Qızım hərdən darıxır, yerində dura bilmir. Onunla oynasam, ona nağıl oxusam da, kifayət etmir. Belə olanda noutbukda türk cizgi filmlərini tapır, qarşısına qoyuram. Qızım tamaşa edə-edə, elə sevinir ki, az qalır hoppanıb düşə. Az keçmir gözləri ekrana tuşlanır və nağıl dünyasına səyahəti başlayır…
Mənsə düşünürəm. Düşünürəm ki, bəs niyə Azərbaycanda yeni cizgi filmləri, animasiyalar yoxdu?! Nə vaxta qədər uşaqlarımız türk dilində, rus dilində, ingilis dilində yayımlanan cizgi filmlərə baxacaq? Niyə mənim qızımın nağıl qəhrəmanları Postacı Metin, Mişa, Cek olacaq? Fatmalar, Əhmədlər hardadı? Bu çox ciddi problemdir.
Sovet vaxtı “Analar və laylalar”, “Ayı və siçan”, “Tıq-tıq xanım”, “Cırtdan”, “Cücələrim”, “Göyçək Fatma”, “Xoruz” kimi “multik”lərimiz vardı. Amma indiki dövrdə bu cizgi filmlərini uşaqlara göstərmək olmur. Həm də inanmıram ki, uşaqlar bu “multik”lərə baxsın. Çünki onlara müasir cizgi filmləri lazımdı. Hər dövrün öz tələbi var. Onlar yeni dövrün uşaqlarıdır və təbii ki, Sovet dövründə çəkilən cizgi filmlərini anlamaqda çətinlik çəkəcəklər.
Azərbaycanda cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərinin əvvəllərinə təsadüf edir. Hələ 1933-cü ildə “Azərbaycanfilm” studiyasının işçiləri kinonun bu növünün istehsalı üçün əvvəlcədən hazırlıq işləri aparmış, Moskvadan lazımi materialları alıb gətirmişdilər. Bəs indi nə dəyişib ki, bizim uşaqlar öz nağıllarına baxa bilmirlər?
Amerikada, Türkiyədə, Rusiyada “şəkilli romanlar” var. Bu cürə kitablar həm uşağın zəkasını inkişaf etdirir, həm də onu əyləndirir. Yaxud da “n” qədər animasiyalar çıxır. Dünya uşaqları kef edir. Bizimkilərsə öz animasiyalarına həsrətdi. 21-ci əsrdəyik, hələ də öz animasiya filmimiz yoxdu. Biabırçılıqdı e… Bəlkə də, var, amma o qədər də məşhur deyil. Düzdü, uşaqlar bunun ağrısını çəkmir. Axı onlar uşaqdı… Nə bilirlər baxdıqları haranın istehsalıdır?
Uşaqlığımda maraqla izlədiyim dünyaca məşhur iki cizgi film vardı – “Nu Poqodi” və “Tom və Cerri”. Amma indiki uşaqlar bunlardan xəbərsizdilər. Qızıma “Tom və Cerri” cizgi filmini göstərirəm, baxmır. Deməli onun balaca beyni, dünyaya baxışı tam başqa cürədir.
Bizim uşaqlığımız 90-cı illərə təsadüf edir. Onda “Tıq-tıq xanım”a baxardıq. Nədənsə, öz cizgi filmlərimizi bir o qədər sevməzdik. Burada da təzadlı nüanslar var. Yoxsa bizdə yaxşı cizgi filmləri çəkilmir?
Cizgi filmləri uşaqların özünü dərk etməsi, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Amma bu, hər cizgi filmə aid edilə bilməz. Bu gün telekanalları zəbt edən qanlı, döyüşlü, davalı multiplikasiyalar uşaq psixologiyasına olduqca böyük zərər verir. Yenicə ətraf aləmlə tanışlığa başlayan uşaq cizgilərdəki münasibəti həyatında da görmək istəyəcək. Ona görə də bu cür şeylərə də diqqət etməliyik. Uşaqlarımız uşaqlıqlarını gözəl yaşamalıdır.
Bu saat sorğu etsəniz ki, ay valideynlər, uşaqlarınız hansı cizgi filmlərinə baxır. Əksəriyyət bu cavabı verəcək: “Maşa və ayı”
Çəkilən cizgi filmlərinin baxış sayına görə ardıcıllığını izləmək üçün “Fəft film”in rəsmi saytına daxil oldum. Araşdırma etdim ki, görüm nə var, nə yox. Burada reklamda “Əriyən ada”, “Ən güclü kimdir?”, “Gəlin birlikdə öyrənək” animasiya filmlərinin adlarını gördüm. Bunlardan isə uşaqlarımız xəbərsizdir. Bu gün internet resursları imkan verir ki, uşaqlar Azərbaycan cizgi filmlərini izləsin. Amma burada da əsasən sovet dövründə və dövlət müstəqilliyimizin ilk illərində çəkilən animasiya filmləri yerləşdirilib. İnternetdə yeni görünən isə “Azan film”in Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkdiyi bir neçə bölümlü “Əlifba” cizgi filmidir. Bu da artıq əlifbanı öyrənən, yazıb-oxumağı bacaran uşaq üçün maraqsızdır. Təəssüflənərək saytdan çıxdım. Onu da vurğulayım ki, cizgi film, animasiya üçün dövlət tərəfindən maddi yardımlar olmalıdır. Müstəqil rejissorlar, ssenaristlər maliyyə ucbatından ideyalarını ekranlaşdıra bilmirlər. Bu çox ciddi məsələdir və uşaqlarımızın inkişafı üçün vacib amildir.
Hələ dərslikləri demirəm. Ədəbiyyat dərsliklərində uşaq şeirləri dəyişməz olaraq qalır. Nə vaxta qədər bizim uşaqlar “Ay pipiyi qan xoruz” şeiri ilə böyüyəcək? Bəlkə də, Azərbaycanda bütün nəslin uşaqları bu şeiri əzbər bilir. Başqa nümunə yoxdur? Bu nə korluqdur, anlamıram. Mən demirəm, bu şeiri dərslikdən çıxaraq, yox. Amma alternativ variantlar da tapmaq olar, yeni, çağdaş dünyayla səsləşən uşaq şeirləri də olmalıdır axı. Bu cür şeirləri Murad Köhnəqala, Sevinc Elsevər, Qəşəm Nəcəfzadə yazıblar. Sadəcə onların yolu dərsliklərdən keçmir. Məsələn, hesab edirəm ki, Murad Köhnəqalanın “Layla” şeiri şedevrdi. Uşaqların bu şeirdən xəbəri olmalıdır.
Yəqin ki, mən özüm fərdi olaraq qızımı bu şeirlərlə tanış edəcəm. Bəs başqaları nə etsin? İndi nə edək? Özümüz animasiya filmləri çəkək? Belə getməz. Gərək öz dünyamızın rənglərindən uşaqlara pay verək. Köhnə əsrlərdə qalmışlarla yetinməyək.
Uşaqlarımız milli ruhda, milli kimlikdə yetişməlidir. Azərbaycan dilini gözəl bilməlidir. Bunun da başlanğıcı cizgi filmlərdən başlayır. Bu yazıdan sonra ümid edirəm ki, bəzi qurumlar bunları nəzərə alacaq. Ümid edək və gözləyək…
Oğuz Ayvaz