nikah muqavilesi

Nikah yaşı qaldırılmalıdırmı?

Baxış sayı: 304

Bu gün azyaşlıların erkən yaşda evləndirilməsi nəinki Azərbaycanda, bütün dünyada problem olaraq qalmaqdadır. Bununla bağlı qlobal müstəvidə bir sıra hüquqi addımlar atılsa da, problem hələ də tam həllini tapmayıb. Ölkəmizdə də bir sıra regionlarda xüsusilə qız uşaqlarının erkən yaşda evləndirilməsi halları ilə tez-tez rastlaşırıq. Bəs, görəsən, qanunvericiliklə Azərbaycanda evlilik yaşı neçədir? Hansı hallarda erkən nigaha qanuni icazə verilir? Dünya ölkələrində rəsmi evliliyə icazə hansı yaşda verilir? Azərbaycanda nikah yaşı artırıla bilərmi?

Qeyd edək ki, Azərbaycanda evlilik yaşı Ailə Məcəlləsi ilə müəyyən olunur. Qanunvericiliyə əsasən, həm oğlanlar, həm də qızlar18 yaşı tamam olduqda rəsmi nikaha daxil ola bilərlər. Digər hallarda nikaha daxilolma erkən nikah hesab edilir və müvafiq qanunvericiliyə əsasən belə nikahlar etibarsız sayılır. 18 yaş 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son həddir, uşaqların nikaha daxil olması insan hüquqlarının pozulması hesab olunur. Lakin Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, üzrlü səbəblər olduqda nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanlarının xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər.

 

Dünya təcrübəsi nə deyir?

Bu gün dünyanın əksər ölkələrində rəsmi nikah yaşı 18-dir. Məsələn, ABŞ-ın əksər ştatlarında evlənmə yaşı 18-dir.  İngiltərədə də bu rəqəm 18-dir, amma valideynin razılığı olarsa gənclər 16 yaşında da rəsmi nikaha daxil ola bilərlər. Almanyada da rəsmi nikaha daxil olma yaşı 18-dir, valideyn razılığı və məhkəmə qərarı olduqda nikah yaşının 2 ilə qədər azaldılması mümkündür. Türkiyedə 2002- ci ildən etibarən nikah yaşı 18-dir. Amma valideynin razılığı olarsa, gənclər 17 yaşında evlənə bilərlər. Təcili hallarda isə məhkəmə qərarı ilə bu nikah yaşı 16-ya endirilə bilər. Dünyada nikah yaşının ən yüksək olduğu ölkə Çindir. Bu ölkədə oğlanların  22, qadınların isə 20 yaşında rəsmi olaraq evlənməsinə icazə verilir.

 

Gənclərin stimullaşdırılmasına ehtiyac var

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova deyir ki, ölkəmizdə nikah yaşının 18 olması beynəlxalq normalara uyğundur: “Bu günün dünyanın əksər ölkələrində nikah yaşı 18-dir. Hesab edirəm ki, bu doğru bir rəqəmdir. Çünki o yaşda insan artıq yetkin şəxsiyyət hesab olunur. Əvvəllər Azərbaycanda nikah yaşı 17 idi. Sonradan bu məsələ beynəlxalq normalara uyğunlaşdırıldı. Amma o demək deyil ki, mən onunla razıyam ki, mütləq şəkildə 18 yaşdan sonra hamı nikaha daxil olsun. Yəni, burada artıq şəxslərin məlumatlandırılması, həyata, təhsilə karyeraya stimullaşdırılması kimi məsələlərə diqqət yetirmək lazımdır. Bu da müəyyən proqramlar, layihələr çərçivəsində artırıla bilər. Amma qadınların yaş həddinin artırılması, tutaq ki, 25-ə çatdırılması digər mənfi hallara gətirib çıxaracaq. Məsələn, qanunsuz nikahlara apara bilər. Onsuz da qanunsuz nikahların fəsadlarından əziyyət çəkirik. Bu baxımdan düşünmürəm ki, nikah yaşını yenidən artırmaq məqsədəuyğundur. Bu bir inkişaf mərhələsidir, şəxslərin özü artıq bununla bağlı qərar verməlidir. Yəqin müşahidə edirsiniz ki, indi qızların çoxu gec ərə gedirlər.Və düşünürlər ki, öz işləri, yaxşı karyeraları olsun. Bu da bir problemdir, yaş keçir, ailə qurmaq məsələsi problemə çevrilir. Hesab edirəm ki, bütün bu nüanslar təhlil edilməlidir. Kor-koranə nikah yaşını artırmaq olmaz”.

 

“Yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik”

Məsələyə münasibət bildirən millət vəkili Məlahət İbrahimqızı da deyir ki, bu gün Azərbaycanda həm oğlanların, həm də qızların nikaha daxil olma yaşı 18-dir: “Bizdə əvvəllər qızlar üçün bu hədd 17 yaş idi. Sonradan Mehriban xanım Əliyevanın təsəbbüsü ilə haqlı olaraq qızların nikah yaşı artırıldı. Hesab edirəm ki, bu hədd beynəlxalq standartlara uyğundur. Bu gün dünya ölkələrinin əksəriyyətində nikah yaşı məhz 18-dir. Hesab edirəm ki, bu həddi 20-21-ə qaldırsaq belə, erkən nikahla bağlı ciddi bir irəliləyiş əldə edə bilməyəcəyik. Biz ancaq bununla bağlı müvafiq təhlillər apararaq onun əsasında maarifləndirmə tədbirləri həyata keçirməliyik. Erkən nikahla bərabər təhsildən yayınma ilə bağlı vəziyyət araşdırılmalıdır. Yoxsa yaşı artırmaqla, endirməklə heç nəyə nail ola bilmərik. Məsələn, biz nikah yaşını artırdıq. Nə baş verdi? Erkən nikah aradan qalxdımı? Əlbəttə ki, yox. Yenə də nikaha daxil ola bilməyənlər gizli yaşayırlar və s. İctimaiyyət də bəzən belə məsələlərə göz yumur, ictimai qınaq zəifdir. Ona görə vəziyyət dəyişməyib. Eyni zamanda bununla bərabər boşanmalar da artır”.

 

Sevinc Osmanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir