kisi-qadin

Seksual qısqanma, ya seksual qısnama?

Baxış sayı: 999

Sosial şəbəkələrdə və mediada tez-tez “seksual qısqanma” ifadəsinə rast gəlirik. Tamamilə səhvdir. Əslində problem kimi göstərilən və müzakirəyə səbəb olan halı yaradan “seksual qısqanma” deyil, “seksual QISNAMA”dır. Yəni, iş yerində və ya iş həyatında cinsi baxımdan istismara çağırış və ya məruz qalmaq.

 

Qısqanclıq və qısnamanın fərqi

Qısqanclıq – mənəvi məsələdir. İki şəxsin bir-birinə məhrəmliyi, doğmalığı və ya sevgisi qısqanclığa səbəb ola bilir. Yəni, bu özlüyündə hissin ifadə formasıdır.

Seksual qısnama isə şəxsi alçaldan, təhqir edən, qarşı cinsə fiziki hərəkətlə seksual yönümlü ( toxunma, əlləmə, sığallama)  ədəbsiz sözlər, jestlər, hədə və ləkələyici təkliflər, həmçinin cinsi əlaqəyə xarakterik dəvətlər edilən əxlaqsız davranışdır.

Seksual qısnama daha çox qadınlara qarşı baş verir. Xidməti və  əmək münasibətlərindəki asılılıqdan istifadə edib qadını seksual obyekt kimi seksual xarakterli hərəkətlərə təşviq etməklə baş verir. Amma seksual qısnamaya məruz qalan kişilər də var.

İşəgötürən seksual qısnamanın qarşısını almaq üçün tədbirlər görməlidir. Bəzən müşahidə edirik ki, seksual obyekt kimi yanaşılan işçi bacarığının və imkanlarının ziddinə olaraq irəli çəkilir, ona digər əməkdaşlardan daha artıq fürsət tanınır. Bu isə digər əməkdaşların hüquqlarının pozulmasıdır. Azərbaycanın əmək qanunvericiliyində cinsi ayrı-seçkilik qadağandır.

 

İş elanlarındakı hüquq pozma

İş elanlarında tez-tez rastlaşırıq: katibə, resepşn işinə cavan və gözəl xanımlar axtarılır. Hətta elanların biri məhz belə idi: “İşçi xanım axtarılır, bədən ölçüsü 38 olmalıdır”.

Qanunvericilik isə yalnız bir cins üçün elan yerləşdirilməsini qadağan edir. İşə qəbul haqqında elanlarda kişi və qadınlara fərqli tələblərin irəli sürülməsinə, bir cinsə üstünlük verilməsinə, iş axtaranın ailə vəziyyəti və ya şəxsi həyatı barədə məlumatlar sorğusuna yol verilmir. Alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi və yayılması da qadağandır. Azərbaycanda isə hazırda bu  elanların mütləq əksəriyyətində  qadınların seksual qısnanmasına yol açan ifadələr olur. Kişilərin isə işə qəbul zamanı barbar fürsətlərin verilməli olduğu prinsipləri kobud surətdə pozulur.

Qadınlar üçün qanuni güzəştlər

Hazırda Azərbaycan qanunvericiliyində qadınlara bəzi güzəştlər nəzərdə tutulub. Bu güzəştlər ayrı-seçkilik hesab edilməməlidir.

Belə ki, Azərbaycanda qadınlar həqiqi hərbi xidmətə çağırılmır. Qadınlar üçün daha tez pensiya yaşı müəyyən olunub. Qadın hamilə olduqda və ya uşaq 1 yaşına çatmayana qədər ər nikahın pozulmasını tələb edə bilməz. Kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şərait yaradılıb. Gender bərabərliyinin təmin edilməsi üçün xüsusi tədbirlər həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, qadınlar məişətdə daha çox əmək sərf edirlər. Eyni zamanda ailə qurub, uşaq dünyaya gətirdikdə kişilərdən fərqli olaraq məcburi karyerada geriləyirlər. İki uşaq dünyaya gətirən qadın eyni vəzifə pilləsində olan kişidən uşaqları böyütdüyü dövrdə karyera yüksəlişində ən azı 3-4 il geri qalır.   Qanunvericilik əslində bu illəri və  fərqi daha dolğun kompensasiya etmək üçün təkmilləşdirilməlidir.

Qayıdaq seksual qısnama məsələsinə. Seksual qısnamaya məruz qalan şəxslər bununla necə mübarizə aparmalıdır?

Seksual qısnamaya məruz qalan şəxslər əksərən şikayət etməyə çəkinir, işinin itiriləcəyi, adının ləkələnməsi, yetərli sübutu olmaması qorxusu ilə yaşayırlar. Əmək müqaviləsinə xitam verəcəyi halda təzminat ala bilməmək təhlükəsi də var.

Qanunvericiliyə görə, işçi seksual qısnamaya məruz qalanda ərizəsində göstərdiyi gün əmək müqaviləsinə  xitam verə bilər. İşəgötürən seksual qısnamadan zərər çəkmiş işçiyə dəymiş zərəri ödəməlidir.

İnzibati Xətalar Məcəlləsinə görə, seksual xarakterli sıxışdırmalara görə işəgötürəndən və ya rəhbərdən şikayət edən işçiyə qarşı təzyiqin göstərilməsi və ya işçinin təhdid edilməsi vəzifəli şəxsə 1500 manatdan 2000 manatadək cərimənin tətbiqi ilə inzibati tənbeh edilməsi ilə nəticələnir.

Zərərçəkmişin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə, Cinayət Məcəlləsinin 151-ci maddəsinə  əsasən cinayət hesab edilir. Bu isə bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Şamil Paşayev,

Norma Hüquq Mərkəzinin direktoru




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir