Qadinlar

Ölkədə qadınların sayı niyə sürətlə azalır? – EKSPERT RƏYLƏRİ

Baxış sayı: 768

Dövlət Statistika Komitəsinin hesabatına görə, 2022-ci il martın 1-nə Azərbaycanda kişilərlə qadınların xüsusi çəkisi eyni olub, orta hesabla hər 1000 kişiyə 1001 qadın düşüb. Novator.az rəsmi rəqəmlərə əsaslanaraq bildirir ki, son 31 ildə ölkədə hər 1000 kişiyə qadınların sayı 47 nəfər azalıb.

Qadın və kişilərin sayında olan fərqlilik bir çox ölkələrdə var. Onların arasında Avstraliya, İtaliya, Rusiya, Tailand, Monqolustan, Sinqapur, İslandiya, Ukrayna, Litva, Portuqaliyanın adlarını qeyd etmək olar. BMT-nin məlumatına görə, dünyadakı 200-dən artıq millətin 125-i daha çox qadınlardan ibarətdir. Lakin burada da faiz göstəricisi 50,1% -dən 54,2%-ə qədər dəyişir. Azərbaycana gəldikdə isə sovet dövründə ölkəmizdə də qadınların sayı kişilərin sayından xeyli fərqlə çox olub. Lakin sonradan bu fərq azalmağa başlayıb. Məsələn, 1999-cu ildə Azərbaycanda hər 1000 kişiyə 1048 qadın düşdüyü halda, 2009-cu ildə bu göstərici 1021-ə, 2016-cı ildə 1007-ə, 2017-ci ildə 1006-a, 2018-ci ildə 1005-ə, 2019-cu ilin əvvəlində 1003-ə, 2020-ci ilin əvvəlində isə 1002-yə enib. Bu rəqəm 2021-ci ildə də sabit qalıb.

Bəs qadınların sayında azalmanın səbəbləri nədir? Bu prosesin ölkənin demoqrafik vəziyyətinin gələcəyinə hansı mənfi təsirləri ola bilər?

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK BİRLİYİ QURTARA BİLƏR"

Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı qeyd edir ki, hazırkı dəyişikliklərin hələlik demoqrafik təhlükəsi yoxdur: “Əskinə, 2022-ci ildə təqribən qadınlarla kişilərin çəkisi eyni olub. Əslinə qalsa ölkədə oğlan uşaqlarının sayının  daha çox olması demoqrafik prosesləri daha yaxşı tənzimləyər. Yəni oğlan uşağının çox olması demoqrafik tərəfdən müsbət haldır, nəinki mənfi. Çünki adətən oğlan uşaqlarının bir qismi böyüdükdən, orta məktəbi bitirdikdən sonra ölkədən çıxıb gedir. Və yaxud yol qəzalarında, davalı hadisələrdə oğlan uşaqları daha çox ölür, əsgərlik, müharibədə dövründə də həyatını itirənlər olur və sairə. Bu səbəbdən doğulan oğlan və qız uşaqlarının sayı eyni olduqda belə, gənclik yaşlarına çatdıqda artıq kişilərin sayı azalmağa başlayır. Ötən əsrin 80-ci illərində bir elmi  mərkəzin rəhbəri olduğumdan statistika daim əlimdə olurdu. Həmin vaxtlar ölkədə qızların sayı çox idi və bəzi rayonlarımızda, konkret olaraq İsmayıllı rayonunda qızların sayı xeyli çox idi, nəticədə qarımış qız problemi yaşanırdı. Bununla bağlı  araşdırmalarım olub və rəsmi dövlət orqanlarına müraciət də etmişdim.

Beləliklə, hesab edirəm ki, oğlan uşaqlarının sayının çox olması  demoqrafik tərəfdən faydalıdır. Sadəcə burada həyəcan təbili çalınası məsələ oğlan uşaqlarının süni şəkildə çox doğulmasıdır. Bu, çox dəhşətli bir hadisədir. Təsəvvür edin, bu rəqəmlərin arxasında nələr dayanır. Bu, övlad qatilliyi deməkdir. İndi hamilə qadınlar gedib dölü yoxlatdırır, əgər qız olursa, onu kənarlaşdırırlar. İlk öncə körpənin ana bətnində şüalanma almasının hansı təsirləri olduğunu hələ dəqiq bilmirik. İkincisi də valideynlər qatil olmaq qərarına gəlir və ana bətnindəcə uşaqlarını öldürürlər. Öz uşağını öldürən valideynlərdə də istər-istəməz psixoloji dəyişiklik yaranır. Axı insandır. Bəzən qadını buna məcbur edirlər və sonradan qadında ciddi psixoloji problemlər yaranır. İndi təsəvvür edin, bu cür insan kütləsi yaranmağa başlayıb, minlərlə valideyn övlad qatili olur və baş verən psixoloji dəyişiklik cəmiyyətin psixoloji əhval-ruhiyyəsinə təsir edir.

Bu baxımdan yekun olaraq bir daha qeyd edirəm ki, oğlanların çox olması demoqrafik cəhətdən hələlik təhlükəli deyil, amma mənəvi cəhətdən SOS siqnalı çalınası, qorxunc bir hadisədir”.

Mehriban Zeynalova — Vikipediya

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə aşağıdakıları qeyd etdi: “İlk öncə qeyd edim ki, cinsi qız olduğuna görə dölün ana bətnindən kənarlaşdırılması halları artıq azalmağa başlayıb və rəqəmlər də bunu göstərir. Çünki Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər həyata keçirir, nəzarət edir. Hətta azyaşlı hamilə olanda qəyyumu olmadan onlara baxılması, abort edilməsi məsələsinə də ciddi nəzarət olunur. Əlbəttə ki, yol və digər qəzalarda daha çox kişilər dünyasını dəyişir. Həmçinin müharibədə şəhid olurlar. Bütün bunlar  rəqəmlərə təsir edir. Bütün dünyada da tendensiya budur ki, kişilər daha çox dünyaya gəlir. Bu isə selektiv abortların nəticəsində olur. Məlum olduğu kimi, təkcə Azərbaycanda deyil, bir çox, xüsusən də Şərq ölkələrində oğlan uşaqları daha çox sevilir. Hər halda, ölkəmizdə kişilər və qadınların sayının təqribən eyni rəqəmlərə gəlib çıxması yaxşı haldır”.

Mehriban Zeynalova onu da qeyd etdi ki, getdikcə qadınların sayının azalması gələcəkdə demoqrafik partlayış və digər neqativ hallara gətirib çıxara bilər: “Bu, çox ciddi şəkildə əhalinin sayının azalmasına, eyni cinslilərin evlənməsinə və yaxud əcnəbilərlə evliliklərin artmasına gətirib çıxara, genetik koda təsir edə bilər. Yəni bu məsələ bir çox sahələrə, hətta mədəniyyətə də təsir edə bilir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir