Son illərdə təkcə boşanmaların sayı artmayıb, həm də cütlüklərin evli qalma müddəti gözlə görünəcək dərəcədə kəskin azalmağa başlayıb. Əgər 20-30 il əvvəl cütlüklər azı 10-15 il evli qalırdısa, indi bəzən 2-3 aydan sonra boşanma qərarı verilir. Bu da onu göstərir ki, cütlüklərin bir-birini tanımağa, anlamağa səbri çatmır və qısa bir müddətdə boşanmaq qərarına gəlirlər.
Bəs səbəb nədir?
Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu bildirir ki, bu, həqiqətən də çox xoşagəlməz bir haldır:
“Məsələn, hansısa toya dəvət alırsan, 2-3 aydan sonra gənclərin valideynlərindən onların necə dolandığı haqqında soruşursan, cavab verirlər ki, baş tutmadı, gənclər bir-birini başa düşmədi, ailə dağıldı. Adam eşitdiyindən heyrətə gəlir. Bəs bunun səbəbi nədir?
Birincisi, valideynlərin məsləhəti ilə ailə həyatı qurmaq. Yəni valideynlər kimisə məsləhət görür, gəncləri tanış edir və evlilik olur. Gənclər də evlənəndə görürlər ki, dünya görüşləri fərqlidir, valideynlərinin istəyi ilə onların fikri üst-üstə düşmür.
İkincisi isə valideyn məsləhəti olmadan ailə qurmaqdır. Gənclər bir-birini görüb, bəyənir və yaxud, qarşı tərəfin puluna, maşınına görə evliliyə razı olur. Bunları köhnə stereotiplərlə evlənən adlandıra bilərik. Həyat tamam başqa şeydir. Biz bu gəncləri düzgün maarifləndirməmişik. Gəncləri orta məktəbdə, universitetdə yaxşı ailə haqqında məlumat verməliyik. Mən şəxsən bu təcrübəni aparıram. Belə ki, 1-2-ci kurs tələbələrimi bu haqda maarifləndirirəm. Müşahidə edirəm ki, aparılan maarifləndirmə işlərinin təsiri olur.
Yəni bizim bir çox gənclərimiz köhnə stereotiplərə köklənib, müasir dövrün tələbini düzgün hiss etmir.
Üçüncüsü isə tələsik ailə qurmaqdır. Daha sonra cinsi uyğunsuzluq məsələsi var ki, bu da mühüm rol oynayır. Doğrudur, əvvəllər də bu cür hallar var idi, lakin indi mühitin təsiri daha çoxdur.
Həmçinin, ailələrin tez bir zamanda dağılmasında sosial şəbəkələrin də rolu var.
Vəziyyət niyə bu həddə çatıb? Çünki bizim bu məsələlərə metodoloji yanaşmamız düzgün deyil. Dövlət qurumları, QHT-lər, mətbuat, media hələlik köhnə metod, üsullar barəsində müzakirə aparır. Məsələnin qoyuluşu isə tamam başqa olmalıdır. Bilməliyik ki, ailənin əbədi, əzəli funksiyaları var. Bu funksiyalar 500 il də, 50 il də bundan əvvəl eyni idi. Əgər indi cəmiyyət mürəkkəbləşibsə, həssaslaşıbsa biz necə edək ki, həmin əbədi, əzəli funksiyalar işləsin? Bunun üçün elmi tədqiqatlar, yeni ailə modeli haqqında düşünmək lazımdır”.
Xalidə Gəray