və özünə güvəni azalacaq.
.
Ən yaxşısı, uşağın yaşına və sinfinə uyğun olaraq ehtiyaclarını təmin edən qədər sistemli xərclik verməkdir. Bu pulun hansı məbləğdə olacağına uşaq və valideyn birlikdə qərar verməli, alınan qərar vaxtaşırı nəzərdən keçirilməlidi. Uşaq xərcliyinin az olduğunu deyirsə, ona uyğun və sakit tonla “Sənə çox vermək istəyərdim, amma büdcəmiz məhduddu” deyə, bildirmək lazımdır.
Xərclik uşağa pulu ancaq doğru istifadə etməyi öyrətmir, həm də onda məsuliyyət və sahiblənmə hissini inkişaf etdirir. Ani və keçici istəklərini təxirə sala bilməyi və ehtiyaclarını vacibliyinə əsasən sıralamağı, qənaətcil olmağı və əldə etdiklərinin dəyərini bilməyi öyrədir. Ən əsası, xərclik uşağa ailəsinin ona dəyər verdiyini, onu bir şəxsiyyət kimi qəbul etdiyini hiss etdirir.
.
Narınc Rüstəmova
“NARINC” Uşaq Psixologiya Mərkəzinin rəhbəri, psixoloq