nikah

Nikaha daxil olmada yaş həddinin yüksəlməsinin müsbət və mənfi təsirləri

Baxış sayı: 603

Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda rəsmi nikaha daxil olan kişi və qadınların orta yaş həddi artmaqda davam edir. Məsələn, 2018-ci ildə rəsmi nikaha daxil olan kişilər arasında ən yüksək orta yaş həddi qeydə alınmışdı. Belə ki, həmin il nikaha daxil olan kişilərin orta yaşı 29 idi.

Bəs görəsən, nikaha daxil olmada yaş həddinin yüksəlməsinin cəmiyyətdə müsbət və mənfi təsirləri nədir?

Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, yaş həddi artıb, bu da ölkədəki sosial-iqtisadi problemlərlə bağlıdır:

ehmed qesemoglu

“Gənclərimiz evlənmək üçün lazım olan şəraiti özlərinə yaratmaq istəyirlər. Əsasən də oğlan uşaqları bu sahədə daha mühafizəkar olurlar. Ev almaq, yaşamaq üçün normal maaşlı işlə təmin olmaq kimi məqamları düşünürlər. Qızlar da təhsillə bağlı, müxtəlif karyera axtarışında bir qədər əvvəlki kimi tez ailə qurmağa meyilli deyillər. Bunun müsbət tərəfi odur ki, insanlar bir qədər dünyanı dərk edib ailə qururlar. Ancaq burada onu da demək lazımdır ki, yaş artdıqdan sonra əksər insanlar “ailə qurmaq lazımdır daha” deyib ailə qururlar. Bunun da sonradan fəsadları olur. Statistika onu göstərir ki, boşanmaların sayı da artıb. Hər 100 nikahdan 30-u boşanma ilə nəticələnir. Bu, o deməkdir ki, heç də bir-birini tanıyıb, dərk edib ailə qurulmayıb. Ona görə də müsbət tərəfindən danışmağa dəyməz. Mənfi tərəfi özünü sosial və psixoloji aspektdə göstərə bilər. Yəni erkən ailə qurmağın da öz fəsadları olur. Erkən ailə quranda fərdlər psixoloji və bioloji cəhətdən tamamlanmamış olurlar. Yaş keçdikcə insanların başına daha çox hadisələr gəlir və bu, onda ruh düşkünlüyünə gətirib çıxarır. Ailə qurmaq yaşının artması müsbət hadisə deyil”.

Ə. Qəşəmoğlu dünya praktikasındakı vəziyyət barədə də fikir bildirdi. O, qeyd etdi ki, tam dəqiq statistika yoxdur:

“Avropada ailə institutları başqa vəziyyətdədir. Onlardan nəsə götürmək düzgün olmazdı. Ailə institutları arzuolunan səviyyədə deyil. Bunu sözgəlişi demirəm. Bir əyani misal üzərində izah edim. Hollandiyada bir sosioloqun evində qonaq idim. Onun 46-47 yaşı var idi. Biz tərcüməçi ilə getmişdik. O, özü bizə qulluq edirdi. Və birdən dedi ki, indi yəqin düşünürsən bunun arvadı hanı? Sonra güldü və dedi: “Yoldaşımın başı xarab olub, bir cavan oğlana vurulub, gedib. Ancaq heç vecimə də deyil. Bilirəm ki, tezliklə səhvini başa düşəcək və geri dönəcək”. Mən də təccüblə sual etdim ki, qayıdıb gələndə evə hansı xəstəliklər gətirəcək? O zaman bir az fikrə getdi. Qaldı ki, şərq ölkələrinə. Onlarda da vəziyyət yaxşı deyil. Müsəlman ölkələrində müharibə, dağıntılar o qədərdir ki, heç onlarda statistika aparmağa vaxt olmur. Amma yenə də yaş artımı müşahidə olunmalıdır. Qloballaşmanın getdiyi vaxtda  ailə qurmadan karyera qurmaq barədə düşünürlər. Dünyada da yaş artımı müşahidə olunur”.

Sosioloq yaş həddinin artmasının genefond üçün təhlükəli olacağını bildirir: “Genefond üçün yaxşı vəd vermir. Yaşlı evliliklərdə valideynlər uşaqlara baxma üçün də o qədər enerjili olmurlar. 23-24 yaş ilə, 30-35 yaş arasında böyük fərqlər yaranır. İnsan eyni zamanda sosial bir varlıqdır. Başı sosial işlərə qarışanda ailəyə diqqət azalır. Uşaqların tərbiyəsində, ailənin möhkəmlənməsində ciddi təsirlər yaradır”.

 Vefa Ekber

Psixoloq Vəfa Əkbər isə düşünür ki, 18-19 yaşında ailə quranlar da var. Ancaq tendensiya fərqli istiqamətlərə yönəlib:

“Bu statistika 2000-ci illərdə daha çox özünü biruzə verirdi. İnsanlar ayağa qalxmaq üçün, dirçəlmək üçün onlara daha çox vaxt lazım idi. Onlar sosial qayğılardan qurtulub ailə həyatı qururdular. Əslində müəyyən yaşdan sonra qurulan ailələr daha fundamental olur. Gənclər status üçün evlənirsə ailə təməli çox zəif qurulur. Ad xətrinə, həmkar və çevrələrindəki insanların görməsi üçün baş tutan ailələr gec-tez mənfi nəticələrə gətirib çıxarır. Normal və vaxtında, öz seçimləri ilə qurulan ailələrdən sağlam övladlar da dünyaya gəlir. Mənfi tərəfləri isə odur ki, yaş ötür, ruhun yaşlaşması da baş verir. Erkən nikahların isə mənfi təzahürləri daha çoxdur”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir