is

Yaşamımızın terapiyası

Baxış sayı: 584

Son zamanlar sosial şəbəkələrdə yaşam koçları (kouç) populyarlaşmaqdadırlar. Xeyli insan özünü yaşam koçu kimi təqdim edərək xidmətlərini təqdim edir. Xeyli insan da onların xidmətlərindən yararlanmağa can atır. Amma yaşam koçları ilə bağlı suallar da var. İnsanlar düşünürlər ki, kimləri yaşam koçu kimi qəbul etmək olar? Bəzən yaşam koçu ilə psixoloqlar qarışdırılır.

 

İnsanları bədbəxt edən səbəblər çoxalır

Sosioloq Sahib Altay hesab edir ki, bu sahəni xüsusi bir elm kimi qəbul etməyə ehtiyac yoxdur: “Texnologiyanın inkişafı nəticəsində insan psixologiyasında paranoyya halları artır. Texnoloji yeniliklər insanlar arasındakı sosial münasibətlərə zərbə vurur, insanları bədbəxt edən səbəblər çoxalır. Bununla bağlı da yaşam koçluğu kimi cərəyanlar ortaya çıxır. Bu sahəni xüsusi cərəyan kimi qəbul etdirmək istəyirlər. Amma insanların bir-biri ilə fikir mübadiləsi aparıb, anlaması elə yaşam koçluğudur”.

Hər hansı bir filosof da dövründə yaşam koçluğu edirdi

Ekspert bildirdi ki, əslində, yaşam koçluğu əvvəllər də mövcud olub: “Yaşam koçluğu bizə Türkiyədən gəlib. Orada bu sahə son zamanlar çox məşhurdur. Yaşam koçluğunun leksik mənası motivasiya terapiyasıdır. Bir şəxsin müəyyən məqsədləri və ya travmaları var, içində rahatlıq tapmaq istəyir və koça müraciət edir. Koç da onu dinləyir, anlayır və motivasiya verir, heç bir dərmandan istifadə etmədən, yalnız təbii seanslarla müalicə predmeti seçir. Hər hansı bir filosof da dövründə yaşam koçluğu edirdi. İnsanlar onu dövrün mütəfəkkiri kimi tanıyır, ümid bağlayır, qəbuluna gedirdilər. Eyni şeyi kahinlərə, din xadimlərinə də şamil etmək olar”.

S.Altayın sözlərinə görə, yaşam koçluğu seansları əzbərçi mahiyyət daşıyır: “İnsanları seansla anlamaq mümkün deyil. Bir insan psixologiya ixtisası üzrə oxuyub psixoloq ola bilər. Çünki nəzəriyyə keçir, insanlarla tanış olur. Yaşam koçluğu isə sadəcə təcrübəyə əsaslanır”. Sosioloqun fikrincə, yaşam koçluğunu psixologiyadan fərqləndirmək istəyirlər: “Əslində isə, fərqli deyil, sadəcə, elmi əsaslanma yoxdur. Yaşam koçluğu bir az nəzəri psixologiyadan, bir az da meditasiya nəzəriyyələrindən təsirlənib”.

 

Yaşam koçu ümumi prosesi qiymətləndirir

Psixoloq Orxan Oruc bildirdi ki, koç sözü türk mənşəlidir, köçmək sözündəndir: “Köçürən, aparan, yol göstərən mənalarında işlədilir. Bizim ölkəmizdə bu söz yenidir. Son vaxtlar çoxalmasının səbəblərindən biri cəmiyyətimizdə insanların kollektiv təfəkkürdən fərdiliyə keçməsilə bağlıdır. Çünki artıq hər kəs problemlərini özü həll etməyə çalışır, karyerasını, uğurunu, hansı yolla gedəcəyini özü müəyyənləşdirir. Bu məqamda kənar peşəkar xidmətlərə ehtiyac yaranır”.

O.Orucun sözlərinə görə, yaşam koçu ilə psixoloq fərqli anlayışlardır: ”Psixoloq bu sahə üzrə təhsil almış, psixikanın xüsusiyyətlərinə bələd olan, insanın hiss və duyğularını, psixi proseslərini başa düşən, elmi əsaslı məlumatlara yiyələnmiş bir şəxsdir. Lakin koçun belə bir təhsili olmadığına görə onlar insanın hiss və emosiyalarının altında yatan mənalardan daha çox, ümumi prosesi qiymətləndirirlər”.

Psixoloq qeyd etdi ki, ölkəmizdə koçlara nəzarət yoxdur, fəaliyyətlərinin qiymətləndirilməsi aparılmır: “Düşünürəm ki, qeyri-hökumət təşkilatları, təhsil müəssisələri, cəmiyyət bu kimi xidmətlər təklif edən şəxsdən ilk növbədə psixologiya ilə bağlı təhsilin olub-olmamasını sorğulamalıdır. Təhsil deyəndə 1-2 aylıq, 3 günlük kurslar və sertifikatları nəzərdə tutmuram”.

 

“Düşünürlər ki, yaşam koçudursa, psixologiyadan xəbəri yoxdur”

Yaşam koçu Fidan Əliheydər isə hesab edir ki, yaşam koçu mənəvi inkişaf bələdçisidir: “Yaşam koçu insanların problemini həll etməkdə onlara dəstək olan, motivasiya verən şəxslərdir. Yaşam koçluğu ilə bağlı dünyada bakalavr və ya magistr təhsili yoxdur. Sertifikat verən beynəlxalq federasiyalar var. Professional yaşam koçu olmaq üçün onların təhsil proqramını bitirmək lazımdır. Beynəlxalq təşkilatların təhsil proqramını bitirənlər nəinki yaşam koçluğu, həm də psixologiya təhsili alırlar. Amma bizdə elə başa düşürlər ki, yaşam koçudursa, psixologiyadan xəbəri yoxdur. İndi əksər psixoloqlar yaşam koçluğu təhsili də alırlar”.

F.Əliheydər bildirdi ki, yaşam koçu psixologiyanı da bilməlidir: “Yaşam koçunun psixoloqdan fərqi ondan ibarətdir ki, psixoloq olmaq üçün ən azı 4 illik bakalavr təhsilin olmalıdır. Yaşam koçluğunda isə belə bir tələb yoxdur. Yaşam koçu doğru suallar verərək, şəxsin özündə cavabların olduğunu üzə çıxarır, daxili potensialı kəşf etməsinə kömək olur”.

 

Hansı hallarda yaşam koçuna gedək?

Yaşam koçunun sözlərinə görə, insanlar müxtəlif mövzularda bu mütəxəssislərə müraciət edə bilər: “İnsanlar ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək, emosiyaları idarə etmək, sağlam münasibətlərin qurulması, şəxsi performansın, həyat məmnunluğunun artırılması, karyera planının yaradılması, maliyyə durumunun yaxşılaşdırılması, dəyişən vəziyyətlərə uyğunlaşma, iş və şəxsi həyat balansının qurulması, vaxtı idarə etmək, özgüvəni bərpa etmək, mənfi vərdişləri müsbətlərlə əvəz etmək, yaradıcılığın artırılması, stressin öhdəsindən gəlmək, sağlam həyat tərzinə qovuşmaq, həyat keyfiyyətini yaxşılaşdırmaq kimi mövzularda yaşam koçuna müraciət edə bilərlər”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir