aliment

Dövlətin aliment dəstəyi – ARAŞDIRMA

Baxış sayı: 604

Ölkəmizdə Aliment Fondunun yaradılması ilə bağlı səslənən təkliflər yeni deyil. İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2021-ci il üzrə məruzəsində Aliment Fondunun yaradılması ilə bağlı təklifin yenidən irəli sürülməsi uzun illərdən bəri həllini tapmayan problemin çözülməsinə səbəb ola bilər. Belə ki, təklif ailələr boşandıqdan sonra uşağın saxlanılması üçün məhkəmə tərəfindən təyin edilən alimentin dövlət tərəfindən ödənilməsini və sonradan borcludan məcburi qaydada alınmasını nəzərdə tutur. Alimentin ödənilməməsi ilə bağlı mövcud problemlərin çoxluğu və həllinin müşküllüyü heç kəsə sirr deyil. Məruzədə aliment tələbinə dair məhkəmə qərarlarının icrası zamanı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətin ayrıca maddədə göstərilməsi, həmin pozuntuya görə cərimə cəzası və pozuntunu törədən şəxsin maddi durumu nəzərə alınmaqla mövcud problemlərin həlli istiqamətində addımlar nəzərdə tutulur.

Təklifin yenidən gündəmə gəlməsinə təkcə dəstək verənlər yox, ümidlə baxanlar da az deyil. Bununla belə, “Aliment Fondu bu sferada mövcud problemləri həll edə biləcəkmi?” sualı da cavabını gözləyir.

 aliment

Dövlətin müdaxiləsinə ehtiyac

Millət vəkili Elman Nəsirov məsələnin kifayət qədər aktual olduğunu bildirir: “Bu təklif ombudsmanın əvvəlki hesabatlarında da yer alıb. Eyni zamanda, Milli Məclisin plenar iclaslarında da millət vəkilləri dəfələrlə bu məsələni qaldırıblar. Nəzərə alsaq ki, bu sahədə müəyyən boşluqlar mövcuddur, onda  problemin nə qədər aktual olduğunu başa düşmək çətin deyil”. Millət vəkili qeyd edir ki, hazırda da ailələrdə boşanma tendensiyası müşahidə olunmaqdadır. Həmçinin erkən nikahlar da cəmiyyəti narahat edən məsələlərdir: “Boşanma faktı ilə üz-üzə qalan ailələrdə aliment problemləri yaşanır. Bir çox hallarda aliment ödəməli olan tərəf cürbəcür bəhanələrlə ödənişi həyata keçirmək istəmir. Bunun üçün obyektiv və subyektiv səbəblər tapırlar. Bu məsələdə ziyan çəkən tərəf isə ana və övladı olur. Bu baxımdan, problemin həllində dövlətin müdaxiləsinə ehtiyac var”. E.Nəsirov hesab edir ki, belə bir fondun yaradılması boşandıqdan sonra tək qalan analara kömək olar: “Məsələnin aktuallığını nəzərə alaraq ombudsmanın hesabatının müzakirəsində mən də bu təklifin lehinə səs vermişəm”.

 aliment

Aliment verməkdən yayınanlar

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev qeyd edir ki, Aliment Fondunun yaradılması ilə bağlı təklif təkcə ombudsmanın hesabatlarında yer almayıb. Eyni zamanda, uzun illərdir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin vətəndaş cəmiyyəti qurumları tərəfindən də fondun yaradılmasının zəruriliyi qeyd olunur: “Vətəndaş cəmiyyətini narahat edən məsələlərdən biri də ondan ibarətdir ki, məhkəmə qərarlarının olmasına baxmayaraq, bir çox şəxslər aliment verməkdən yayınır və ya imtina edirlər. Bəziləri ümumiyyətlə zamanında ölkə ərazisini tərk edib gediblər və onları tapmaq mümkün deyil”. Hüquqşünas hesab edir ki, aliment verilməsində məşğulluqla bağlı məsələlər də öz həllini tapmalıdır: “Bir çox şəxslər iş tapa bilmir. Belə bir vəziyyətdə onlar, təbii ki, aliment ödəmək iqtidarında deyillər. Amma bununla bərabər uşaqlar da böyüməlidir, onlara diqqət olmalıdır. Düzdür, uşaqlara dövlət tərəfindən diqqət ayrılır, müəyyən ünvanlı sosial yardım və digər vasitələrdən istifadə etməklə yoxsulluq həddinin azaldılması istiqamətində işlər həyata keçirilir. Amma Ailə Məcəlləsinə görə, valideynlərin əsas vəzifələrindən biri uşağın qayğısına qalmaq, onun mənəvi tərbiyəsində iştirak etmək, sosial-iqtisadi dəstək göstərməkdir. Bu baxımdan məhkəmələrin çıxardığı qərarlar icra olunmalıdır. Çünki hazırda ölkəmizdə aliment ala bilməyən uşaqlar çoxdur”. Hüquqşünasın fikrincə, dövlətin bu quruma vəsait ayırması aliment ödənməli olan uşaqların daha yaxşı təmin edilməsinə gətirib çıxara bilər: “Aliment Fondu aliment verilməsində fasiləsizliyi təmin edə, eyni zamanda uşaqların normal böyüməsi məqsədilə maliyyə mənbələrindən biri ola bilər. Sonradan aliment ödəməli olan şəxsləri işlə təmin etməklə və ya digər formada onlardan pulun alınması həyata keçirilə bilər. Hazırkı vəziyyətdə isə alimentin verilməməsi ailələri daha çətin vəziyyətə salır, uşağın böyüməsi, təhsili, sosial müdafiəsinin təmin edilməsində çətinliklər meydana çıxır. Hesab edirəm ki, Aliment Fondunun yaradılması bu çətinliyin qarşısını alacaq”.

Aliment

Dövlət, özəl qurumlar, ayrı-ayrı şəxslər…

Ə.Nuriyev bir çox ölkələrdə də oxşar fondların yaradıldığını bildirir: “Bu hər şeydən əvvəl büdcəyə aid olan məsələdir. Azərbaycanın iqtisadi imkanları az deyil. Digər tərəfdən, sosial paketlə bağlı bir çox yüklər artmaqdadır. Eyni zamanda,   işğaldan azad edilən ərazilərin bərpası məsələsi var. Bütün bunlar böyük vəsaitlər tələb edir. Bununla belə, hesab edirəm ki, Aliment Fonduna ayrılacaq vəsait o qədər də böyük olmayacaq. Həmçinin, bu fonda təkcə dövlət deyil, özəl qurumlar, ayrı-ayrı şəxslər də dəstəyini verə bilər. Çünki burda artıq ünvanlılıq vardır – ayrılan vəsait konkret şəxslərə yönəldiləcək. O zaman şəffaflıq və hesabatlılıqla bağı problem də olmayacaq. Ümid etmək istərdim ki, ombudsman, vətəndaş cəmiyyəti və digər qurumlar tərəfindən irəli sürülən bu təklif reallaşmaq imkanını itirməyib”.

aliment

Məhkəmə qərarları olsa belə…

Vəkil Ruslan Vəliyev hesab edir ki, Aliment Fondunun yaradılması ilk növbədə uşaqların hüquqlarının təmin olunmasına kömək edəcək. Belə ki, təcrübədə alimentin ödənilməməsi ilə bağlı çoxsaylı problemlər mövcuddur: “Məhkəmə qərarı var, amma valideyn müxtəlif bəhanələrlə alimenti ödəməkdən boyun qaçırır. Aliment Fondu olduqdan sonra artıq uşağın tələbatı bu qurum hesabına həyata keçiriləcək. Amma problem yenə də qalacaq. Yəni ödəməyən şəxslər yenə pulu ödəməyəcək və Aliment Fonduna borclu qalacaqlar. Sonra dövlət borclu olan, yəni alimenti ödəməli olan şəxsdən ödənişi tələb edəcək”.

Təbii ki, bununla bağlı dövlətin öz tədbirləri olacaq. Hazırda isə vəziyyət belədir: məhkəmə qərarları olsa da, bu tələbin effektivliyi yoxdur. Bu baxımdan, təkcə uşaqları alimentlə təmin edəcək Aliment Fondunun yaradılmasına yox, həm də bu sahədəki köklü problemlərin həlli istiqamətində işlər görməyə ehtiyac var…

 

Təranə Məhərrəmova

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir